Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Ekspert: "Azərbaycan İslam dünyasında və beynəlxalq aləmdə söz sahibinə çevrilib"

“Bildiyimiz kimi, iki ay sonra Azərbaycanda İslam Həmrəyliyi Oyunları keçiriləcək və bu ərəfələrdə ölkə Prezidenti İlham Əliyevin İslam ölkələrinə, eləcə də Körfəz ölkələrinə səfərləri özündə bir çox mühüm məqamları əks etdirir. Bu mənada, cənab Prezidentin qonşu İrana səfəri və orada keçirdiyi görüşlər birmənalı olaraq Azərbaycanın regionda oynadığı əhəmiyyətli rolun - ölkəmizin və bilavasitə dövlət başçımızın yüksək nüfuzunun İslam dünyasında mövcud göstəricisidir”.

Bu fikirləri Trend-ə "Səs" qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev Azərbaycan Prezidenti İlham Əliyevin İrana rəsmi səfərini və səfər çərçivəsində əldə edilən razılaşmaları şərh edərkən deyib.

Siyasi ekspertin fikrincə, Azərbaycanın strateji hədəflərindən biri də bu çərçivədə əsas oyunçuya çevrilmək idi ki, hazırda bunun uğurlu nəticələrini müşahidə edirik:

“Həmçinin, Prezident İlham Əliyev cənablarının İrana səfərini təhlil edərkən, biz burada ilk növbədə iqtisadi tərəflərə xüsusi diqqət ayırmalıyıq. Bu gün həm Azərbaycan, həm də İran qarşılıqlı olaraq tranzit ölkələr qismində regionun iqtisadi zonasında öz sözlərini deməkdədirlər. Məsələn, Şimal-Cənub nəqliyyat dəhlizi faktoru burada strateji əhəmiyyətli hadisədir. Çünki İranla yanaşı, digər qonşumuz Rusiya da həmin layihənin reallaşmasında çox maraqlıdır. Azərbaycan isə tranzit ölkə kimi bu layihəyə dəstək verir. Bu baxımdan, belə qənaətə gələ bilərik ki, müasir mərhələdə iqtisadi və maliyyə böhranlarının kəskinləşməsi, enerji daşıyıcıları uğrunda mübarizənin daha da gərginləşməsi Şimal-Cənub dəhlizinin əhəmiyyətini dəfələrlə artırır. Eləcə də Rəşt-Astara dəmir yolunun bu layihə çərçivəsində yer alması iki ölkə arasında olan bağların möhkəmləndirilməsində əvəzsiz rol oynayacaq. O cümlədən, həm ikitərəfli maraq doğuran faktorlara, həm də regional və qlobal amillərə görə Azərbaycan-İran əməkdaşlığının yeni və daha yüksək səviyyəyə qaldırılması təbii görünür. Onu da qeyd edim ki, Xəzərin hüquqi statusunun müəyyənləşməsi məsələsində də ölkələr arasındakı fikirlər, demək olar, üst-üstə düşür”.

Ekspertin sözlərinə görə, əbəs yerə deyil ki, İran Prezidenti Həsən Ruhani bu barədə danışarkən deyib ki, Azərbaycan və İran Xəzər dənizinin sahilində yerləşdiklərinə görə, dənizin çirklənməsinin qarşısının alınması və ekosistemin qorunması hər iki ölkə üçün böyük əhəmiyyət kəsb edir:

“Məhz bu amil çərçivəsində qonşu ölkənin dövlət başçısı bildirib ki, Xəzər dənizi ilə bağlı iki vacib məsələ də var ki, onlardan biri sahilyanı beş ölkə arasında dənizin hüquqi statusu ilə bağlı razılaşmanın əldə olunmasıdır və əgər bunu nəzərə alsaq belə bir nəticəyə də gəlmək mümkündür ki, bu məsələdə Azərbaycan və İran arasında fikir birliyi və qarşılıqlı tərəfdaşlıq mövcuddur. Çünki hər iki ölkə arasında ötən illər ərzində də bu məsələ müzakirə edilib. Eləcə də Xəzər dənizindəki neft mənbələrinin birgə istifadəsinə dair əməkdaşlıq, davamlı fikir mübadilələrinin aparılması bu konteksti ehtiva etməkdədir”.

B.Quliyev daha bir amilə toxunaraq bildirib ki, Azərbaycanın regionda üçtərəfli formatların təşkil edilərək formalaşdırılmasında atdığı addımlar da xüsusi diqqət cəlb edir:

“Bu, həm də Azərbaycan Prezidenti İlham Əliyevin regiondakı liderlik faktorunun göstəricisidir. Məsələn, Azərbaycan-İran-Rusiya, Azərbaycan-İran-Türkiyə kimi üçtərəfli formatlara daha bir mühüm formatın – Azərbaycan-İran-Gürcüstan formatının yaradılması prosesinin gündəliyə çıxarılması bu mənada çox önəmli nüansları ehtiva etməkdədir. Əlbəttə ki, bütün bu kimi amillər eyni zamanda ölkə başçımızın istər regionda, istərsə də beynəlxalq aləmdəki nüfuzunun qəbul olunmasıdır. Qeyd etmək istərdim ki, energetika sahəsində də əməkdaşlıq yüksək səviyyədə inkişaf xəttini götürüb. Bütün bunlar onu təsdiq edir ki, İran rəhbərinin Azərbaycana son rəsmi səfərinin geosiyasi, iqtisadi, mədəni və başqa baxımdan tarixi əhəmiyyəti var. İki qonşu ölkə arasında əlaqələrin inkişafı üçün geniş imkanlar var. Regional əməkdaşlığın perspektivləri kontekstində bu məqamın ayrıca yeri olduğunu qəbul etmək lazımdır”.

Siyasi ekspert hesab edir ki, ümumiyyətlə, Azərbaycan və İran arasındakı mövcud münasibətlər beynəlxalq terrora qarşı mübarizədə və s. faktorlarda da öz sözünü deməkdədir və daha bir diqqətçəkici məqam son zamanlar İran turistlərinin Azərbaycana axın etmələri və ölkəmizin turizm potensialına töhfə vermələridir:

“Bu, ilk növbədə, xalqlararası münasibətlərin uzun əsrlərdən bəri formalaşmış müsbət tərəfləri kimi qiymətləndirilə bilər. O cümlədən, Azərbaycan-İran münasibətlərinin inkişaf etməsində turizm sahəsinin rolu burada öz uğurlu sözünü deməkdədir. Ümumiyyətlə, biz burada əsas olaraq Prezident İlham Əliyevin apardığı regional və xarici siyasətin uğurlarının şahidi oluruq. Xüsusilə, Prezident İlham Əliyev tərəfindən ölkəmizdə elan edilmiş "İslam Həmrəyliyi ili"ndə, həmçinin İslam Oyunları ərəfəsində bu kimi vacib faktorların reallaşdırılması Azərbaycan dövlətinin dünyada söz sahibinə çevrilməsini aşkar şəkildə sübuta yetirir”

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...