Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

"Erməni kəşfiyyatçı qadın Azərbaycana keçib özünü dəliliyə vurmuşdu"

Qarabağ müharibəsində yaşanmış bəzi maraqlı hadisələr var ki, bu gün hələ də çox insan bundan xəbərsizdir. Halbuki həmin dövrdə yaşanmış bir çox hadisələrin insanlarımıza çatdırılması həm ruh yüksəkliyi yaradılması, həm də yetişməkdə olan nəsilə vətənpərvərliyin təbliği baxımından faydalıdır. Yeniavaz.com saytı bu yazıda Qarabağ müharibəsinin könüllü iştirakçısı, əslən Tərtər rayonundan olan Gültəkin Quliyevanın ağır döyüşlər gedən ərəfədə 6 erməni kəşfiyyatçının ələ keçirilməsindəki rolu barədə məlumat verir. Gültəkin Quliyevanın saytımıza dediyinə görə, birinci Qarabağ savaşının ilk illərində baş verən bu hadisə zamanı 1-i qadın olmaqla 6 erməni kəşfiyyatçısı ələ keçirilib.

Məlumat üçün bildirək ki, Gültəkin Quliyeva Tərtər rayonunun Sarov kəndində anadan olub. Ali təhsillidir. 90-cı illərin əvvəlində başlayan Qarabağ müharibəsi zamanı ailəsinin razılığı ilə 2 uşağını doğmalarına həvalə edərək Tərtər uğrunda gedən döyüşlərə qatılıb: "Ağır döyüşlər gedirdi. Bir gün 3-cü savxoz deyilən əraziyə gedirdik. Bizə tapşırıq verilmişdi, maşınla yola düşmüşdük. Biz gedəndə gördük ki, yolun kənarı ilə başıörtülü bir qadın gedir. Həmin əraziyə yaxın yerdə mülki əhali yox idi ki, düşünəsən bu qadın da onlardan biridir. Hərbiçi yoldaşlarımdan soruşdum ki, bu qadın kimdir? Mənə çox qəribə gəldi ki, qadın burada nə gəzir? Hərbçi yoldaşlarım təəccübləndiyimi görüb dedilər ki, həmin qadının oğlu şəhid olub, ona görə dəli olub, düşüb çöllərə, bütün günü piyada gəzir, meyit axtarır. Hər şey aydın oldu deyə əhəmiyyət verməyib yola davam etdik.

Gəlib çatdıq 3-cü savxoz deyilən yerə. Biz düşmən kəşfiyyatının gələ biləcəyi ehtimal olunan yerlərə binoklla baxdıq, qeydlər apardıq, geri qayıtdıq. Döyüşlər getdiyi üçün daha çox qeydlər apara bilmədik deyə geri qayıdası olduq. Maşına minəndə işə düşmədi. Hərbiçi yoldaşımız nə qədər çalışdısa, maşın işə düşmədi.

May ayı idi, yarpaqlar yenicə açırdı. Maşın işə düşmədiyi üçün yaxınlıqdakı üzümlüyə getdik, yanımda başqa adamlar da var idi. O ərazilər hamısı üzüm bağları idi. Onlardan uzaqlaşıb maşına tərəf qayıdanda qəfil biz gələndə yolun kənarı ilə gəzən başıörtülü qadını gördüm. Biz olduğumuz əraziyə maşınla xeyli məsafə qət eləyib gəlmişdik, onun bura belə tezliklə piyada gəlməsi qeyri-mümkün idi. Qadın qəfil əyildi və "3-cü savxoz"un yataqxanası olmuş binanın zirzəmisinə girdi. Öz-özümə düşündüm ki, yaxşı, oğlu ölən ana burada nə gəzə bilər? Gözüm o vaxt çox yaxşı görürdü. İndinin özündə də yaddaşım zəif olsa belə gözlərim çox yaxşı görür. Özümü elə apardım ki, guya onu görmədim".

