Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Fədayə Laçın etiraf edir - Onu neçə il cəza gözləyir? - VİDEO

Həbs edilən müğənni Fədayə Laçın qaçan məhbuslardan Etibar Məmmədovla sevgili olduğunu etiraf edib. Lakin o, oktyabrın 23-də Bakı-Astara-Bakı qatarından qaçan məhbuslara yardım etməklə bağlı elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib.

Mynews.az xezerxeber.az-a istinadən bildirir ki, ötən gün Nəsimi Rayon Məhkəməsində, hakim Babək Pənahovun sədrliyi ilə keçirilən iclasda Fədayə Laçın məhbuslara kömək etmədiyini deyib. "Mənim etibarımdan sui-istifadə ediblər. Onların qaçmaq niyyəti olduğunu bilməmişəm. Bunların heç birindən xəbərim yoxdur",-deyə müğənni bildirib.
Etibar Məmmədovla bir neçə ildir sevgili olduğunu deyən Fədayə Laçın onunla qatarda görüşdüyünü də etiraf edib: "Bu hadisə baş verməzdən təxminən bir ay əvvəl Etibarı məhkəmə üçün Lənkarana aparanda qatarda onunla görüşmüşəm. Bakı dəmiryolu vağzalında minib, Biləcəri stansiyasında düşmüşəm. Ancaq qaçış günü baş verənlərin mənimlə heç bir bağlılığı yoxdur".
Qeyd edək ki, Fədayə Laçın mütəşəkkil dəstənin üzvü kimi Etibar Məmmədovun həbsdən qaçmasına yardım etməkdə ittiham olunur. Müğənni barəsində Cinayət Məcəlləsinin mühafizə altında olan şəxsə qaçmağa yardım etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə maddəsi ilə cinayət işi başlanılıb. Nəsimi Rayon Məhkəməsinin qərarı ilə Fədayə Laçın barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Məhkəmə istintaqı zamanı günahı sübuta yetiriləcəyi təqdirdə Fədayə Laçını iki ildən altı ilədək müddətdə azadlıqdan məhrumetmə cəzası gözləyir.
Etibar Məmmədovu avtomobili ilə qaçıran taksi sürücüsü Hacıyev Məhəmməd Famil oğlu və Günay Atakişiyeva adlı qadın da artıq saxlanılıb.Nəsimi Rayon Məhkəməsində keçirilən prosesdə onlar barəsində də 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Bu arada xüsusi təyinatlı vaqondan qaçan iki məhbusa görə saxlanılan Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 əməkdaşı - qarovul rəisi Ceyhun Səmədov, qarovul rəisinin müavinləri Fuad Hacıyev və Tural Poladxanova qarşı yeni ittiham irəli sürülüb. Məlumata görə, onlar Cinayət Məcəlləsinin rüşvət alma, təkrar törədildikdə maddəsi ilə də təqsirli bilinirlər. Qeyd edək ki, Nəsimi Rayon Məhkəməsi onları vəzifə səlahiyyətlərindən sui-istifadə maddəsi ilə təqsirli bilərək, barələrində 4 ay müddətinə həbs qətimkan tədbiri seçib.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...