Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Ermənilərin kabusuna çevrilən zabitimiz... - FOTO

Bu gün əfsanəvi kəşfiyyatçı olan "Murov qartalı", aprel döyüşlərində şəhid olan polkovnik-leytenant Raquf Orucovun doğum günüdür.

1972-ci il iyulun 12-də Ağdamın Cinli kəndində anadan olub. Raquf ailəsinin ilk şəhidi deyil. Doğma Ağdamın işğalı zamanı onun anası və 3 yaxın qohumu şəhid olub. O zaman Raquf Ağdamın yaxınlığında – Əsgəran rayonunun Naxçıvanik kəndi uğrunda gedən döyüşlərdə iştirak edib. Anası şəhid olanda söz vermişdi ki, bu qisası düşməndən alacaq. O, Azərbaycan Ali Hərbi Məktəbində təhsilini başa vurduqdan sonra yenidən döyüş bölgəsində xidmətini davam etdirib.

Raquf 1996-cı ildə Murovdakı "N" saylı hərbi hissədə kəşfiyyat bölüyünün komandiri olub. Müxtəlif dövrlərdə cəbhənin ən qaynar nöqtələrində kəşfiyyat qruplarının düşmən arxasında həyata keçirdiyi onlarla uğurlu əməliyyatların əsas təşkilatçılarından və iştirakçılarından biri məhz Raquf Orucov olub.

Aprel döyüşlərində qəhrəmancasına şəhid olan "Murov qartalı" polkovnik-leytenant Raquf Orucov həmin ayın 5-də son mənzilə yola salınıb. Sumqayıt Şəhidlər Xiyabanında keçirilən vida mərasimində 10 000-dən çox insan, Müdafiə Nazirliyinin yüksək rütbəli zabitləri, deputatlar və ictimaiyyət nümayəndələri iştirak edib.

Qeyd edək ki, polkovnik-leytenant R.Orucov ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edilib.

Murovda xidmət etmiş zabitlərimizdən biri olan Hüseyn Cəbrayıloğlu qəhrəmanlığının şahidi olduğu Raquf Orucovu belə xatırlayır:

"1995-ci ildə bizim ön sırada olan taborlardan birinin 6 əsgəri bulağa su gətirməyə gedir. Duman da bilirsən də, buralardan əskik olmur. Əsgərlər qatı dumanda azırlar və yalnış yolu getdikcə gedib nəhayət bir təpənin üstünə çıxırlar. Onlardan biri, sumqayıtlı əsgər qarşıdakı kəndi göstərib deyir ki, gedim görüm nə kənddir, kimlərdir? Siz burada durun. Əsgərin kəndə girməsi ilə kənddə hərəkətlilik yaranır. Ermənilər öz ayağı ilə gələn əsgərin tək olmadığını anlayır, yaxud öyrənir və gəlib silahsız, köməksiz qalan 5 əsgəri də aparırlar. Bizim hərbi hissənin o vaxtı komandiri Milli Qəhrəman filankəs idi. Gəncə hadisələrinə görə bu yüksək ada layiq görülmüşdü. 6 əsgərin əsir düşməsi onun imicini də zədəliyirdi. Dərhal toplanış keçirilir və qarşı tərəflə əsirlərin azad olunması danışıqlarında balans qorumaq üçün təcili onlardan da əsir götürülməsi tapşırığı verilir. Demək, hərbi hissə komandiri üç kəşfiyyat qrupu ayıır. İki, maksimum üç günə mütləq bu qruplar erməni tutub gətirməli idi. Raquf da onda cavan zabit, taqım komandiri idi. Bütün hərbi hissə hadisənin şokunu yaşayırdı. Altı əsgərin əsir düşməsi yanılmıramsa yuxarılara məruzə olunmamışdı. Gözləyirdilər ki, bəlkə danışıqlar yolu ilə nəsə edə bildik. Kəşfiyyata gedən üç qrupdan ikisi gəldi. Bom-boş, əlləri yanında və dilxor. Əslində onları qınamaq olmazdı. Murovdağ istiqamətindən ermənilərin içərisinə sızmaq az qala mümkünsüz idi. Bütün yüksəkliklər, keçid yolları üzərində olan hakim təpələr ermənilərdə idi. Hərbi hissə komandiri üç qrupdan ikisi əliboş gəlincə, qərargah önündə tapançasını göyə qaldırıb qışqırmışdı: "Sizin qarşınızda söyüş söyürəm ki, sonuncu qrup da gəlsin, bütün kəşfiyyata gedənləri güllələyib sonra özümü öldürəcəm". Bununla o, əsir gətirilməsinə inanmadığını etiraf etmişdi.

