Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Azərbaycanlı deputat Avropa Şurasının Baş katibini siyasi şantajda ittiham edir

"Azərbaycan dəfələrlə bəyan edib ki, o, öz xarici siyasətini milli maraqlar üzərində qurub. Əgər bu gün Avropa Şurası (AŞ) siyasi manipuliyasiya edib bizim milli maraqlarımızı təhdid edirsə, əmin olsun ki, Azərbaycan əməkdaşlıq üçün onun milli maraqlarına cavab verən başqa beynəlxalq təşkilat tapa biləcəkdir. Bundan itirən isə elə Avropa Şurası olacaqdır. AŞ-nin Baş katibi Turbyorn Yoqlandın Azərbaycana qarşı açıqlaması bu qurumun nüfuzuna zərbə vurmaqla yanaşı, digər üzv dövlətlərə də pis nümunə olur. Çünki AŞ-nin siyasi istismara söykənən bu qeyri-hüquqi və ədalətsiz mövqeyi heç kəsin gözündən yayınmır".

Mynews.az-ın məlumatına görə, bunu Milli.Az-a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, siyasi elmlər doktoru Hikmət Babaoğlu AŞ-nin Baş katibi Turbyern Yoqlandın Azərbaycana qarşı Avropa İnsan Hüquqları Məhkəməsinin 46.4-cü maddəsinin tətbiq olunması istəyinə münasibət bildirərkən deyib.

Millət vəkilinin fikrincə, T.Yoqlandın Azərbaycanın əleyhinə olan çağırışı beynəlxalq münasibətlər sisteminin müstəqil aktoru olan və müstəqil siyasət yeridən ölkəmizə qarşı siyasi şantajdan başqa bir şey deyil: "Bu uğursuz açıqlama daha çoz təhdidə bənzəyir. Heç bir beynəlxalq, ya da regional təşkilatın hüququ yoxdur ki, müstəqil dövlətlə hədələyici tonda danışsın. Azərbaycan 2001-ci ildə AŞ-na üzv olarkən müəyyən öhdəliklər götürüb, amma AŞ-nın da ikitərəfli münasibətlərdə öz öhdəlikləri var. Qarşılıqlı əməkdaşlıqda məqsəd insan hüquqlarının qorunması, demokratiyanın inkişafı kimi məsələlərdə tərəfdaşlıq etməkdən ibarətdir. Ancaq çox təəssüf ki, AŞ bu prinsipləri unudaraq vaxtaşırı Azərbaycana və bu quruma üzv olan digər müsəlman ölkələrinə qarşı təzyiq göstərməyə, onları milli naraqlara söykənən müstəqil siyasətdən sapdırmağa çalışır".

H.Babaoğlunun sözlərinə görə, bu məsələdə Avropada mövcud olan islamafob və ermənipərəst mərkəzlərin böyük rolu var: "Əgər son bir neçə ayda baş verən siyasi proseslərə nəzər salsaq, görəcəyik ki, Azərbaycan çox mühüm naliyyətlər əldə edib, süni iqtisadi böhrandan çıxmağı bacarıb, yeni əsrin yeni müqaviləsi kimi qiymətləndirilən mühüm meqalayihəyə imza atıb, gələcəkdə də siyasi müstəqilliyini təmin edəcək güclü iqtisadi əsaslar formalaşdırıb və nəhayət, hərbi-siyasi gücünü artırmaqla Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin həlli üçün öz lehinə şərtlər formalaşdırıb. Azərbaycan prezidenti İlham Əliyev sentyabrın 20-də BMT Baş Assambleysının 72 -ci sessiyasında bir daha vurğuladı ki, aprel döyüşləri təkrarlana bilər, ona görə status-kvo dəyişdirilməli, Azərbaycanın ərazi bütövluyu bərpa edilməlidir. Bütün bunlar islamafob mərkəzlərin yuxusunu qaçırıb. Ona görə də insan hüquqları kimi məsələlərlə manipuliyasiya edərək siyasi gündəmi dəyişməyə, Azərbaycanı hədəflərindən yayındırmağa çalışırlar. Belə olmasaydı, Avropa İnsan Hüquqları Məhkəməsinin  müxtəlif ölkələrdə 10 mindən çox icra olunmamış qərarları olduğu halda, birdən birə Yoqlandın yadına Azərbaycan düşməzdi".

Qeyd edək ki, Avropa Şurasının Baş katibi Turbyern Yoqland Azərbaycan məhkəməsinin qərarına əsasən məhkum olunmuş, lakin Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) qərarına rəğmən "siyasi məhbus" kimi qələmə verilən və azadlığa buraxılması tələb olunan REAL təşkilatının rəhbəri İlqar Məmmədovu azadlığa buraxılmadığına görə Azərbaycana qarşı misli görünməmiş hüquqi hərəkət edilməsinə çağırıb. Yoqland sentyabrın 13-də Avropa Şurasına daxil ölkə səfirlərinin iclasında Azərbaycana qarşı Avropa İnsan Hüquqları Məhkəməsinin 46.4-cü maddəsinin tətbiq olunmasını istəyib ki, bu son nəticədə ölkənin Avropa Şurasından çıxarılmasına gətirib çıxara bilər. Bu, 2001-ci ildən Avropa Şurasının üzvü olan və təşkilat çərçivəsində səmərəli fəaliyyəti, bütün məsələlərə dair öz mövqeyi və rəyi ilə seçilən Azərbaycana qarşı ardıcıl şəkildə həyata keçirilən kampaniyanın tərkib hissəsidir.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...