Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

İşğal ediləcək ÖLKƏLƏR, böyük müharibəyə qalan 3 GÜN… - HƏFTƏNİN SİYASİ XÜLASƏSİ

Dünən Bakıda IV İslam Həmrəyliyi Oyunlarına start verilib. ABŞ Ermənistanda parlament seçkilərinin saxtalaşdırılmasında iştirak edən şəxslərə qarşı sanksiyaların tətbiqi prosesinə başlayıb. Rusiya Ermənistanda yerləşən 102-ci hərbi bazasından Suriyada həyata keçirdiyi hərbi əməliyyatlar üçün istifadə etməyi planlaşdırır. Şimali İraq regional kürd müxtariyyəti müstəqillik üçün referendum hazırlıqlarına başlayıb. ABŞ prezidenti Donald Tramp Suriyada İŞİD-lə döyüşən kürd qruplaşmaların silahlandırılmasına dair planı təsdiqləyib. Vaşinqtonun qərarı Ankara tərəfindən sərt qarşılanıb.

Dünən Bakı Olimpiya Stadionunda IV İslam Həmrəyliyi Oyunlarının rəsmi açılış mərasimi keçirilib. Yarışa qatılacaq 54 ölkənin 3000-dən artıq atleti 21 idman növündə 269 dəst medal uğrunda mübarizə aparacaq.

İşğalçı Ermənistan daha bir təxribata əl atıb. Ermənistan hərbi birləşmələri Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ ərazisində hərbi parad keçirib.

Xankəndində indiki saatlarda başlayan paradda müxtəlif texnikalar nümayiş olunub. Paradda Ermənistan prezidenti Serj Sarkisyan, müdafiə naziri Viqen Sarkisyan, qondarma DQR-in “prezidenti” Boka Saakyan və din xadimləri iştirak ediblər.

"Birmənalı surətdə bildiririk ki, bu məsələdə "Mossad" adlı qurumun heç bir fəaliyyəti olmayıb". Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən ermənilərə işləyən qrupun guya "Mossad" təşkilatının köməkliyi ilə aşkar edilməsi barədə bəzi KİV-də gedən məlumata münasibət bildirilərkən qeyd edilib.

"Düşmənlə məxfi əməkdaşlığa cəlb olunmuş bir qrup hərbi qulluqçu və mülki şəxslərin aşkar edilməsi və ifşa olunması Müdafiə Nazirliyinin müvafiq qurumları tərəfindən edilib”, - mətbuat xidmətindən bildirilib.

Qeyd edək ki, mayın 7-də Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti Ermənistan xüsusi xidmət orqanları ilə əməkdaşlığa cəlb edilmiş bir qrup hərbçi və mülki şəxsi həbs edib.

Ermənistan-Rusiya birgə qoşun qruplaşmasının komandanı, general-mayor Andranik Makaryan iddia edib ki, birgə qoşun birləşmələri Qarabağda müharibə olacağı halda dərhal müdaxilə edəcək. Erməni general birgə qoşun növünün Ermənistan prezidentinin əmri ilə hərəkətə keçəcəyini də iddia edib.

Rusiyalı hərbi ekspert Aleksandr Xramçik erməni generalın dediklərinin doğru olmadığını bildirib.

“Rusiya və ABŞ arasındakı fikir ayrılıqlarına baxmayaraq, hər iki ölkə Qarabağ münaqişəsinin nizama salınmasında sıx əməkdaşlıq edir”. Bu barədə ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Riçard Hoqland deyib.

Erməni ekspertlər amerikalı həmsədrin bu açıqlamasını Vaşinqtonun Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasında yeni gediş hazırlığı kimi şərh ediblər.

“Türkiyə Şimal-Atlantika İttifaqının üzvü olaraq Azərbaycanda aktiv hərbi-siyasi fəaliyyəti inkişaf etdirir və bununla Rusiya üçün təhlükə yaradır”. Bunu “İnterfaks” agentliyinə müsahibəsində Ermənistanın müdafiə naziri Viqen Sarkisyan deyib.

