Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

ABŞ səfirliyi: Zəhra və nənəsinin ölümü çox ağır faciədir

“Zəhra Quliyeva və onun nənəsi Sahibə Quliyevanın ölümü, Sərvinaz Quliyevanın isə yaralanması on illər ərzində bu münaqişədən zərər çəkən bütün insanların əziyyətləri və ölümləri kimi çox ağır faciədir”.

Mynews.az xəbər verir ki, bu barədə APA-ya ABŞ-ın Azərbaycandakı səfirliyindən iyulun 4-də Füzuli rayonunun Alxanlı kəndinin atəşə tutulmasını şərh edərkən bildirilib.

Səfirlikdən qeyd olunub ki, həmin gün baş verən hadisə bir daha göstərdi ki, hər iki tərəf bir araya gəlməli və münaqişənin sülh yolu ilə həlli istiqamətində danışıqlar aparmalıdır:  “Bu münaqişənin hərbi yolla həlli yoxdur. Məsələni irəli aparan yeganə variant danışıqlar vasitəsilə nizamlama yolunu tapmaqdır", - deyə səfirlikdən bildirilib. 

İyulun 4-də, saat 20:40 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndi minaatanlardan və qumbaraatanlardan atəşə tutulub. Ermənistan tərəfinin bu təxribatı nəticəsində kənd sakinləri - 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və onun nəvəsi, 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olublar.

1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı isə yaralanıb.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...