Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Pərviz Ələkbərov: Prezidentin sərəncamı vəkilliyin inkişafında tarixi hadisədir

Mynews.az Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədr müavini Pərviz Ələkbərovun məqaləsini təqdim edir:

Ölkəmizdə aparılan mütərəqqi məhkəmə-hüquq islahatlarının tarixi 90-cı illərin ortalarına təsadüf edir. Müstəqil dövlətimizin ilk milli Konstitusiyasının qəbul olunması və milli dövlətçilik tariximizdə ilk dəfə parlament seçkilərinin keçirilməsi ilə Azərbaycan tarixinin yeni inkişaf mərhələsi başlayıb.

Ümummilli lider Heydər Əliyevin bilavasitə rəhbərlik etdiyi komissiya tərəfindən hazırlanaraq ümumxalq müzakirəsinə çıxarılan Konstitusiya layihəsi 1995-ci il noyabrın 12-də keçirilən ümumxalq səsverməsində - referendumda qəbul edilib.

Konstitusiyanın qəbul edilməsi ilə ölkəmizdə müasir dövrlə səsləşən məhkəmə-hüquq islahatlarının əsası qoyulub. Bu mühüm tarixi əhəmiyyətə malik sənəd ölkəmizdə insan və vətəndaş hüquq və azadlıqlarına lazımi təminatlar yaratmaqla, hüquqi dövlət və vətəndaş cəmiyyətinin qurulmasının möhkəm təməlini formalaşdırır. 

Azərbaycan Respublikasının Konstitusiyasında yüz illər boyu bəşəriyyətin əldə etdiyi mütərəqqi dəyərlər öz əksini tapıb ki, orada xalqın dövlət hakimiyyətinin yeganə mənbəyi olması, idarəçiliyin hakimiyyət bölgüsü əsasında təşkil olunması kimi təməl prinsiplər təsbit olunub, insan hüquq və azadlıqlarının müdafiəsi isə dövlət siyasətinin əsas istiqaməti, bütün dövlət orqanlarının fəaliyyətinin əsas məqsədi kimi müəyyən edilib.

Qeyd olunanlardan başqa, ölkəmizdə hüquqi islahatların həyata keçirilməsinin təmin edilməsi məqsədilə 1996-cı ildə Hüquqi İslahat Komissiyası yaradılıb. Həyata keçirilən islahatlar qanunların və digər normativ hüquqi aktların hazırlanması, hüquqi informasiya sisteminin genişləndirilməsi, məhkəmə və bütövlükdə hüquq-mühafizə orqanlarının fəaliyyətinin gücləndirilməsi, qanunların əhali arasında təbliği və öyrənilməsi kimi mühüm tədbirləri özündə ehtiva edib.

Bu mənada, 1999-cu ildə “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunun qəbul olunması aparılan islahatların insanların hüquqlarının peşəkar müdafiəsinə nə qədər önəm verilməsinin bariz nümunəsi və islahatların hansı istiqamətdə aparılmasının sübutu idi.

İstənilən ölkədə səmərəli islahatlar müəyyən vaxt tələb edən ardıcıl prosesdir. Heydər Əliyevin uğurlu siyasətinin davamçısı kimi Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev hüquqi islahatlarının dinamik inkişafı sahəsində işləri uğurla davam etdirməkdədir.

Hüquq siyasətinin varisliyini təmin edərək və müasir dövrün inkişaf perspektivlərini nəzərə alaraq, möhtərəm prezident məhkəmə hakimiyyətinin, ədliyyə, prokurorluq və digər hüquq-mühafizə orqanlarının, eləcə də, vəkilliyin fəaliyyətinin təkmilləşdirilməsi təşəbbüsü ilə çıxış edib.

Qeyd olunan islahatlar çərçivəsində Azərbaycan Respublikası prezidenti cənab İlham Əliyev 2005-ci ildə “Azərbaycan Respublikası Vəkillər Kollegiyasının maddi-texniki təminatının yaxşılaşdırılması üzrə tədbirlər barədə” Sərəncam imzalayıb, Sərəncamda Vəkillər Kollegiyasının fəaliyyətinin təşkili üçün müvafiq bina və maddi-texniki təminatı, nəqliyyat vasitələrinin alınması və vəkillərin xüsusi geyim formasının hazırlanması üçün vəsait ayrılması, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş dövlət hesabına ödənilən hüquqi yardımın məbləğinin artırılması məsələlərinin həlli nəzərdə tutulub, bundan başqa, Vəkillər Kollegiyası üzvlərinin peşə səviyyəsinin və onların göstərdikləri hüquqi yardımın keyfiyyətinin artırılması üçün müvafiq tədris prosesinin təşkili və digər zəruri tədbirlərin görülməsi Vəkillər Kollegiyasına tövsiyə edilib.

Məhz qeyd olunan Sərəncamın qəbulundan sonra ölkəmizdə vəkillərin sayının kəskin artımı müşahidə olunub, vəkilliyin sıralarında gənc hüquqşünasların nisbəti artıb.

Məlum olduğu kimi, Azərbaycan Respublikası prezidenti cənab İlham Əliyevin 22 fevral 2018-ci il tarixli Sərəncamı ilə ölkədə vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər görülməsi qərara alınıb, Azərbaycan Respublikası Vəkillər Kollegiyasına bu istiqamətdə müvafiq işlər görülməsi tövsiyə olunub.

Sərəncamın preambulasında da qeyd edildiyi kimi, vətəndaşların yüksək keyfiyyətli hüquqi yardım almaq hüququnun həyata keçirilməsi, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsi və ədalət mühakiməsinin səmərəli fəaliyyəti üçün güclü və nüfuzlu vəkillik təsisatı xüsusi əhəmiyyət kəsb etməkdədir.

