Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Peyğəmbərimizin sevmədiyi 4 xüsusiyyət

Həzrəti Muhamməd (Ona Allahın salamı olsun!) sözləri və işləri ilə daim xeyir və fəziləti tərənnüm etmişdi. O, səltənət, hökmranlıq eşqində deyildi. Təvazökarlıq və sadəlik onun xasiyyətinin əsasını təşkil edirdi. Əshabına deyərdi:

"Xristianlar həzrəti İsanı həddindən artıq təriflədikləri kimi, siz də məni mədh etməkdə çox irəli getməyin. Mən Allahın bir quluyam. Mənim haqqımda Allahın qulu və Rəsulu deyin".

Bir dəfə həzrəti Peyğəmbərimiz əsasına dayanaraq qohum-əqrəbasının yanına gəldi. Hamı ayağa qalxdı. O, bu hərəkətdən razı qalmadı və nəsihət edərək bu sözləri söylədi:

"Yadların bir-birinə təzim üçün elədiyini siz mənə qarşı etməyin və mənim üçün ayağa qalxmayın".

O, ətrafındakı adamlarla şirin-şirin söhbət edər, hətta bəzən zarafatlaşardı.

Gördüyü uşaqları sevər, onların başına sığal çəkər, kiçikləri qucağına alardı. Azad insan, kölə, varlı kasıb - kim olursa-olsun, bütün insanlar onun nəzərində bərabər idi. Hamı ilə hal-əhval tutar, xətirini soruşardı. Mədinənin kənar məhəllələrindəki xəstələrə baş çəkməyə gedərdi. Rastlaşdığı adamların ona salam verməsini gözləmədən özü onlara birinci salam verərdi. "Aranızda salamlaşmağı yayın ki, bir-birinizi sevəsiniz", deyərdi. Namaz qıldığı zaman belə birisi onun yanına bir iş üçün gəldiyi zaman namazını qısa kəsərək onu gözlətməz, istədiyini öyrənərdi. Hamıya gülər üzlə, şirin dillə cavab verərdi. Dodaqlarında hər zaman xoş bir təbəssüm olardı.

Ailə həyatında da gözəl rəftarı ilə hamının könlünü alar, heç kimi incitməzdi. Evində boş oturmaz, ya pal-paltarını təmizləyər, başmağını yamayar, ya da qoyunlarını öz əli ilə sağardı. Heç işsiz oturmazdı. Həzrəti Xədicə ona:

- Ya Əbül Qasim, özünü yorma, evdə iş görənlər var, sən dincəl, - deyərdi.

O, sevimli zövcəsinin bu iltifatından məmnun qalar və ona belə cavab verərdi:

- Ya Xədicə, bu dünyada dörd şeydən heç xoşum gəlmir: qorxaqlıq, xəsislik, tənbəllik, bir də pintilik.

Sevgi, məhəbbət onun bütün varlığına hakim kəsilmiş, onu bürümüşdü. Ehtiyacı olan insan gördüyü zaman qəlbi sızlayar, özü və ailəsini bir tərəfə qoyub ona əlindən gələn yardımı edərdi. Ona əl açanları geri çevirməz, evində, eşiyində olan-qalan nə varsa verərdi. Hətta özündə veriləcək bir şey olmayanda borc alıb verərdi.

Son dərəcə təvazökar idi. Xidmətçisi ilə yemək yeyər, oturub söhbət edərdi. Evinə gələn qonaqlara özü xidmət edərdi. Həbəşistan kralı tərəfindən bir heyət gəlmişdi. Onlara özü xidmət etməyə başlayanda ətrafdakılar etiraz etdilər.

- Bəsdir, ya Rəsulullah, - dedilər.

- Bunlar bizim əshabı-kirama çox hörmət etdilər, ilk mühacirləri yaxşı qarşıladılar. Mən onlara bunun əvəzini şəxsən vermək istəyirəm.

O, belə vəfalı bir adam idi. Hamını yaxşılıqla yad edərdi. Bəşəriyyətin ən çox mərhəmətə möhtac olan sinfinə - yoxsullara və zavallılara qarşı qəlbi son dərəcə yumşaq idi. Onların sınıq könüllərini almağı ən böyük fəzilət hesab edərdi. Xüsusilə kiçik uşaqları çox istəyərdi. Namaz qılanda nəvələri Həsənlə Hüseyn Onun belinə dırmaşar, amma O hirslənməz, onlara bir şey deməzdi.

