Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Prezident: Pambıqçılığı qoruduq, bərpa etdik və bərpa edəcəyik

Pambıqçılıq əmək tutumlu sahədir: biz pambıqçılığın inkişafı ilə bağlı, eyni zamanda, on minlərlə yeni iş yeri yaratdıq.

Mynews.az xəbər verir ki, bunu Azərbaycan prezidenti İlham Əliyev martın 26-da Bərdədə pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsində çıxışı zamanı deyib.

 Onun sözlərinə görə, bütövlükdə son illərdə pambıqçılıqla məşğul olan insanların sayı 200 minə yaxınlaşır. 

O, qeyd edib ki, bu insanların böyük əksəriyyəti işləmirdi, ancaq bu gün işlə təmin olunurlar:

“Əlbəttə ki, bu, xüsusən bölgələrdə işsizliyin aradan qaldırılması istiqamətində çox ciddi sosial sahədir.

Mən əvvəlki çıxışlarımda da bunu qeyd etmişəm, bu gün də qeyd etmək istəyirəm, bizim üçün pambıqçılığın inkişafında əldə edilmiş nəticələr arasında məhz sosial amil ön plandadır.

İş yerlərinin yaradılması əsas vəzifəmizdir, biz buna da nail ola bilmişik”.

Prezident həmçinin bildirib ki, pambıqçılıq çox gəlirli sahədir və yaxşı gəlir gətirir:

 “Pambıqçılıq ixracyönümlü sahədir.

İxrac üçün bazarları axtarmağa ehtiyac qalmır, birjalarda satılır.

Pambıqçılıq emal sənayesinə böyük təkan verir.

İndi pambıqtəmizləmə zavodları işləyir.

Onların əlbəttə ki, daha da böyük səmərə ilə işləməsi haqqında danışacağıq.

Ancaq bu sahəyə də təkan verildi.

Eyni zamanda, bunun yerli istehsala böyük dəstəyi oldu.

Çünki biz indi özümüz həm pestisid istehsal edirik, Azərbaycanda heç vaxt pestisid istehsal olunmurdu.

Keçən ildən başlayaraq pestisid istehsal etməyə başlamışıq.

Bu il Sumqayıtda böyük gübrə zavodu fəaliyyətə başlayacaq. Özümüzü gübrələrlə təmin edəcəyik. Artıq Azərbaycanda suvarma texnikasının istehsalı təşkil olunub.

Bu texnikanın istifadəsi nəticəsində biz məhsuldarlığı artıra bilərik. Mingəçevir şəhərində Yüngül Sənaye Parkı yaradılmışdır.

Mən bu barədə əvvəlki müşavirələrdə öz sözlərimi demişəm, fikirlərimi bildirmişəm.

Bütün lazımi tapşırıqlar verilmişdir.

Bu ilin fevral ayında Mingəçevirdə Yüngül Sənaye Parkının iki yeni müəssisəsi fəaliyyətə başlamışdır.

O müəssisələrdə 700-dən çox insan işləyir və 20 min ton iplik istehsal olunacaq. Bu da əvvəlki dövrdə istehsal olunan ipliyin demək olar ki, yarısıdır.

Əgər Azərbaycanda pambıqçılıq sürətlə inkişaf etməsəydi, bu müəssisələrə də ehtiyac qalmazdı.

Çünki bu fabriklər ancaq daxili xammal əsasında uğurla fəaliyyət göstərə bilər.

Yəni, görün pambıqçılığın ölkə iqtisadiyyatı üçün nə qədər böyük faydası var - ilk növbədə, məşğulluq, ölkəmizə valyuta gətirir, qeyri-neft sektorunu, qeyri-neft sənayesini inkişaf etdirir, yerli istehsala təkan verir, nəinki pambıqçılıq rayonlarında, digər rayonlarda da iş yerləri yaradır.

Azərbaycan bu gün pambıqçılıqla bağlı inkişaf templərinə görə dünyada lider ölkədir. İnanmıram dünyada ikinci ölkə tapılsın ki, iki il ərzində pambıq tədarükünü altı dəfədən çox artıra bilsin.

Biz bütün bunlara məqsədyönlü tədbirlər nəticəsində nail olmuşuq.

Bir daha demək istəyirəm, əgər pambıqçılığa dövlət dəstəyi göstərilməsəydi, biz buna nail ola bilməzdik, 2015-ci ildə 35 min ton, bu il bəlkə də 20 min ton pambıq yığılardı-yığılmazdı, bu da bəlli deyil.

Beləliklə, pambıqçılıq tamamilə məhv olub gedəcəkdi.

Biz isə buna imkan vermədik.

Pambıqçılığı qoruduq, bərpa etdik və bərpa edəcəyik”.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...