Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Sülh Platforması Minsk qrupunda məşvərətçi statusda təmsil olunmaq istəyir

Ermənistan-Azərbaycan Vətəndaş Sülh Platforması ATƏT-in Minsk qrupunun tərkibində məşvərətçi statusda təmsil olunmaq istəyir.

Mynews.az-ın APA-ya istinadən məlumatına görə, bu, Ermənistan-Azərbaycan Vətəndaş Sülh Platformasının I Qurultayının iştirakçılarının  ATƏT-in Minsk qrupunun həmsədrlərinə ünvanlanan müraciətdə əksini tapıb.

Müraciətdə bildirilir ki, ATƏT-in Minsk qrupunun həmsədrləri  Dağlıq Qarabağ münaqişəsinin həlli, cəbhə xəttində hərbi əməliyyatların dayandırılması və tərəflər arasında danışıqlar prosesinin davamı üçün ciddi cəhdlər edib və bu istiqamətdə işlərini davam etdirir: “1992-ci ildə Dağlıq Qarabağ münaqişəsinin həlli üçün yaradılan ATƏT-in Minsk qrupu vasitəçilik missiyasını həyata keçirən yeganə beynəlxalq təşkilatdır. Bu baxımdan, sizin üzərinizə düşən böyük məsuliyyətin və mürəkkəb vəzifənin ağırlığını hamımız yaxşı anlayırıq. Təəssüflər olsun ki, keçən 25 il ərzində görülən tədbirlərə və aparılan danışıqlara baxmayaraq, Ermənistan və Azərbaycan arasında sülhün bərqərar olmasına hələ ki nail olmaq mümkün olmayıb.

Bu cür vəziyyətin səbəbləri çoxdur və onlardan biri də Ermənistan və Azərbaycan QHT-lərinin və vətəndaş cəmiyyətinin müxtəlif təbəqələrinin nə bir-biri ilə, nə də dövlət qurumları ilə əməkdaşlığının lazımi səviyyədə olmamasıdır. Son vaxtlar bizi narahat edən xeyli insan itkilərinə səbəb olan atəşkəs rejiminin sistemli pozulmasıdır. Bununla bərabər, biz bu pozuntuların genişmiqyaslı hərbi əməliyyatlara keçmə ehtimalından çox narahatıq. Yuxarıda qeyd olunanlardan çıxış edərək, biz Ermənistan-Azərbaycan Vətəndaş Sülh Platforması olaraq münaqişənin həllinə töhfə verə biləcək ATƏT-in Minsk qrupunun həmsədrləri ilə əməkdaşlıq əlaqələrinin qurulması və bu çətin sülh quruculuğu prosesində sizlərə yardımçı olmaq məsuliyyətini və ehtiyacını hiss edirik. Bu məqsədlə Ermənistan-Azərbaycan Vətəndaş Sülh Platforması olaraq, ATƏT- in Minsk qrupunun tərkibində Platformanın məşvərətçi mandatına malik olması məsələsinə baxılmasını xahiş edirik. Biz əminik ki, ATƏT-in Minsk qrupu həmsədrlərinin vətəndaş cəmiyyəti institutları və Sülh Platforması ilə yaxından əməkdaşlığı 25 il davam edən münaqişəyə son qoymağa, erməni və Azərbaycan xalqı arasında inam və etimadın bərpa olunmasına və insan itkilərinin qarşısını alınmasına mühüm töhfə vermiş olacaq”.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...