Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Rusiya ilə Azərbaycan arasında razılaşma - YENİ PLAN NƏLƏRİ DƏYİŞƏCƏK?

Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevlə təhlükəsizlik sahəsində ikitərəfli əməkdaşlığı müzakirə edib. Bu barədə Rusiya Təhlükəsizlik Şurasının mətbuat xidməti məlumat yayıb.

Məlumatda deyilir: “Nikolay Patruşev və Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev təhlükəsizlik sahəsində Rusiya-Azərbaycan əməkdaşlığının cari məsələlərini müzakirə ediblər. Onlar informasiya mübadiləsini və iki ölkənin təhlükəsizlik şuralarının, hüquq-mühafizə orqanlarının və xüsusi xidmət idarələrinin ekspertləri səviyyəsində məsləhətləşmələrin aparılmasını nəzərdə tutan əməkdaşlıq planını imzalayıblar”.

Ölkə mütəxəssislərinin fikrincə, Azərbaycan və Rusiya təhlükəsizlik sahəsində imzalanan əməkdaşlıq planı hər iki ölkə üçün xeyirlidir. Politoloq Zərdüşt Əlizadə “Ölkə.Az”a açıqlamasında bildirib ki, imzalanan yeni planda hər iki ölkəni maraqlandıran ümumi məsələlər var. Onun sözlərinə görə, bu müqavilə Rusiya ilə Azərbaycanın təhlükəsizliyini daha da güvənli edəcək.

“Terrorla mübarizə, cinayətkarların axtarışı, onların tapılaraq təhvil verilməsi, hüquqi yardım, informasiya mübadiləsi və s. kimi məsələlər Azərbaycan və Rusiya üçün çox önəm kəsb edir. Bütün bu məsələlər hüquqi çərçivəsini tapmalıydı və bu müqavilə ilə tapıb. Əməkdaşlıq planının imzalanması həm Rusiya, həm də Azərbaycan üçün xeyirli bir anlaşmadır”, - deyə Z.Əlizadə bildirib.

Ekspertin fikrincə, təhlükəsizlik sahəsində imzalanan əməkdaşlıq planı həm də sərhədlərin qorunmasında xüsusi önəm kəsb edir: “Azərbaycan-Rusiya sərhəddində hansısa məsələlərdə yeni plan müəyyən rol oynaya bilər. Yəni təhlükəsizlik planının imzalanması iki qonşu dövlətin xeyrinədir”.

Politoloq Adıgözəl Məmmədov “Ölkə.Az”a açıqlamasında bildirib ki, son illər həyata keçirilən siyasət Azərbaycanı terror təhlükəsindən qorumaq, ölkənin sabitliyini poza biləcək ünsürləri neytrallaşdırmaq baxımından beynəlxalq çərçivədə qonşu dövlətlərlə əməkdaşlıq edir. Onun sözlərinə görə, bu əməkdaşlıq işğalçı Ermənistana şamil edilmir.

“Türkiyə, Gürcüstan, İran və digər ölkələrlə əməkdaşlıq edirik. Bu əməkdaşlıq ölkəmizin dövlət stabilliyini qorumaq üçün mühüm əhəmiyyət kəsb edir. Bütün bu proseslər ölkə başçısı İlham Əliyevin nəzərəti altında həyata keçirilir. Burada Azərbaycanın həyata keçirdiyi siyasəti birbaşa Rusiya ilə bağlamaq düzgün deyil. Bu Azərbaycanın həyata keçirdiyi siyasi xətdir. Burada Rusiya xətti var. Türkiyə, Gürcüstan və digər ölkələrlə də eyni siyasət həyata keçirilir”, - deyə siyasətçi bildirib.

A.Məmmədov deyir ki, bu gün Azərbaycan hökumətinin həyata keçirdiyi daxili və xarici siyasət, o cümlədən ölkənin stabilliyini formalaşdırmaq kursu region dövlətləri üçün nümunədir. Onun sözlərinə görə, bu gün qonşu ölkələr Azərbaycan təcrübəsindən öyrənirlər. 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...