Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

UNİCEF 2 yaşlı Zəhranın ermənilər tərəfindən öldürülməsinə münasibət bildirib

“Heç bir icma, heç bir ailə silahlı münaqişə nəticəsində uşaq itkisindən əziyyət çəkməməlidir”.

Mynews.az xəbər verir ki, Ombudsman Aparatından APA-ya verilən məlumata görə, bu barədə BMT-nin Uşaq Fondunun (UNİCEF) icraçı direktoru Entoni Leykin Azərbaycanın insan hüquqları üzrə müvəkkilinin iyulun 4-də 2 yaşlı Zəhra Quliyevanın Ermənistan Silahlı Qüvvələrinin açdığı atəş nəticəsində həlak olmasına dair bəyanatına cavab olaraq göndərdiyi məktubda deyilir.

Məktubda bildirilir ki, BMT baş katibinin mart ayında qeyd etdiyi kimi, BMT bütün tərəfləri atəşkəs sazişini sarsıda biləcək istənilən hərəkətlərdən çəkinməyə, onları Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün qətiyyət nümayiş etdirməyə səsləyən çağırışı dəstəkləyir: “UNİCEF bu cür həll yolunun əldə edilməsi üçün səylərin davam etdiyi bir vaxtda münaqişənin təsirinə məruz qalan bütün uşaqların hər cür müdafiə ilə təmin olunacaqlarına ümid edir”.

Məktubda UNİCEF-in Azərbaycan nümayəndəliyinin uşaq və gənclərə ən yaxşı və ən təhlükəsiz təşəbbüslər istiqamətində kömək göstərməyə davam edəcəyi diqqətə çatdırılıb. 

Qeyd edək ki, bu il iyulun 4-də saat 20:40 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndi 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulub. Ermənistan tərəfinin bu təxribatı nəticəsində kənd sakinləri - 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və onun nəvəsi, 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olublar. 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı isə yaralanıb.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...