Raqufgilin qrupunda ondan başqa bir zabit və əsgər var idi. Raquf əsl kəşfiyyatçı olduğunu yer seçməklə göstərir və ermənilərin arxasına hərbi hissənin üz-üzə və ona yaxın olan ətraf ərazilərdən yox, daha uzaq Daşkəsən ərazisindən keçir. (Bu yerə mütləq diqqət edin ki, yazının davamında lazım olacaq)

Təmas xəttində əsgəri saxlayır və ona deyir ki, "sən burda qal, bizimlə gəlmə. Bir gün sonra gəlməsək, hərbi hissəyə qayıt!" Raquf və zabit yoldaşı Göyçə gölünün yanından keçib irəliləyir və xeyli məsafə qət edirlər. Artıq yetərincə uzun məsafə keçilmiş, keçdikləri yollarda qarşılarına istədikləri "Dil" çıxmamışdı. Nəhayət, onlar ermənilərin qızğın iş gedən tarlasının kənarına gəlirlər. Burada uzaqdan müşahidə etdikləri o olur ki, bir uşağı ciddi-cəhdlə qoruyurlar, mühafizədə gəzir. İlk müşahidə ona əsas verir ki, hərbçilərin mühafizə etdiyi uşaq hansısa komandanın övladı ola bilər. Raquf və kəşfiyyat yoldaşı bir neçə saat gözləyir qaranlıq düşməsinə az qalmış hərəkətə keçib ətrafda olan bir neçə nəfəri zərəzsizləşdirib, həmin uşaq və bir nəfər orta yaşlı ermənini əsir götürürlər. İti sürətlə ərazidən uzaqlaşmağa cəhd edən Raqufgilə əsir olan erməni əvvəl çox mane olub səs-küy salmaq istəsə də, irəlidə Raqufun yanında olan uşağı görüb sakitləşir. İzah edir ki, "Bircə uşaq sağ qalsın. Ona ziyan verməyin. Çünki, korpus komandirinin (Bəziləri hissə komandiri deyir) övladıdır və bizə qohum olaraq qonaq gəlib. Raqufun sevincdən gözləri gülür. Əslində ehtimalları düz imiş və bu qənimət heç nə ilə ölçülməzdi. İndi sadəcə uzun bir yolu sürətlə geri dönmək lazım idi.

Əsgəri qoyduqları yerdə tapmırlar. Çünki əsgər əmr üzrə gözləyib, geri dönmüşdü. Həə, bax, belə. Hərbi hissə də bayram idi. Ermənilər yalvar-yaxara düşmüşdü. Əsir düşən 6 əsgərdən birini, sumqayıtlını ermənilər həmin gün elə Şuşaya göndərdiyindən geri verə bilməsələr də, qalan 5 əsgər həmin uşaq və erməni ilə dəyişdirildi. Raquf elə də böyük mükafata layiq görülmədi. Bir neçə ay sonra hərbi rütbəsi qaldırıldı, vəssallam".

Raquf haqqında sonralar eşidirdim ki, onunla kəşfiyyatda olan zabit yoldaşı tez zamanda yuxarı vəzifələrə daşınsa da, o, səsini çıxarmayaraq susub. Amma yenə də əsas xalq qəhrəmanı olmaq idi. Onunla hamı fəxr edirdi və bu ifadə heç də "ölənin dalıyca hamı yaxşı danışır" təsiri deyil.

Murovdağın bir qəhrəmanı vardı - Raquf Orucov! Onda o, hələ kapitan idi, ermənilərin ağzının içərisinə qədər gedib çəkdiyi toplantı videosunu mərhum prezident Heydər Əliyev izləməmişdi, hələ kəşfiyyatdan qızıldan qiymətli məlumatları gətirməmişdi. Amma böyük bir hərbi hissənin, Gəncədə, Bakıda hərbi hissə komandirlərinin zabitləri, əsgərləri qorxutduqları yerin - Murovdağının qəhrəmanı idi. Mən onu hər görəndə görüşüb kənara çəkilər və kənardan Orucovu izləməyi sevərdim. Çünki, o qədər müsbət enerjisi, pozitiv görkəmi vardı ki, onu kənardan izləmək daha təsirli idi. Bununla belə onda ifrat dərəcədə sadəlik vardı. O qədər sadə ki, bunu izah etməyə söz acizdir. Bir tərəfdən danışırdılar ki, Raquf yenicə kəşfiyyatdan gəlib, az qala düşmən tərəfinin bütün starteji hərbi məlumatlarını öyrənib, digər tərəfdən gözünlə gördüyün insana baxırdın, təəccüblənirdin. Nədir bu sadəlik, susqunluq? İnanın, bəzən düşünürdük ki, bizi bütöv bir hərbi hissə, minlərlə əsgər, zabit, top-tüfəng yox, məhz Raquf qoruyur. Bunu ermənilər də bilirdi. Raquf Murovdadır!"
Ermənilərin kabusuna çevrilən zabitimiz... - FOTOErmənilərin kabusuna çevrilən zabitimiz... - FOTO

 qaynarinfo.az

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...