Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

"Bu tarixdə möcüzə ola bilər" - Aprel döyüşçüsü açıqladı... - VİDEO

Bu gün aprel döyüşlərinin iştirakçısı,  baş leytenant Kamil Musəvinin doğum günüdür.

Metbuat.az doğum günündə onunla söhbətləşib:

- Təqdimatınızın hansı formada olmasını istərdiniz? 

- Məni Qarabağ əlili, qazisi kimi təqdim edirlər. İstərdim məni yaralı zabit kimi təqdim etsinlər. Əlil sözünü qəbul edə bilmirəm. Özümü əlil hesab etmirəm. Əlil deyəndə sanki insanlar düşünür ki, bu əlildirsə, yararsızdır. Sabah döyüş başlasa, ora atılmağa hazıram. Döyüşə atılmağa hazır insan niyə əlil hesab olunsun?!

- Ramil Səfərovla dostluğunuz necə başlayıb?

- Ramil Səfərovla dostluğum tədbirlərin birindən başlayıb. Çevrilib mənə baxdı, "İgidin adını eşit, üzünü görmə. İndi qismət oldu görmək" dedi. Çox səmimi, dəyərli insandır. Ramil Səfərovla şəkil paylaşanda bəziləri şərhlərdə yazmışdı ki, ermənini yatan yerdə öldürüb. O cür düşünənlər bəlkə də erməniyə işləyən adamlardır, erməni qanı olan adamlardır. Mən isə yazdım ki, bizim üçün önəmli olan onu hansı şəraitdə öldürmək yox, niyə öldürməyidir. Bayrağımıza, millətimizə, torpağımıza sataşanla o cür davranılmalıdır.

- Düşmənlə necə davranmaq lazımdır?

- Düşmənlə elə düşmən kimi davranmaq lazımdır. Xocalıda, işğal olunmuş torpaqlarımızda ermənilərin təkcə cavan, qoca deyil, eyni zamanda körpələrlə amansız davranışları adamın gözünün qarşısından necə gedə bilər. Biz onlarla necə normal davrana bilərik? Necə vicdansız olasan ki, uşağa əlin gələ, onu öldürəsən. Başımıza bu bəlaları gətirənlərlə hər hansı münasibət qəbuledilməzdir.

- Vətənpərvərlik tərbiyəsi üçün nə çatışmır?

- Televiziyalar vətənpərvərlik məsələsinə çox az toxunur. Vətənpərvərlik elə bir hissdir ki, onu insanın canına, qanına yedirmək lazımdır. Xidmət illərində əsgərlərimizə sual verirdim ki, müharibə başlasa gedərsənmi? Görürdüm ki, narazıçılıq edənlər var ki, "mən niyə getməliyəm, vətən mənə qalıb?" Mənim qaçqın qohumum yoxdur. Xidmət göstərdiyim illərdə onların psixologiyasını dəyişməyə çalışdım. Bəzən sual olur ki, niyə qazaxlı gedib Qazaxda xidmət eləmir, bakılı Bakıda xidmət eləmir? Azərbaycanın hər yeri bizimdir deyə düşünməliyik. Düşmən var gücü ilə hücuma keçsə, belə çıxır ki, qazaxlı, yaxud bakılı gedib Tərtərdə vuruşmamalıdır? Vətənpərvərlik hissi cəmiyyətə daha çox aşılanmalıdır. Yeniyetmə və gənclər vətən üçün ölümə belə getməyə hazır olmalıdır. Məsələyə ilk olaraq ailədən başlanılmalıdır. İnsanın özündən də çox şey asılıdır. İnsan özünü gərək qorxaq öyrətməsin. Məsələn, elə əsgərlər var idi ki, düşmən güllə atanda deyirdi ki, ona cavab vermək lazım deyil. Bunu onunla əlaqələndirirdilər ki, cavab versəm o daha da çox atəş açmağa başlayacaq.

- Dostlarınız arasında şou-biznes nümayəndələri var?

- Hərbçi, polis dostlarım çoxdur. Şou-biznesdəkilərlə mənimki tutmur. Şou-biznes və hərbi fərqli, bir-birinə tərs mütənasib sahələrdir.

- Dostlarınızın sizə münasibətində dəyişiklik görmüsünüz?

- Dostlarım baş verən hadisələrdən sonra mənə daha çox diqqət göstərirlər, əlaqə saxlayırlar. Nəyəsə ehtiyacım olub-olmadığını soruşurlar. Onların yanımda olmağı mənə ən böyük köməkdir. Onlara desəm ki, məni çiyninizə götürün, onu da edərlər. Mənə qayğı, diqqət göstərən hər kəsə minnətdaram.

- Vətən xainlərilə necə davranmaq lazımdır?

- Bütün ölkələrdə vətən xainləri, vətənini sevənlər və sevməyənlər var. Elələrinə düşmən gözü ilə baxmaq lazımdır. Onlara lazımi cəzalar verilməlidir. İnanıram ki, onlara lazımi cəza veriləcək.

- Dövlət qayğısı hiss edirsiz?

