Məmmədyarov italiyalı həmkarı ilə danışıqlarda
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Angelino Alfano ilə görüşüb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Mynews.az-a verilən məlumata görə, görüş Palermoda keçirilən ATƏT-in Aralıq Dənizi Konfransı çərçivəsində baş tutub.
Görüşdə Azərbaycan və İtaliya arasında qarşılıqlı anlaşma, dostluq və dialoqa əsaslanan münasibətlərin yüksək səviyyəsindən məmnunluq ifadə edilib və əlaqələrin daha da dərinləşdirilməsi baxımından yüksək səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyəti vurğulanıb.
İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Angelino Alfano Elmar Məmmədyarovun konfransda iştirakını yüksək qiymətləndirib və buna görə təşəkkür edib. O, Azərbaycanı İtaliyanın etibarlı tərəfdaşı adlandırıb, həmçinin, dünyəvi və mötədil ölkə olan Azərbaycanla əməkdaşlığa xüsusi önəm verdiklərini deyib.
İki ölkə arasında strateji tərəfdaşlıq əlaqələrinin mövcudluğunu qeyd edən Elmar Məmmədyarov İtaliyanın Azərbaycanın Avropa İttifaqında ən mühüm tərəfdaşlarından olduğunu diqqətə çatdırıb.
Nazirlər iki ölkə arasında enerji sahəsində əməkdaşlıq, Cənub Qaz Dəhlizi və bu xüsusda TANAP və TAP layihələrinin strateji əhəmiyyətini qeyd ediblər. İtaliya xarici işlər naziri ölkəsinin qaz təchizatının şaxələndirilməsi və enerji təhlükəsizliyinin təmin edilməsində TAP layihəsinin əhəmiyyətini vurğulayıb.
Görüş əsnasında iki ölkə arasında iqtisadiyyat, ticarət, mədəniyyət, elm-təhsil, turizm və digər sahələrdə əməkdaşlığın hərtərəfli inkişafı məmnunluqla qeyd olunub.
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan son danışıqlar prosesinə toxunan nazir Elmar Məmmədyarov nizamlanma ilə bağlı ölkəmizin beynəlxalq hüququn norma və prinsipləri və Helsinki Yekun Aktına əsaslanan ədalətli mövqeyini bir daha bəyan edib. O, Avropa İttifaqının Təhlükəsizlik Strategiyasında təsbit olunduğu kimi, dövlətlərin suverenliyi, müstəqilliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı kimi təməl prinsiplərə sadiqliyin bütün münaqişələrə münasibətdə vahid və birmənalı şəkildə ifadə olunmasının vacibliyini vurğulayıb.
Angelino Alfano gələn il ATƏT-ə sədrliyi dövründə ölkəsinin prioritetlərinə toxunaraq İtaliyanın münaqişənin ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə sülh yolu ilə həllinə yardım edə biləcək səyləri dəstəklədiyini deyib.
Görüşdə Azərbaycan – Avropa İttifaqı münasibətləri nəzərdən keçirilib, italiyalı nazir bu əməkdaşlığı dəstəkləməkdə davam edəcəklərini diqqətə çatdırıb. Nazir Elmar Məmmədyarov Azərbaycan və Avropa İttifaqı arasında strateji tərəfdaşlığa dair saziş üzrə danışıqların intensiv şəkildə davam etdirildiyini vurğulayıb.
E.Məmmədyarov Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizləri, habelə Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi haqqında məlumat verərək, bu istiqamətdə əməkdaşlığın əlverişli perspektivlər vəd etdiyini deyib.
Görüşdə beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, qarşılıqlı maraq kəsb edən regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Siyasət
- Fransa Azərbaycandakı səfirini geri çağırıb
- İlham Əliyev 92,12 faiz səslə seçkilərdə liderdir
- "Biz haqq yolunda hər zaman bir-birimizin yanındayıq və yanında olacağıq"
- İlham Əliyev 2022-ci il dövlət büdcəsinin icrası ilə bağlı qanunu təsdiqlədi
- Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə liderinə məktub ünvanlayıb
- Türkiyədə seçki qutularının 97 faizi açılıb - Ərdoğan liderdir - YENİLƏNİR
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- İmtahanda yüksək bal toplayan Mələkxanım bu tanınmış şəxsin qızı imiş 1128 dəfə oxunub
- Aytən Səfərova ağır qəzaya düşdü 1116 dəfə oxunub
- Nar-dan xüsusi təklif: 10%-dək endirimlə smartfon! 1116 dəfə oxunub
- Fransa Azərbaycandakı səfirini geri çağırıb 1114 dəfə oxunub
- Sumqayıtlı məzun - “300 bal toplamaq mənim ilk böyük uğurumdur” 1005 dəfə oxunub