Onun sevgisi yalnız insanları əhatə edən bir sevgi deyildi. O, heyvanlara, bütün canlılara qayğı ilə yanaşardı. Qapısını cırmaqlayan pişiyə öz əli ilə qapı açardı. Xəstə xoruzu sağaltmaq üçün müalicə edər, atını tumarlayaraq sevərdi. Susuz bir köpəyə başmağı ilə quyudan su çəkib verən kəsə cənnətə gedəcəyini müjdələmişdi. Bir pişiyi ac qoyan qadının bundan ötrü əzab görəcəyini söyləmişdi. Bitki və ağac məhəbbətini də xüsusilə tövsiyə edirdi. Susuz qalmış bir ağaca su tökən insana Allah-Taalanın mükafat verəcəyini xəbər vermişdi. Hər bir canlının sevgiyə möhtac olduğunu təkrar edərdi.

 

İbrətli söhbət

Şeytanın hiyləsi

Şeytan xidmətçi sifəti ilə böyük bir övliyanın qapısına gəlir və 20 il ona xidmət göstərir. Bir dəfə necə olursa, şeytan həmin övliyanı hansısa günah işə təşviq etmək istəyir. Övliya acıqlı bir şəkildə "rədd ol burdan, məlun şeytan!" deyir. Şeytan artıq maskasının düşdüyünü anlayır və açıq söhbətə gedir:

- Mənim şeytan olduğumu nə zaman öyrəndin?

- İlk gəldiyin gündən mən səni tanımışam.

Şeytan üslubunu dəyişdirərək başqa bir istiqamətdən hücuma keçir:

- And içə bilərəm ki, bu zamana qədər gördüyüm, tanıdığım, qapısında xidmət etdiyim insanların heç biri sənin qədər imanlı, Allaha bağlı olmayıb. Bu iyirmi ildə mən nə qədər əlləşdimsə, səni haqq yoldan bir addım da azdıra bilmədim.

Övliya daha da sərtləşir:

- Ey məlun! İyirmi ildə edə bilmədiyini indi bir andamı eləmək istəyirsən? Nə düşünürsən, elə bilirsən ki, sənin bu riyakar üslubuna, tərifli sözlərinə, zəhərli dilinəmi aldanacam? Dəf ol qapımdan, gözüm səni görməsin.

 

Cənnətdəkilər nəyə üzülürlər?..

Milli.Az yeniavaz.az-a istinadən bildirir ki, insan cənnətdə o qədər xoş duyğular yaşayır, rahat olur ki, bunu başqa heç bir şey ilə müqayisə etmək mümkün deyil. Bəziləri cənnət haqqında düşünərkən ağıllarına bəsit mənzərələr gətirir, hansısa bağı, bağçanı cənnət adlandırırlar. Bütün bunlar bir tərəfə qalsın, hətta içində Allah-Taalanın haram buyurduğu şeylər yeyilib-içilən yerlərə də cənnət adı verirlər. Əlbəttə, Allahımızın haram buyurduğu şeylərlə mükafat olaraq bildirdiyi cənnəti bir araya gətirmək özü də bir başqa qəbahətdir. Cənnətdən bəhs edərkən Qurani-Kərim bildirir ki, bu dünyada insanın təsəvvürü cənnəti təsvir edə, təxəyyülü xəyal edə bilməz. Yəni biz nə qədər gözəl düşünsək, təsvir eləsək belə, yenə cənnət bizim bildiyiyimizdən daha üstün, daha gözəl olacaq.

Amma cənnətdə də insanın üzüləcəyi tək bircə məqam var: insan həyatının xronologiyasına baxacaq və orada Allah-Taalanın: "Qulum mənə dua eləsin, onun günahını bağışlayım. Qulum məndən istəsin, onun istədiyini verim" kimi neçə məqamların boşa getdiyini görüb üzüləcək.

İnsan cənnətdə tək ona üzüləcək ki, bəzi zamanlarda Allahın o böyük lütfünü başının üstündə hiss edib ona can atmayıb.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...