"Desəm, kimsə mənə mane ola bilərdi"

Gültəkin Quliyevanın sözlərinə görə, bundan sonra hərbiçi yoldaşları maşını düzəldiblər və hərbi hissəyə qayıdıblar: "O vaxt hərbidə çox güclü oyunlar gedirdi. Həmin qadını gördüyüm barədə çox adama demirdim. Bilirdim ki, desəm, kimsə mənə mane ola bilər. Hərbi hissəyə qayıdandan sonra Tərtər batalyonundan İslam Səfərova məlumat verdim. Dedi "ay bala, bəlkə yanılırsan?". Dedim "İslam müəllim, mən belə bir şey görmüşəm, zənnim məni aldada bilməz".

İslam müəllim yanındakılara dedi ki, "bu qızın gözündən heç nə qaçmaz, heç vaxt da yanılmayıb". Rəhmətlik Tahir Mehtiyevi də qoşdular bu əməliyyata. Belə qərara alındı ki, məni də aparsınlar və onlara yeri göstərim. Bir qrup ayrıldı və mənə dedilər ki, bu barədə heç kimə bildirmə".

"Əlimi ağaca uzadıb əsgərlərimizə parol verdim"

Bundan sonra hərbçilərimiz həmin əraziyə gəliblər: "Şübhələndiyim həmin qadının girdiyi zirzəminin düz yanında bir alça ağacı var idi. Əsgərlərimiz ətrafda mühafizə qurdular. Atışma, ölüm, hətta yalnışlıq ola bilərdi. Yataqxananın hər tərəfi dağınıq idi. Açla ağacının dibinə yaxınlaşanda hiss elədim ki, məni hənirti vurur. Bəlkə mənə elə gəldi. İndiki vaxtım olsaydı, bu qədər həssas ola bilməzdim. Onları şübhələndirməməli idim, guya alça ağacından alça üzməyə gəlmişdim. Əlimi ağaca uzadıb əsgərlərimizə parol verdim ki, buradan giriblər. Ağacdan alça üzəndən sonra maşına qayıtmalı idim. Gəldiyimiz avtomobilə çatanda həyəcandan ayağım yer tutmadı, yıxıldım və dizim çapıldı. Həmin yerə ağ xalatla gəlmişdim, guya mən yaxınlıqdakı zavodun işçisi idim. Məni bir az kənara apardılar, artıq öz işimi görmüşdüm. Bundan sonra əməliyyat başladı və uğurla yekunlaşdı. 6 nəfər erməni kəşfiyyatçısı ələ keçirildi. Həmin qadın da onların içində idi".

"Guya oğlu ölüb, meyitini axtarır, ağlı başında deyil"

Məlum olub ki, oğlu şəhid olduğu bildirilən həmin başıörtülü qadın erməni kəşfiyyatçısı imiş: "Həqiqətən də məlum oldu ki, qadın erməni imiş və Azərbaycan tərəfə keçib kəşfiyyatla məşğul olurmuş. Bizimkilər onu Ermənistandan gəlmə azərbaycanlı şəhid anası bilirlərmiş. Guya oğlu ölüb, meyitini axtarır, ağlı başında deyil. Hətta deyirdilər ki, Ermənistanda yaşamış azərbaycanlı olduğu üçün dilimizi yaxşı bilmir.

Həmin 6 kəşfiyyatçı erməni dindiriləndə məni də gətirdilər. Orada Əsli Quliyeva var idi, tərcüməni o edirdi. Məni görəndə erməni qadın əsəbi halda nə isə dedi. Soruşdum ki, "Əsli, o qadın nə deyir?". Əsli bildirdi ki, deyir "səni parça-parça eləyərəm".

Digər kəşfiyyatçı ermənilər - 5 nəfər isə kişi idi. Beləcə, onları sorğu-sual edəndən sonra hərbi hissə rəhbərliyinə təhvil verdilər. Onların sonrakı aqibətinin necə olduğunu bilmirəm".

Gültəkin Quliyevanın sözlərinə görə, o vaxt bu məsələdə onun adının çox hallandırılmasına bibisi oğlu, hərbçi Tahir razı olmayıb. Döyüşlər gedirdi deyə Tahir dedi ki, təhlükəsizliyi məqsədi ilə Gültəkinin adı bu məsələdə hallanmasın. O, qorxurdu ki, satqınlar məni məhv edə bilərlər. Hərbçi dostlarımız o vaxt mənə "Gültəkin Azərbaycanın milli qəhrəmanıdır" deyirdilər".

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...