Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Tanınmışlar aprel döyüşləri haqqında - "Ordumuzda Mübariz İbrahimovlar çoxdur"

Azərbaycan xalqı aprel qələbəsinin ildönümünü qeyd edir. İki il əvvəl ordumuz işğalçı Ermənistan üzərində parlaq qələbə qazanmaqla milyonlarla insana sevinc bəxş etdi. Bu gün də qələbə sevincini yaşayır, böyük zəfərin Şuşada, Xankəndində qeyd olunacağı günü gözləyirik.
Ölkə ziyalıları, tanınmış sənət adamları qələbə sevincini azvision.az-la bölüşərək bayrağımızın Qarabağda dalğanacağına inandıqlarını deyiblər.

Xalq şairi Nəriman Həsənzadə bildirib ki, aprel döyüşləri Azərbaycan xalqında böyük ruh yüksəkliyi yaradıb: "Aprel döyüşləri sübut etdi ki, Azərbaycan ordusu öz ərazilərini azad etməyə qadirdir. Ən yeni silahla silahlanmış ordumuz düşməndən qat-qat üstündür. Mənə elə gəlir ki, aprel döyüşü bir mərhələdir. Bir çoxları deyirdi ki, Qarabağ müharibəsindən sonra insanlarda ruh düşkünlüyü yaranıb. Mən buna inanmırdım. Aprel döyüşləri göstərdi ki, xalq yumruq kimi birdir, ruh düşkünlüyü heç vaxt olmayıb".

N.Həsənzadə işğalçı erməniləri Azərbaycan torpaqlarından çıxmağa çağırıb: "İşğalçılar torpaqlarımızdan rədd olsunlar. Öz xoşları ilə getməlidirlər, yoxsa meyitləri Azərbaycan torpaqlarında qalacaq. Apreldə döyüşlər gedən zaman "Salam, ay bizim dağlar"adlı şeir yazdım. Həmin şeiri torpaqlarımıza həsr etmişdim. Müdafiə naziri Zakir Həsənov şeiri oxuyub, məni təbrik etdi".

Yazıçı Orxan Fikrətoğlu aprel döyüşlərinin Qarabağ reallığını göstərdiyini bildirib: "Aprel döyüşü bizə qələbəni daddırdı, Azərbaycanın savaşa hazır olduğunu göstərdi. Döyüşlər millətin Qarabağ problemi ilə yaşadığını ortaya çıxartdı. Bütün sosial qatların Qarabağ uğrunda savaşa hazır olduğunu gündəmə gətirdi. Bu, çox uğurlu addım idi. Aprel döyüşlərindən çox mühüm nəticələr çıxdı. Döyüşlər bizi özümüzə qaytardı".

Xalq şairi, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı qələbənin verdiyi üstünlükləri sadalayıb. Bildirib ki, aprel qələbəsi ordumuzda Mübariz İbrahimov kimi igidlərin yetişdiyini cəmiyyətimizə göstərdi:

"Aprel döyüşü bir çox məsələlərə aydınlıq gətirdi . Əvvəla göstərdi ki, Azərbaycan ordusunda Mübariz İbrahimovlar çoxdur. Onlar düşmən cəbhəsini yarıb öz torpaqlarımızda nə qədər istəsələr irəli gedə bilərlər. Yetər ki, onlara hərbi tapşırıq verilsin. İkinci isə bu döyüşlərdə belə bir nəticə hasil oldu ki, Qarabağ savaşı bütövlüklə bizim nəzarətimizdə deyil, kənar güclərin də təsiri var. Dünya ölkələri bir yandan Azərbaycan torpaqlarının bütövlüyünü tanıyır, ikinci tərəfdən Azərbaycanın savaş yolu ilə öz torpaqlarını azad etməyini istəmir. Savaş başladı və bir sıra ölkələrin müdaxiləsi ilə bu dayandırıldı. Üçüncü isə onu göstərdi ki, bizim xalqımızın qələbəyə ehtiyacı var, psixoloji cəhətdən sıxıntı içərisindədir. Hər hansısa bir qələbə onun bütövləşməsinə, vahid olmasına, gücə çevrilmsinə təkan verir. Dördüncü isə onu göstərdi ki, gənclərimiz daxilən vətən yolunda hər cür çətinliyə dözməyə hazır olan vətənpərvərlərdir. Onlar vətən uğrunda bir savaş anını gözləyirlər ki, hamıs öz gücünü nümayiş etdirsin".

S.Rüstəmxanlı hesab edir ki, aprel döyüşləri ermənilərin orada möhkəmlənməsi, istehkamlar qurması haqqında mifi dağıtdı: "Məlum oldu ki, Azərbaycan ordusu Ermənistandan güclüdür və istənilən Dağlıq Qarabağda uğurlu əməliyyat keçirə bilər. Doğrudur, itkilərimiz də oldu. İğid övladlarımız şəhid oldu. Ancaq onlarla qürur duyuruq. Aiilələrimizin göstərdiyi mətanət, övlad acısını anlayışla qarşılaşması böyük gücü idi".

Xanəndə, xalq artisti Mənsum İbrahimovun fikrincə, aprel döyüşləri Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsinin başlanğıcıdır: "Azərbaycan dünyaya göstərdi ki, torpağını istənilən anda düşməndən azad etməyə hazırdır. Çünki bizim dövlətimiz, gücümüz, texnikamız var. Aprel ayında Arif Babayev, Teyyar Bayramovla birlikdə Ağdama getmişdim. Ağdam camaatı ilə 3 cəbhə bölgəsində görüş keçirdik. Orada imkansız bir qadın var idi. Oğlu şəhid olmuşdu və ermənilərin atdığı raket zərbəsindən evi dağılmışdı. Həmin qadın dedi ki, nəyin bahasına olursa olsun torpaqlarımızın azad olunmasını istəyir. Onu nə dağılan ev, nə də başqa nəsə maraqlandırır. Oğlunun qanının yerdə qalmamasını arzulayırdı. Bildirdi ki, lazım olsa, özü də döyüşüb həlak olar. Camaatda belə əhval-ruhiyyə var idi. Bu yaxınlarda Füzulidə Lələtəpdə olduq. Düşmənlə üzbəüz yerə çıxdıq. Orada Azərbaycan əsgərinin hazır vəziyyətini, ruh yüksəkliyini gördüm. Bu qələbə bizim üçün dönüş oldu. Ermənistanın zəifliyini, bizim gücümüzü göstərdi. Aprelin ikisi həm də Kəlbəcərin işğalı gündür. Hüzn, matəm edirik. Eyni zamanda da qələbəmizi qeyd edirik. Aprel döyüşlərində şəhid olanların ruhu qarşısında baş əyirəm".

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...