Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Azərbaycanın möhtəşəm "Tufanı"ı - VİDEO

Fevralın 14-də Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində yaradılan və istehsal olunan “Tufan” minaya davamlı milli zirehli maşınının təqdimatı keçirilib.

Mynews.az xəbər verir ki, respublikamızın güc qurumlarının və KİV nümayəndələrinin iştirakı ilə keçirilən təqdimatda “Tufan” zirehli maşını barədə geniş məlumat verilib.

Bildirildi ki, ilk dəfə “ADEX-2016“ ikinci Azərbaycan Beynəlxalq müdafiə sərgisində maket və 3D animasiya formatında nümayiş etdirilən “Tufan” minaya davamlı milli zirehli nəqliyyat vasitəsinin konsepsiyası nazirliyin mütəxəssisləri tərəfindən altı ay ərzində reallaşdırılmışdır.

Avtomobilin seriya öncəki prototipi gövdə forması və bəzi detallara görə konseptdən bir qədər fərqlidir. Bu, layihə üzərində iş aparılarkən irəli sürülən təkliflər və qoyulan texniki tələblərin real istehsalata uyğunlaşdırılmasının nəticəsidir. MRAP “Tufan” 100 faiz Azərbaycan dizaynerlərinin və mühəndislərinin kreativ fikirlərini və təcrübəsini özündə birləşdirən məhsuldur. Zirehli maşının yalnız aqreqat və şassi hissələrində donor detallardan istifadə olunub. Sinif rəqiblərindən fərqli olaraq, əsas arxa qapı əvəzinə universal hidravlik apparel quraşdırılıb ki, şəxsi heyyətin döyüş şəraitində operativliyi və mobil səviyyəsi daha da artırılsın.
Ağırlığı 12,3 tona çatan “Tufan” zirehli maşını 3000 kiloqrama qədər faydalı yük və 10 nəfər şəxsi heyəti tam təhlükəsiz şəraitdə daşımaq imkanına malikdir. Zirehli maşının heyəti “STANAG-4569” ballistik qoruma standartının tələblərinə uyğundur. Bu isə, real döyüş və antiterror əməliyyatları zamanı daha təhlükəsiz mobil üstünlük deməkdir.

Çəkisinə baxmayaraq, zirehli avtomobil şosedə saatda 85 km sürət yığır və yolsuzluqda olduqca yüksək keçid qabiliyyətinə malikdir. Hündür klirens və tam ötürmə sayəsində, “Tufan” zirehli maşını 65 sm dərinlikdəki xəndəkləri və 1,2 m su maneələrini rahatlıqla keçir. Dəf edilən eniş və yoxuşun səviyyəsi 30 dərəcə, yamacın isə 18 dərəcədir. Yerində dönmə radiusu 20 metrə çatır. Zirehli maşının uzunluğu 7,3, eni 2,44, hündürlüyü isə 2,8 metrdir. MRAP “Tufan” maşınının gövdəsi xüsusi markalı homoqen zirehli poladdan hazırlanıb və əsas hissələrdə qaynaq deyil, məhz əymə üsulu ilə öz formasını alıb. Bu hissələrdə qaynaq tikişlərinin olmaması, baş verən partlayış nəticəsində daxili monokokun parçalanmamasını və partlayış dalğasını V tiplı alt qismin yanlarına ötürülməsini təmin edir. Xüsusi oturacaqlar, iki səviyyəli döşəmə, gücləndirilmiş qapı cəftələri və 5 nöqtəli kəmərlər isə, şəxsi heyyətin təhlükəsizliyini əlavə olaraq artırır.

“Tufan”ın gövdəsi elə universal formatda layihələndirilib ki, zirehli maşının güc aqreqatı sırasını 8 və 12 silindirli 230-dan 550 at gücünə qədər istənilən dizel, turbodizel mühərrikləri və transmissiyalar tətbiq oluna bilər. Texniki və əlavə xüsusi tələblər əsasında, yaxud modifikasiyadan asılı olaraq şassidə və daxili təchizat elemenlərində istənilən dəyişikliyi etmək mümkündür. “Tufan” platformasında zirehli maşın, yaralı təxliyyəsi üçün zirehli reanimobil, antiterror xüsusi təyinat qrupunun dəstəyi üçün avtovasitə, döyüş şəraitinin koordinasiyası üçün operativ komanda və rabitə nöqtəsi, tank əleyhinə raket kompleksi və 120 mm-lik mobil minaatan hazırlamaq mümkündür.

“Tufan” zirehli maşınının üzərində universal döyüş modulu quraşdırılmışdır ki, bu məhsul da Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində istehsal olunub. Qurğunun yüksək dəqiqli optik və elekton cihazları sayəsində 2 km-dən çox məsafədə olan düşməni aşkarlamaq, bir neçə hədəfi prioritetlərə bölmək və məhv etmək mümkündür. Modulu 12,7mm çaplı NSVT-12,7 tipli pulyemyot, tank əleyhinə idarə olunan raket sistemi və ya avtomatik qumbaraatan ilə təchiz etməklə istənilən hava şəraitində və hətta gecə tətbiq etmək olar. Avtomatik idarəetmə, sursatı doldurma və optik müşahidə sistemləri, döyüşçüyə zirehli gövdəni tərk etmədən 360 dərəcədə atəş aparmağa imkan verir.

Müxtəlif şəraitlərdə və istismar rejimlərində poliqon yürüş sınaqları keçirilən “Tufan” zirehli maşını və universal döyüş modulu peşəkar hərbiçilərin və sahə üzrə mütəxəssislərin təklif və məsləhətləri nəticəsində, seriya öncəki prototip real döyüş şəraitinə uyğunlaşdırılacaq və məntiqi həllərlə zənginləşdiriləcəkdir. Bununla da, tarixdə ilk dəfə olaraq Azərbaycan Respublikası Müdafiyə Sənayesi Nazirliyinin istehsalat sırasına yeni tam milli məhsul – “Tufan” zirehli maşını daxil ediləcəkdir.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...