O həmçinin qeyd edib ki, Ermənistan ictimaiyyəti Rusiyanın Azərbaycana silah satmasına xüsusi diqqət yetirir: “Hər dəfə bu silahlar veriləndə Ermənistanda ciddi emosiyalar yaradır. Biz Rusiya ilə həqiqətən müttəfiqik. Bunu hər kəs bilir. Əgər Rusiya silahı nəticəsində disbalans olarsa, bu, konfliktdə risk yaradacaq. Məncə, bu, ilk növbədə Rusiyanın əlinə işləmir”.

Azərbaycanın işğal olunmuş torpaqlarında qondarma DQR rejimi yaradan Ermənistan Şuşanı bu rejimin “paytaxtı” etmək istəyir. Bu barədə ermənipərəst “Regnum” agentliyi öz mənbəsinə istinadən məlumat yayıb. Mənbə deyib ki, qondarma rejimin “paytaxtı”nın Xankəndindən Şuşaya köçürülməsi prosesi başlanıb.

Rusiya Qarabağda öz hərbi bazasını yerləşdirməyi planlaşdırır. Ermənistanın “lragir” saytı öz mənbələrinə istinadən xəbər verir ki, Moskvanın nəzərdə tutduğu baza İranla sərhəddə olacaq.

Mənbələr sayta Rusiyanın planının detallarını açıqlayıb.

Rusiya Ermənistanda yerləşən 102-ci hərbi bazasından Suriyada həyata keçirdiyi hərbi əməliyyatlar üçün istifadə etməyi planlaşdırır.Rusiya xarici işlər naziri Sergey  Lavrov bir neçə gün öncə İŞİD-ə qarşı mübarizədə Ermənistan, Tacikistan və Qırğısıztandakı hərbi bazalardan istifadə edilə biləcəyini açıqladı.

Erməni ekspertlər hesab edirlər ki, Rusiyanın Suriyadakı əməliyyatlarında Gümrüdəki bazadan istifadə etməsi Ermənistanı terrorçuların hədəfinə çevirəcək.

Ermənistan prezidenti Serj Sarkisyanın ötən ay Rusiya ilə Gümrüdə birgə hərbi sənaye kompleksi yaratmağı müzakirə etdikləri ilə bağlı açıqlaması ABŞ-da və NATO rəhbərliyində narahatlığa səbəb olub. “Washington exanimer” nəşri Kapitoli təpəsində bunun Rusiyanın NATO-ya qarşı növbəti addımı kimi qəbul edildiyini yazıb.

ABŞ Ermənistanda parlament seçkilərinin saxtalaşdırılmasında iştirak edən şəxslərə qarşı sanksiyaların tətbiqi prosesinə başlayıb. “Jamanak” qəzeti öz mənbələrinə istinadən yazır ki, sanksiyalar tətbiq ediləcək şəxslərin adı “qara siyahı”ya salınacaq və onların ABŞ-a girişi qadağan olunacaq.

Türkiyə, Suriya

"Ölüm cəzası bərpa olunacağı halda, Türkiyənin Avropa İttifaqında yeri olmayacaq". Bu haqda Avropa Komissiyasının prezidenti Jan-Klod Yunker Almaniyanın “Rheinische Post” qəzetinə açıqlamasında deyib.

Türkiyə-Avropa İttifaqı müzakirələrinin “de-fakto” dondurulmuş vəziyyətdə olduğunu deyən ölüm cəzasının bərpası məsələsini Avropa İttifaqı üçün “bütün qırmızı xətlərin ən qırmızısı” adlandırıb.

Suriyada təhlükəsizlik zonaları üzrə memorandumun icrasında BMT-nin himayəsi altında hərbi güclərin iştirakı istisna edilir. Bu haqda Suriyanın xarici işlər naziri Vəlid Əl-Muəllim deyib.