- Mənə dövlət tərəfindən kompensasiya, maddi yardım göstərilib. Ayaq protezimin düzəldilməsi üçün Türkiyəyə göndərildim. Göz məsələsi də yaxın vaxtlarda Allahın köməkliyi ilə həllini tapar. Ya Türkiyə, ya da digər dövlətdə əməliyyat olunacam. Xəbər gözləyirəm.

- Doğum günündə almaq istədiyiniz ən böyük hədiyyə nədir?

- Bir az qəribə səslənə bilər, amma doğum günümdə torpaqlarımızın işğaldan azad olunmasını istəyərdim. Ermənilərin torpağımızda rahat şəkildə oturmasını qəbul edə bilmərəm. İstədikləri kimi torpağımızda gəzir, təlim keçir, güllə atırlar. Aprel döyüşləri nəticəsində istədiyimiz yüksəklikləri (Lələtəpə, Talış yüksəkliyi) geri qaytardıq. Ermənilər əllərində texnika ola-ola postu atıb qaçdı. Qısa zamanda böyük uğur əldə etdiyimizə görə inanıram ki, iyulun 1-dən 6-na qədər möcüzə ola bilər.

- Son vaxtlar ermənilər hərbi təlimləri artırıb. Azərbaycan və Ermənistan ordusu arasındakı fərq?

- Azərbaycan ordusunun silah-sursat üstünlüyü onsuz da göz qabağındadır. Bizim üçün əsas silahın olmağı deyil. Güllə atmağa qeyrət lazımdır. O da ki, bizim xalqımızda var. Xalqımla qürur duyuram. Qarabağ müharibəsi, 20 Yanvar hadisəsi göstərdi ki, azərbaycanlılar arasında yaba ilə, çomaqla vuruşanlar da olub. Əsas olan döyüş ruhudur, qeyrətdir.

- İdmanı atıb hərbini seçməklə peşmançılıq hissləri yaşamısınız?

- Xeyr, kəşfiyyatçı olmaq mənim uşaqlıq arzum idi. Məhəllədə uşaqlarla oynayanda ancaq kəşfiyyat xarakterli oyunlar oynayırdıq. Kəşfiyyatçı olmaqla doğma torpaqlarımıza ayağımın dəyməsini çox istəyirdim. Dostlar yanında qürurla deyirəm ki, mənim ayağım dəyən torpaqlara sizin ayağınız dəyməyib.

- Hazırda idmanla məşğul olursunuz?

- Sərbəst güləşlə məşğul olurdum. Qazax Olimpiya İdman Kompleksində məşq eləyirəm. Sentyabrdan Bakıda atıcılıq üzrə təlimlərə başlayacam. Hələ ki, hava istidir deyə gözləyirəm.

- Özünüzə vaxt ayıra bilirsiniz?

- Özümə o qədər də vaxt ayıra bilmirəm. Əsasən dostlar, yoldaşlarla vaxt keçirirəm. Tək qalmağı xoşlamıram.

- Nə sizdə psixoloji gərginlik yarada bilər?

- Hövsələsizəm. Hövsələsiz insan tez əsəbləşir. İstəyirəm hər şey vaxtında, tez olsun.

- İnsanların sevgisini hiss etmək sizə nə verir?

- Analiz etməyi xoşlayıram. Mənə dəstək olanlar olmayanlardan daha çoxdur. Şəhərdə insanlar məni tanıyıb yaxınlaşanda çox sevinirəm, bu, mənə qürur hissi yaşadır.

- Özümü reklam etdiyini deyənlər var...

- Bəzən fotolara gələn şərhlərdə kimlərinsə məni özümü reklan eləməkdə günahlandırması pisimə gəlir. Mənə təsir edir ki, onlar mənim nə üçün efirə çıxmağımı bilmədən artıq sözlər danışırlar. Reklam olunmağı əsla sevmirəm. Mətbuat işçilərinə də dəfələrlə demişəm ki, məni olduğumdan artıq, şişirdilmiş formada təqdim etməsinlər.

- Övladlarınızın hərbçi olmağını istərdinizmi? 

- 1 yaş və 2 aylıq iki oğlum var. Böyük oğlum məni görən kimi başlayır "jim" etməyə, əsgər salamı verir. Sanki əsgər-komandir münasibətidir. Bütün peşələrə sevgi ilə yanaşmaq lazımdır. Övladlarım hərbçi olmaq istəsələr mane olmaram, təki sevdikləri peşə olsun.

- Plan qurmaqla yaşayan insansınız?

- Bəli. Hazırki planım Paralimpiya Oyunlarında iştirakla bağlıdır. Həmişə istəmişəm ki, bayrağımızı ucalara yüksəldim. Ordu sahəsində bu mənə qismət olmasa da, çalışacam dünya arenasında bayrağımızı dalğalandırım. Tezliklə təlim-məşqlərə başlayacam.

- Hansı nəsil sizi daha çox sevir?

- Məni sevənlər arasında hər yaş qrupundan olan insanlar var. Xüsusilə, Gəncə-Qazax zonasında yaşlı insanların, gənclərin diqqəti ilə üzləşirəm.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...