Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Azərbaycanlı qadınlar Sarkisyanın cəzalandırılmasını tələb edirlər

"Biz, "XXI Əsrin Qadınları" İctimai Birliyinin üzvləri Azərbaycanın Füzuli rayonunun Alıxanlı kəndinin 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulması nəticəsində 50 yaşlı Quliyeva Sahibə İdris qızı və 2 yaşlı Quliyeva Zəhra Elnur qızının qətlə yetirilməsi faktını Azərbaycan torpaqlarına hərbi təcavüzü davam etdirən erməni qəsbkarları tərəfindən törədilmiş qanlı terror aktı olaraq qəbul edir və bu insanlıq dramını şiddətlə qınayırıq".

Mynews.az Milli.Az-a istinadən xəbər verir ki, adıçəkilən təşkilatın yaydığı bəyanatda belə deyilir.

Birliyin üzvləri bəyan edirlər ki, 1992-ci ildə Xocalı soyqırımı faciəsini törədənlərdən biri olan qatil Serj Sarkisyanın Azərbaycan xalqına qarşı davam etdirdiyi terror siyasətinin daha bir nümunəsi olan bu qanlı akt göstərir ki, Ermənistan bütün beynəlxalq sanksiyaları və qərarları heçə sayaraq Azərbaycana qarşı işğalçılıq ambisiyalarını davam etdirir və atəşkəs vəziyyətində belə Azərbaycanın sərhədyanı bölgələri hər gün atəşə tutulur və o ərazilərdə yaşayan dinc sakinlər gülləbfrabana məruz qalır:

"Ermənistanın bütün region üçün təhlükə kəsb edən bu zor güc siyasətini, ermənilərin atəşkəs dövründə Azərbaycana qarşı törətdiyi təxribat və sərhədyanı bölgələrdə mütəmadi olaraq hərbi və mülki şəxslərin qətlə yetirilməsi faktlarını qətiyyətlə pisləyir və dünya ictimaiyyətini bu ədalətsizliyə, Azərbaycana qarşı edilən zülmə "dur" deməyə çağırırıq. Beynəlxalq təşkilatların bütün bəyanatlarını qulaqardına vuraraq, Ermənistan tərəfindən Azərbaycan xalqına, Azərbaycan analarına, qadınlarına, qızlarına, uşaqlarına qarşı törədilən hərbi cinayətlərə görə Ermənistanın cinayətkar xislətli rəhbərləri cəzalandırılmalıdır.

Dünya Birliyinin Ermənistan tərəfindən Azərbaycana qarşı törədilməkdə davam edən cinayətlərə göz yumması Azərbaycan torpaqlarına edilən təcavüzün davam etdirilməsi və körpələrin, yaşlı-cavan qadınların vəhşicəsinə qətlə yetirilməsi ilə nəticələnir.

Biz, "XXI Əsrin Qadınları" İctimai Birliyinin üzvləri bütün beynəlxalq ictimaiyyəti işğalçı Ermənistan tərəfindən törədilən bu qanlı terror aktı ilə əlaqədar qətiyyətli tədbirlər görməyə çağırır, cənab Prezident İlham Əliyevin münaqişənin sülh yolu ilə həll olunması ilə bağlı siyasətini dəstəkləyir və Ali Baş Komandanımızın bundan sonrakı əmrlərinə hazır olduğumuzu bildiririk," - bəyanatda qeyd edilir.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...