“Bu zonalarda qurulacaq monitorinq mərkəzlərində atəşkəsin qarantı kimi Rusiyanın hərbi polis gücləri yerləşdiriləcək”, - suriyalı nazir Dəməşqdə mətbuat konfransında bildirib.

Qeyd edək ki, Suriyada atəşkəsin qarantı olan ölkələr mayın 4-də Suriyada 4 təhlükəsizlik zonasının yaradılması üzrə razılığa gəliblər.

İsrail üçün Suriyada ən yaxşı həll variantı Prezident Bəşər Əsədin hakimiyyətdə qalmasıdır. Bunu jurnalistlərə açıqlamasında İsrail ordusunun Baş Qərargah rəisi Dan Halutz söyləyib.

“Hazırda Əsədin hakimiyyətdə olması bizim üçün ən doğru həll variantıdır. İsrail Əsəd rejiminə terror təşkilatlarını məhv etməyinə izn verməlidir”, – deyə o bildirib.

Qeyd edək ki, Halutz bu açıqlama ilə Əsədə dəstək verən ilk İsrail rəsmisi olub.

ABŞ prezidenti Donald Tramp mayın 9-da Suriyada İŞİD-lə döyüşən kürd qruplaşmaların silahlandırılmasına dair planı təsdiqləyib. Pentaqondan verilən məlumata görə, Rakkada İŞİD üzərində qələbəni təmin etmək məqsədi ilə ABŞ Müdafiə Nazirliyinə kürd qruplaşmaların silahlandırılmasına dair səlahiyyət verilib.

ABŞ prezidenti Donald Trampın Rakka əməliyyatı üçün PKK terror təşkilatının Suriya qolu olan PYD-nin silahlı qanadı YPG-yə ağır silah və sursatların çatdırılması barədə qərarı Ankarada şok effekti yaratdı.Hazırda Türkiyənin  atacağı addımları maraqla gözlənilir.

Yaxın Şərqdə Türkiyəsiz qərar verilə bilməz. Bunu jurnalistlərə açıqlamasında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan söyləyib.

“Yaxın Şərqdə Türkiyəsiz qərar verilməməlidir. Türkiyənin fikrini almadan qərar verənlər bunun qarşılığını çox ağır ödəyirlər. Onlar həm iqtisadi, həm də insan itkisi verirlər”, – deyə o bildirib.

ABŞ PKK-nın Suriya qolu olan PYD-nin silahlı qanadı YPG-yə veriləcək ağır silahlarla əlaqədar Türkiyəyə təhlükəsizlik zəmanətləri verib. “New York Times” nəşrinin yazdığına görə, ABŞ-ın Türkiyəyə verdiyi zəmanətlər aşağıdakılardır:

ABŞ Ankaranın sərt reaksiyasına baxmayaraq Rakka əməliyyatında istifadə etməyi planlaşdırdığı YPG terror qruplaşmasına ağır silahların çatdırılmasına iki həftə sonra başlayacaq.

Son 11 ayda YPG-yə (PKK terror təşkilatının Suriya qanadı olan PYD-nin silahlı qanadı – red.) silah çatdıran ABŞ rəsmî icazədən sonra ilk ağır silahları mayın 26-dan etibarən bölgəyə çatdıracaq.

Türkiyənin narahatlığını başa düşürük və bu narahatlığı aradan qaldıracağıq. Bu sözləri ABŞ-ın Müdafiə naziri Ceyms Mettis deyib. Mettis Türkiyənin cənub sərhədinin təhlükəsizliyinin təmin olunması üçün rəsmi Ankara ilə işbirliyi quracaqlarını bildirib.

Türkiyə mayın 11-də ilk dəfə uzaqmənzilli raket sınağı həyata keçirib. Bu barədə Türkiyənin müdafiə naziri Fikri İşıq deyib. O, ilk uzaqmənzilli Bora raketini Sinop bölgəsində uğurla sınaqdan keçirdiklərini açıqlayıb. 610 millimetr çaplı “Bora” raketi yüksək texnologiya əsasında hazırlanıb.

