Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

"Prezident seçkilərinə beynəlxalq marağın olacağı şübhəsizdir" - Bəhruz Quliyev

“Səs” Media Qrupun rəhbəri, siyasi ekspert Bəhruz Quliyevin sechki-2018.az saytına müsahibəsi

- Bəhruz müəllim, aprelin 11-də keçiriləcək prezident seçkilərinə beynəlxalq maraq hansı səviyyədədir?

- Azərbaycan region üçün strateji dövlət olaraq özünü təsdiq edib. Ölkəmiz bir çox önəmli və nəhəng layihələrin təşəbbüskarı, təşkilatçısı rolunda çıxış edir. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars, TAP, TANAP, eləcə də Cənub Qaz Dəhlizi kimi strateji layihələrin əsas təşəbbüskarı və təşkilatçısı olaraq, Azərbaycan regionun inkişafına mühüm töhfələr verməkdədir. Azərbaycan iqtisadiyyatı bu gün region iqtisadiyyatının 80 fazini təşkil edir. Ölkəmiz regionun humanitar, elmi mərkəzi kimi də geniş nüfuza malikdir. Bütün bu sadalananlar Azərbaycanın regional liderliyini tərənnüm edən faktlardır.

Qeyd etməliyəm ki, Azərbaycan qitənin də həyatında özünəməxsus rol oynayır. Bu gün Azərbaycan Şərqin dünyaya açılan qapısı olaraq dəyərləndirilməkdədir. Azərbaycan müsəlman ölkəsi kimi dünyada dinlər və mədəniyyətlər arasında dialoqun reallaşmasında mühüm təşəbbüslər irəli sürüb. Ölkəmiz bir çox beynəlxalq tədbirlərə, idman və musiqi yarışmalarına uğurla ev sahibliyi edir. Ölkəmizdə baş verən hər hansı bir hadisə dünyada diqqətlə izlənilir. Aprelin 11-də keçiriləcək prezident seçkilərinə də böyük beynəlxalq marağın olacağı şübhəsizdir. Artıq dünyanın bir çox təşkilatlarına bununla bağlı müraciətlər olunub və bəzi təşkilatlar prosesdə müşahidəçi kimi iştirak edəcəklərini təsdiqləyiblər.

- Bəhruz müəllim, bu seçkilərin ölkəmizin gələcək inkişaf paradiqmalarının müəyyənləşdirilməsində əhəmiyyəti nədən ibarətdir?

- Əgər ötən illərə nəzər salsaq, ölkəmizin hansı inkişafa nail olduğunun şahidi olarıq. 1990-cı illərin əvvəllərində müşahidə etdiyimiz o gərgin hadisələr, ölkəmizin müstəqilliyi qarşısında yaranmış təhdidləri xatırlasaq, həqiqətən də nə qədər nəhəng bir yol qət etdiyimizi görərik. Müstəqilliyin ilk illərində xaos və anarxiya içərisində olan bir dövlət bu gün öz müasirliyi, demokratik inkişafı ilə xarakterizə olunur. Azərbaycan böyük uğurlar qazanmış, iqtisadi inkişaf tempinə görə, dünyanın qabaqcıl ölkələri sırasında yer alan bir dövlətdir. Azərbaycanda bütün sahələrin inkişafı üçün konkret dövlət proqramları icra olunur, vətəndaşların sosial qayğıları tədricən aradan qaldırılır, müasir təhsil, səhiyyə obyektləri tikilir, geniş infrastruktur layihələri icra olunur, yoxsulluq və işsizlik əsaslı şəkildə aradan qaldırılıb, pensiya və əməkhaqları davamlı olaraq artırılır. Əlbəttə, növbəti prezident seçkiləri əldə olunmuş çox genişmiqyaslı nailiyyətlərin davamlılığının təmin olunmasında mühüm rol oynayacaq.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...