Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Ailənin tək oğlu ön cəbhəyə aparılmasın - Zahid Oruc

Zahid Oruc: “Çox hallarda ailələr 1 oğul, 1 qızla kifayətlənirlər. Həmin şəxslərə də bu normalar tətbiq olunarsa, cəbhə xəttinin, müharibənin ağırlığı sanki çoxuşaqlı ailələrin üzərinə düşür”

“Nəzərə almalıyıq ki, Birinci Qarabağ Müharibəsi hər bir ailənin həyatında ağır izlər qoyub”.

Mynews.az bildirir ki, bunu “Sherg.az”a ailənin tək oğulların ön cəbhədə hərbi xidmət keçməsinə münasibət bildirərkən millət vəkili Zahid Oruc deyib.

Deputat bildirib ki, 1988-1994-cü illərdə davam edən 6 illik müharibədə 20 mindən artıq insanın həyatını itirməsi, elə bu sayda dünyaya gələcək övladlardan məhrum olmaq deməkdir:

“Doğulmayan körpələri də biz şəhid saya bilərik. Qurulan ailələrin sayı ümumiyyətlə, həmin illərdə azaldı və nəticə özünü 21-ci əsrdə göstərdi. 2006-cı ildən başlayaraq çağırışların sayında problemin təzahürləri ilə qarşılaşdıq. Artıq bu dönəmdən sonra oğlan uşaqlarının sayının artmasını, demoqrafik irəliləyişi müşahidə edirik.

Tək övladı və ya tək oğulu olan ailələrin vəziyyətinə gəlincə isə həqiqətən, onların həyatını məhv edən ilk növbədə belə qanlı savaşlardır. Ancaq Azərbaycan Silahlı qüvvələri bu problemi nəzərə alaraq, ailənin tək övladı olan gənclərin daha ikinci, üçüncü dərəcəli cəbhədə xidmət etməsini təmin etdi. Xüsusilə, ötən illərdə bu əsgərlərin ön cəbhədə xidmət etmədiyini görmüşük. Media tərəfindən gündəmə gətirilir ki, bu, bir oğlan olan ailələrin hər birinə tətbiq edilsin. Çünki qız övladları başqası ilə ailə qurur, genetikası dəyişir, ata-ananın varlığını daşıyan əsasən oğul övladıdır.

Lakin bu məsələni dərin təhlil etdikdə qarşımıza fərqli mənzərə çıxır. Müasir tibbi texnologiyalar sayəsində valideynlər doğulacaq körpənin cinsiyyətini əvvəldən bilirlər. Bu isə qəribə disbalans yaradır. Çox hallarda ailələr 1 oğul, 1 qızla kifayətlənirlər. Həmin şəxslərə də bu normalar tətbiq olunarsa, cəbhə xəttinin, müharibənin ağırlığı sanki çoxuşaqlı ailələrin üzərinə düşür. Bu, sadəcə hüquqi cəhətdən ayrıseçkilik yaratmır, həm də psixoloji olaraq təsir edir. Müxtəlif sosial çətinliklərlə ailələr 4-5 övladı böyüdür, yetişdirir. Bütün bu sıxıntılardan sonra isə vətənin qorunması ağırlığını öz üzərlərinə götürməli olurlar.

Azərbaycan dövlətinin hər bir ailənin qorunmasını təmin etməyə çalışır. Bu məqsədlə qarşıdakı dövrdə kontrakt ordusu modelində hərbi xidməti təşviq edən siyasət yürüdülməkdədir”.

Sözügedən məsələlərin erməni cəmiyyəti üçün nə yerdə olmasına gəlincə, Z.Oruc vurğulayıb ki, erməni anaların etiraz aksiyası gündəlik tədbirə çevrilib:

“Görürlər ki, Qarabağ müharibəsi onların balalarını “udur”. Bu cəhətdən onsuz da demoqrafik ölüm keçirən, sayı artmayan və analar tərəfindən hələ bətnlərində qətl edilən bir cəmiyyətdə bu yaşantı daha təhlükəli vəziyyətdədir. Vigen Sarkisyanın müdafiə naziri olmasından sonra cəbhə bölgəsində həyatını itirən şəxslərin ailələrinə 20 min dollar vəsait verilməsi gündəmə gəldi. Bununla bağlı da vətəndaşlarından 1000 dram məbləğində əlavə vergi yığılır. Bu şəraitdə onlar insan resursunun məhdudluğunu gizlətməyə çalışırlar.

Ona görə, Azərbaycan cəmiyyətində yaranan sualları müqayisəli şəkildə təhlil etməliyik. Dövlətimizin, millətimizin təhlükəsizliyi və mənafeyi baxımından dəyərləndirib, ona uyğun qərar verməliyik”.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...