Almaniya hakimiyyəti Suriya və İraqda qərb koalisiyasının əməliyyatlarına NATO-nun iştirakı haqqında ABŞ-ın təklifini öyrənəcək. Bu haqda Almaniya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Martin Şefer bildirib. O qeyd edib ki, Almaniya hökuməti daha əvvəllər bu təklifə qarşı çıxırdı.

“Ancaq hazırda ABŞ-dakı yeni administrasiya ilə əlaqədar həm Suriyada, həm də İraqda vəziyyətin dəyişikliyi müşahidə olunur”, - Martin Şefer deyib.

İŞİD terror təşkilatı ələ keçirdiyi rus casusun başını kəsib. Rusiyalı casusun ölüm anını lentə alan İŞİD görüntüləri mayın 9-da yayıb. Rus casusun boğazının kəsildiyi 12 dəqiqəlik videoda daha 3 rus əsgərinin səsləri eşidilib.

ABŞ-Rusiya, Qərb-Rusiya münasibətləri

ABŞ Prezidenti Donald Tramp Federal Təhqiqatlar Bürosunun rəhbəri Ceyms Komini istefaya göndərib. Tramp Komiyə göndərdiyi məktubda onu FTB-ni effektiv idarə etməkdə günahlandırıb.

Qeyd edək ki, Komi 2013-cü ildən FTB-yə rəhbərlik edirdi.

KİV Ceyms Kominin istefaya göndərilməsi ilə Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Vaşinqtona səfərinin eyni vaxta düşməsinə diqqət çəkir. FTB direktoru ABŞ-da ötən il keçirilən prezident seçkilərinə Rusiya mümkün müdaxiləsi ilə bağlı araşdırmaya görə cavabdeh şəxs idi. Lakin Ağ Ev istefanın Rusiya, o cümlədən Lavrovun səfəri ilə bağlı olduğu barədə iddiaları rədd edir.

“Fox News” telekanalı Federal Təhqiqatlar Bürosunun (FTB) başçısı postuna iddiaçıların adlarını açıqlayıb. Kanal iddiaçıların adlarını özünün Tvitter səhifəsində yerləşdirib.

Mayın 10-da Vaşinqtona gedən Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ prezidenti Donald Tramp və amerikalı həmkarı Reks Tillersonla görüşüb. ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Xizer Nauert deyib ki, Sergey Lavrovla görüşdə Reks Tillerson Minsk razılaşmalarının icrasına qədər Rusiyaya qarşı sanksiyaların saxlanılacağını bildirib.

“Rusiya prezidenti Vladimir Putin Almaniyada keçiriləcək parlament seçkilərində Angela Merkelin yenidən kansler seçilməməsini qarşısına məqsəd qoyub”. Bunu Kremlin tənqidçisi, Rusiya müxalifətçisi Harri Kasparov “Bild” nəşrinə müsahibəsində deyib.

Rusiya “Qərb-2017” genişmiqyaslı təlimlər zamanı Avropa istiqamətində, xüsusilə Polşa və Litvaya qarşı hücum əməliyyatlarını yerinə yetirməyə hazırlaşır. Bu haqda Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksandr Turçinov bildirib.

“Təlimlərdə Kalininqrad dəhlizinin yaradılmasının təqlid edilməsi nəzərdə tutulur. Bu, reallıqda Litva və Polşaya qarşı təcavüzsüz ötüşmək mümkün deyil”, - o deyib.

Qeyd edək ki, bu “Qərb-2017” təlimləri ilə bağlı ilk analoji bəyanat deyil.

 

Rusiya və Çin kəşfiyyatları 2017-ci ildə ABŞ üçün əsas təhlükələr olacaq. Bu haqda Senatda keçirilən dinləmələrdə ABŞ Milli Kəşfiyyat İdarəsinin direktoru Deniyel Kouts bildirib.

