Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Prezident İlham Əliyev işğaldan azad edilmiş kənddə - FOTOLAR

Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası artıq başa çatıb. Mynews.az AzərTAc-a istinadən xəbər verir ki, iyunun 14-də Azərbaycan Prezidenti İlham Əliyev yenidən qurulan Cocuq Mərcanlı kəndində görülən işlərlə tanış olub, sakinlərlə görüşüb.

İlham Əliyevin Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə səfəri yeni salınan kənd yolunun açılışı ilə başlayıb. Dövlət başçısına məlumat verilib ki, yolun ümumi uzunluğu 9 kilometr, eni 12 metrdir. İki hərəkət zolaqlı yolun tikintisi prezident İlham Əliyevin bu ilin fevralında imzaladığı “Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə gedən avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncama əsasən həyata keçirilib. Strateji əhəmiyyəti ilə seçilən bu yolun inşası zamanı zəruri olan yerlərdə su keçidləri tikilib, uzunluğu 24 metr olan ikiaşırımlı mövcud körpü bərpa edilib. Yol üzərində 76 yol nişanı və məlumatverici lövhələr quraşdırılıb, piyada zolaqları, yol-cizgi və yolgöstərici xətləri çəkilib.

Sonra prezident İlham Əliyev Cocuq Mərcanlı kəndinin bərpası çərçivəsində görülən işlərlə tanışlıq zamanı kənd sakini Oqtay Həziyevin evində olub. Səkkiz nəfərlik bu ailə təhlükəli olmasına baxmayaraq, 1994-cü ilin aprelindən kənddə yaşayır. Birinci mərhələdə kənddə 10 hektar ərazidə 50 fərdi evin və müvafiq infrastrukturun tikintisi aparılıb. Tikilmiş evlərə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndindən olan və əsasən Bakı şəhərində müvəqqəti məskunlaşmış məcburi köçkünlər köçürüləcək. Ümumi sahəsi 3850 kvadratmetr olan mənzillərin 20-si ikiotaqlı, 25-i üçotaqlı, 5-i isə dördotaqlıdır.

Prezident İlham Əliyev Oqtay Həziyevin ailə üzvləri ilə söhbət edib.

Sonra Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev müdafiə naziri Zakir Həsənov, baş qərargah rəisi Nəcməddin Sadıqov və ikinci korpusun komandiri Mais Barxudarovla görüşüb. Daha sonra dövlət başçısı yeni inşa olunan 96 şagird yerlik məktəblə tanış olub. Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov və Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov Prezident İlham Əliyevə məlumat veriblər ki, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu tərəfindən görülən işlər nəticəsində kənddə küçələrdə işıqlandırma sistemi qurulub, su, qaz, telefon xətləri çəkilib, subartezian quyusu qazılıb, 100 kubmetrlik su anbarı inşa edilib. Yollara və səkilərə asfalt örtüyü salınıb, yaşıllaşdırma işləri aparılıb. Kənddə müasir standartlara cavab verən yeni yarımstansiya inşa edilib. Yeni Komplekt Transformator Məntəqəsi, həmçinin subartezian quyusuna xidmət edəcək transformator quraşdırılıb.

Bununla da Cocuq Mərcanlı qaçqın və məcburi köçkünlər üçün inşa edilmiş sayca 96-cı, məcburi köçkünlərin öz yurdlarına qaytarıldığı ilk yaşayış məskəni kimi tarixə düşüb. Qeyd edək ki, Cocuq Mərcanlı kəndində hazırda 400 ev təsərrüfatı, 1428 sakin qeydiyyatdadır. Kəndin əhalisinin əksəriyyəti yığcam şəkildə Biləsuvar rayonu ərazisində salınmış məcburi köçkün qəsəbələrində məskunlaşıb. Respublikanın 17 şəhər və rayonunda müvəqqəti yaşayan həmin ailələrdən 250-dən çoxu müraciət edərək öz yurdlarına qayıtmaq arzusunda olduqlarını bildiriblər.

Prezident İlham Əliyev səfər çərçivəsində həmçinin hərbi məktəblərin kursantlarının bir qrupu ilə görüşüb.

Prezident İlham Əliyevin tapşırığına əsasən Cocuq Mərcanlı kəndində Şuşa məscidinin bənzəri olan məscid tikilib. 

Məsciddə yaradılan şəraitlə tanış olan dövlət başçısına məlumat verilib ki, 50 sot ərazidə inşa edilən məscidin minarələrinin hündürlüyü 26 metrdir. Azərbaycan və Şərq memarlığının nadir incilərindən sayılan tarixi Şuşa məscidinin bənzəri olan bu dini ibadətgahda dindarlar üçün hər cür şərait yaradılıb. 

Sonra Prezident İlham Əliyev kəndin ərazisini gəzib.

Qeyd edək ki, qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həlli üçün son 23 ildə 6 milyard manatdan çox vəsait sərf olunub. Ümumilikdə indiyədək 95 müasir qəsəbə və çoxmərtəbəli binalardan ibarət yaşayış kompleksi salınıb. Bunun da 95 faizi son 13 ildə inşa edilib. Görülən işlər nəticəsində 50 min ailənin və ya 250 min nəfər qaçqın və məcburi köçkünün mənzil şəraiti yaxşılaşdırılıb. Hazırda 80 min ailə və ya 340 min məcburi köçkünün mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyac var. Bu il Tərtər rayonunda 1170 məcburi köçkün ailəsi üçün dördmərtəbəli 34 yaşayış binasının tikintisinin başa çatdırılması nəzərdə tutulur. Artıq Abşeron rayonunun Masazır və Ramana qəsəbələrində yaşayış binalarının tikintisinə başlanılıb, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın iştirakı ilə Qaradağ rayonunda 1026 məcburi köçkün ailəsi üçün yeni yaşayış kompleksinin təməli qoyulub.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...