Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Erməni yalanı üzə çıxdı - Gümrü bazasında 4 gizli anbar var

Ermənistanın Gümrü şəhərində yerləşən 102-ci baza Rusiyanın Cənubi Qafqazdakı ən böyük hərbi bazasıdır.

"Ölkə.Az" xəbər verir ki, hərbi bazanın döyüş heyəti İrəvan və Gümrü qarnizonundan ibarətdir. İrəvan qarnizonuna İdarəetmə Qrupu, 09321 saylı hərbi hissə, 126-cı motoatıcı alay, 123-cü motoatıcı alay, 3624-cü aviasiya bazası, hospital, mənzil-təchizat hissəsi, qarnizon məhkəməsi və rabitə mərkəzi daxildir. Gümrü qarnizonuna isə 128-ci motoatıcı alay, 124-cü motoatıcı alay, 988-ci zenit raket alayı (S-300 ZRK) və 992-ci artilleriya alayı tabedir. Bazanın nəzdində əlahiddə tank, kəşfiyyat, təmir, mühəndis-istehkam, radiasiya-kimyəvi və bakteroloji mühafizə taborları, tank əleyhinə divizion, radioelektron, tibb, komendant bölükləri, prokurorluq, televiziya mərkəzi və s. fəaliyyət göstərir.

Gümrüdəki 102-ci rus hərbi bazası, sovet dövründə el arasında "Ленинаканская военная часть" adlanırdı. Peyk vasitəsilə çəkilən kadrlara baxanda görünür ki, hərbi bazanın quruluşunda heç nə dəyişməyib. 

Ermənilər hazırda bildirir ki, "İsgəndər" komplekslərini ruslar hərbi bazalarında yerləşdirə bilməzdilər, çünki orada bağlı gizli anqar mövcud deyil.

Amma hərbi bazanın girişindən sol tərəfə (Türkiyə ilə sərhəd olan yerə, 126-ci motoatıcı alayın yeri) gedəndə, sovet vaxtından qalma 4 yeraltı anqar orada yerləşirdi.

Mümkün deyil ki, o anqarlar ləğv edilsin, orada saxlanılmasın.

Sovet dövründə 126-cı alayda xidmət edən Vəliyev Qorxmaz Nüsrət oğlu bildirir ki, ermənilər indi yalandan desə də ki, "İsgəndər" raket komplekslərini orada saxlamaq mümkün deyil, elə bir anqar yoxdur, bu külliyən yalandır. Orada xidmət edərəkən hərbi bazada 4 anqar mövcud idi və o anqarlarda silah-sursat saxlanılırdı.

İndi də orada çox rahat şəkildə "İsgəndər" kompleksini saxlamaq mümkündür.

Bu hərbi bazanın Azərbaycandan daha çox Türkiyə üçün yaradıldığı deyilir. 102 saylı hərbi baza Erebunidəki Rusiya hərbi-hava qüvvələri bazası və Ermənistanın 4-cü ordusu əsasında Türkiyəni çəkindirmək üçün yaradılıb. Deməli, birləşmiş hərbi qruplaşmanın da hədəfi Türkiyəni Qarabağ konfliktinə müdaxilədən çəkindirməkdir.

Bir müddət əvvəl Ermənistan-Rusiya birgə qoşun qruplaşması yaradıldı. Ermənistan-Rusiya birgə qoşun qruplaşmasının komandanı, general Andranik Makaryan bir sıra sərsəm açıqlamalar verdi. Erməni generalın iddiasına görə, onun rəhbərlik etdiyi hərbi birləşmə Dağlıq Qarabağdakı əməliyyatlara qoşula, hətta Putinin göstərişi olmadan belə bunu edə bilər.

Ancaq rusiyalı ekspertlər erməni generalının bu iddiasını cəfəng adlandırdı. Rusiyalı hərbi ekspert, Moskvadakı Siyasi və Hərbi Tədqiqatlar Mərkəzinin direktor müavini Aleksandr Xramçixin bildirib ki, qərarlar birgə qəbul olunacaq. Qərarda iki ölkənin də razılığı olmalıdır. Hərbi ekspert onu da bildirib ki, müharibə bilavasitə Ermənistan ərazisinə toxunmayınca, Rusiya çətin ki Qarabağ istiqamətində hansısa addım atsın. Əgər hərbi əməliyyatlar Ermənistan ərazisinə toxunsa, o halda mümkündür ki, qruplaşma Qarabağ cəbhəsinə cəlb edilsin.

Son zamanlar Azərbaycan ordusunun durmadan təlimlər keçirməsi erməni tərəfini təşvişə salıb. Ermənilər bu təlimləri aprel hadisələrindən əvvəlki təlimlərlə müqayisə edərək, Azərbaycanın müharibəyə hazırlaşdığını iddia edirlər. Hətta bəzi ekspertlər təlim adı ilə Azərbaycan tərəfinin cəbhə bölgəsinə qoşun və silah-sursat yığdığını bildirirlər.

Erməni tərəfinin Rusiya ilə birgə qoşun qruplaşması yaratmasından sonra Türkiyənin də Azərbaycanda baza yaradacağı gündəmə gəlib. Azərbaycan və Türkiyə qoşunlarının Türkiyədə təlimlər keçirməsi isə Ermənistanı daha da təşvişə salıb.

 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...