“2017-ci ildə Birləşmiş Ştatlar xarici kəşfiyyat tərəfindən kompleks təhlükə ilə qarşılaşacaq. Hesab edirik ki, imkanlarına, niyyətlərinə və fəaliyyət miqyaslarına əsaslanaraq, əsas təhlükə əvvəlki kimi Rusiya və Çindən çıxacaq”, - Milli Kəşfiyyat İdarəsinin Senatın kəşfiyyatı üzrə komitəsinə təqdim etdiyi məruzədə deyilir.

ABŞ kəşfiyyatının rəhbərliyi xəbərdarlıq edir ki, regional miqyasda təhlükə cənubi və şərqi Asiya ölkələri, həmçinin Latın Amerikası ölkələrinin kəşfiyyatları təşkil edəcək.

ABŞ və Rusiya arasında davam edən gərginlik fonunda Moskvadan Vaşinqtona növbəti xəbərdarlıq edilib.Rusiya prezidentinin köməkçisi Yuri Uşakov kəşfiyyat işlərinin aparılması səbəb göstərilərək bağlanılan Rusiya diplomatik nümayəndəliklərinin binalarının geri verilməsini tələb edib. Yuri Uşakov ABŞ-a xəbərdarlıq edərək bildirib ki, əks halda Moskva lazımı tədbirləri görəcək.

Britaniya KİV-i ötən gün qeydə alınan genişmiqyaslı hakerhücumda “Rusiya izi”nin mövcudluğuna işarə edirlər. “Telegraph” nəşri “Shadow Brokers” haker qrupunun ABŞ-ın Suriyaya raket zərbələrindən dərhal sonra kompüterləri virusla yoluxdurmağa başladığını yazıb.

ABŞ Milli Təhlükəsizlik Agentliyinin eks-əməkdaşı Edvard Snouden isə iddia edir ki, qlobal kiberhücumda onun keçmişdə işlədiyi qurum iştirak edib. “Bu virus Milli Təhlükəsizlik Agentliyinin laboratoriyalarında hazırlanıb. Bu zərərli proqrama nəzarətin əlindən çıxacağı ilə bağlı MTA-nı çoxdan xəbərdar edirdilər. Böyük ehtimalla, düşünülən olub”, – deyə o bildirib.

Ukrayna

ABŞ prezidenti Donald Tramp Ağ Evdə Ukraynanın xarici işlər naziri Pavel Klimkinlə görüşüb. Bu haqda Ukraynanın ABŞ-dakı səfirliyinin feysbuk səhifəsində dərc edilmiş bəyanatda deyilir.

Görüşdə Klimkindən başqa, Ukraynanın ABŞ-dakı səfiri Valeri Çalıy və ABŞ-ın vitse-prezidenti Maykl Pens iştirak edib.

Rusiya 2015-ci ildən qərb sərhədində üç yeni diviziyanın yaradılmasına başlayıb. Rəsmi məlumatlara görə, hər diviziyada 10 min əsgər olacaq. Ukraynanın Liga.net saytı NATO-nun birləşmiş silahlı qüvvələrinin keçmiş baş komandanı, general Filip Bridlava istinadən real rəqəmin daha yüksək olduğunu yazıb.

Mayın 11-də Avropa İttifaqı Şurası Ukraynaya vizasız rejimi təsdiq edib. Ukrayna prezidenti Pyotr Poroşenko “1+1” telekanalına müsahibəsində vizasız rejimi Ukrayna üçün “Rusiya imperiyasından boşanma” adlandırıb.

"Kiyev Ukrayna nümayəndə heyəti ABŞ-ın ali rəhbərliyilə görüş üçün 400 min dollar ödəyib". Bu iddia ilə Ukrayna Ali Radasının deputatı Andrey Artemenko çıxış edib. “Ukrayna tərəfi bu görüş üçün məşhur Amerika lobbi şirkətinə Ukrayna xalqından oğurlanmış 400 min dolları ödəyib”, - Artemenko Feysbuk səhifəsində yazıb.

“Rusiya ilə yenidən birləşmə Donetsk Xalq Respublikasının hədəfidir”. Bunu Ukraynanın şərqində yaradılan “Donetsk Xalq Respublikası” separatçı rejimin başçısı Aleksandr Zaxarçenko “inteqrasiya komitəsi”nin iclasında deyib.

“Vətənlə yenidən birləşmə bizim hədəfimizdir. Bu vətən Rusiyadır. Komitənin son məqsədi və bütün işi yalnız vətənə qayıdışa yönəlib”, - separatçıların lideri bildirib.

Daha əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov qeyd edib ki, Rusiya Donetsk və Luqansk “xalq respublikaları”nı öz tərkibinə daxil etməyə çalışmır.

Koreya böhranı

ABŞ Şimali Koreyaya qarşı sonuncu kartını işə salır. Vaşinqton “Koreya Xidməti Mərkəzi” yaradır. Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) məlumatına görə, bu mərkəz Şimali Koreya təhlükəsinə qarşı istifadə ediləcək.

"ABŞ və Cənubi Koreya Koreya Xalq Demokratik Respublikasının liderinə sui-qəsd cəhdinə görə üzr istəməli və günahkarları cəzalandırmalıdır". Bunu Şimali Koreyanın Rusiyadakı səfiri Kim Xen Çjun bildirib.

Səfir həmçinin bildirib ki, Cənubi Koreya kəşfiyyatı və Mərkəzi Kəşfiyyat İdarəsi ilə Şimali Koreya liderinin öldürməyə cəhd edən şəxsi satın alıblar. Səfiri Kim Çen Inı öldürmək istəyən şəxsə 20 min dollar ödənildiyini bildirib. Qeyd edək ki, bir müddət öncə Şimali Koreya liderinə qarşı sui-qəsdin qarşısının alındığı bildirilir.

Qüds yəhudilərin və İsrailin əbədi paytaxtıdır.Bunu Likud Partiyasının toplantısında  çıxışı zamanı İsrailin Baş naziri Benyamin Netanyahu söyləyib. “Amerika da daxil olmaqla, bütün səfirliklər Qüdsə köçürülməlidir. Onların olması gərəkən yer məhz Qüdsdür”, – deyə o bildirib.

Qeyd edək ki, İsraillə Fələstin arasında ən ciddi mübahisələrdən biri Qüdslə bağlıdır. Hər iki ölkə bu şəhəri müqəddəs sayır və paytaxtı hesab edir.

İsrail Baş naziri Benyamin Netanyahunun HƏMAS-ın keçən həftə yayımladığı doktrinasına münasibətini əks etdirən video yayımlanıb. O, doktrinanı əzərək zibil qutusuna atıb.

Qeyd edək ki, HƏMAS keçən həftə yeni doktrinasını yayımlamışdı. Bu doktrinada HƏMAS Müsəlman qardaşlarından ayrıldığını, İsrailin məhv edilməsi planından əl çəkdiyini, 1967-ci il sərhədləri çərçivəsində Fələstin dövlətinin qurulmasını dəstəklədiyini bildirmişdi.

Əgər Ər-Riyad bizə qarşı düşünmədən hərəkət etsə, o zaman İran Məkkə və Mədinədən başqa Səudiyyə Ərəbistanının bütün ərazisini məhv edəcək. Bunu jurnalistlərə açıqlamasında İran Müdafiə naziri Hüseyn Dehqan söyləyib.

Şimali İraq regional kürd müxtariyyəti müstəqillik üçün referendum hazırlıqlarına başlayıb. Bu haqda muxtariyyətin başçısı Məsud Bərzaninin məsləhətçisi Hemin Havrami İngiltərənin “The Times” qəzetinə açıqlamasında deyib.

O, mövzunun Məsud Bərzani ilə ABŞ-ın vitse-prezidenti Mayk Pens arasında da müzakirə olunduğunu bildirib. Havrami referendumun Kərkükü də əhatə edəcəyini söyləyib. Hemin Havrami İngiltərə Xarici İşlər Nazirliyi ilə də anışıqların aparıldğını vurğulayıb.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...