Belə ki, bu ilin əvvəlindən qüvvəyə minmiş, məhkəmələrdə təmsilçilik hüququnun Vəkillər Kollegiyası üzvlərinin müstəsna səlahiyyətinə verilməsi ilə bağlı mövcud qanunvericiliyə edilmiş dəyişikliklər müstəvisində ölkəmizdə vəkilliyin rolu, eləcə də, Vəkillər Kollegiyasının iş yükü, üzərinə düşən məsuliyyət və vəzifələr xeyli artıb.

Sözügedən vəzifələrin icrası, o cümlədən qeyd olunan qanun dəyişiklikləri sonrasında vətəndaşların yüksək keyfiyyətli hüquqi yardım almaq hüququnun təmin edilməsi istiqamətində işlər görülüb, Vəkillər Kollegiyası üzvlüyünə qəbulla bağlı namizədlərin sənədlərinin qəbulu prosesi yenidən bərpa olunub və yanvar ayının sonunda Azərbaycan hüquq peşəsinə qəbul tarixində ilk dəfə iki minə yaxın namizədlə ixtisas imtahanlarının yazılı mərhələsi təşkil olunaraq keçirilib.

İmtahanlar yüksək səviyyədə, yerli və beynəlxalq təşkilatların, habelə kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı təmin olunmaqla, tam şəffaf şəraitdə keçirilib, iştirak edən namizədlərin təxminən 33 faizi tələb olunan keçid balını toplayaraq imtahanın növbəti – şifahi mərhələsinə buraxılıblar. 

Qeyd etmək lazımdır ki, ixtisas imtahanlarının növbəti mərhələsi mart ayından etibarən başlanıb, bu dəfə də tam şəffaf şəraitdə, müşahidəçilərin və kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakına açıq qaydada şifahi mərhələ davam etməkdədir.

Ümumiyyətlə, vəkillərin sayının artırılması ilə bağlı görülən işlər cənab Prezidentin adıçəkilən Sərəncamının özündən irəli gələn məsələdir ki, orada Vəkillər Kollegiyasına öz üzvlərinin sayının artırılması tövsiyə olunub.

Bu sadalanan və qeyd olunmayan digər tədbirlərin həyata keçirildiyi bir vaxtda Azərbaycan Respublikası prezidenti cənab İlham Əliyev tərəfindən həmin taleyüklü, son dərəcə əhəmiyyətli Sərəncam imzalanıb.

Sərəncamda hüquqi dövlətdə vəkillik təsisatının rolu nəzərə alınaraq, ölkəmizdə məhkəmə-hüquq sisteminin təkmilləşdirilməsi və müasirləşdirilməsi sahəsində görülən işlər çərçivəsində vəkilliyin inkişafına dəstək vermək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə bir sıra məsələlərin həlli tapşırılıb, o cümlədən Azərbaycan Respublikası Vəkillər Kollegiyasına müəyyən tədbirlər görülməsi tövsiyə olunub.

Sərəncamda Vəkillər Kollegiyası Rəyasət Heyətinin, onun strukturlarının, o cümlədən regionlarda yerləşən vəkil qurumlarının fəaliyyətinin təmin edilməsi məqsədilə müvafiq binalarla təmin olunması, bundan əlavə Kollegiyanın istifadəsində olan binaların təmiri, zəruri kompüter avadanlığının və digər avadanlığın alınması məqsədilə vəsait ayrılması nəzərdə tutulub.

Sərəncamda qeyd olunan çox vacib məsələlərdən biri də dövlət hesabına göstərilən hüquqi yardıma görə vəkillərə ödənilən məbləğin 3 dəfə artırılması olub. Belə ki, buna qədər vəkillərə sözügedən xidmətlərə görə ödənilən vəsait olduqca az idi və vəkilin göstərdiyi xidmətlərin əvəzini qarşılamırdı.

Bu mütərəqqi addımla isə vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan şəxslərin Konstitusiya ilə müəyyən olunmuş keyfiyyətli hüquqi yardım almaq hüquqlarının təmin olunması, bu xidmətləri göstərən vəkillərin maddi təminatlarının artırılması və son nəticədə göstərilən hüquqi xidmətin keyfiyyətinin artması məsələləri öz həllini tapacaqdır.

Bundan başqa, Sərəncamda Azərbaycan Respublikası Vəkillər Kollegiyasına bir sıra məsələlərin həlli ilə bağlı tövsiyələrə yer verilib ki, bu tövsiyələr son nəticədə Azərbaycanda vəkillik institunun inkişafı, onun nüfuzunun artırılması və hüquqi cəmiyyətdə olduqca vacib olan rolunun həyata keçirilməsi baxımından bir növ yol xəritəsi kimi qəbul edilməlidir.

Belə ki, ixtisas imtahanlarının müntəzəm keçirilməsi, Vəkillər Kollegiyasına yeni üzvlərin, xüsusən gənc hüquqşünasların qəbul edilməsi üçün şərait yaradılması ilə bağlı Sərəncamda qeyd olunan tövsiyə qanunvericiliyə daha öncə qeyd edilmiş dəyişikliklərdən sonra icrası zəruri olan bir məqsəd halını alıb, bu istiqamətdə artıq müəyyən tədbirlər görülüb və bu tədbirlərin davamlı olması üçün də işlər görülməkdədir.

Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Vəkillər Kollegiyası nəzərdə tutulmuş tədbirləri ilin əvvəlində keçirilmiş ixtisas imtahanları ilə məhdudlaşdırmamaqla bərabər, belə imtahanların müntəzəm qaydada təşkil olunub keçirilməsi arzusundadır.

Sərəncamda qeyd edilmiş digər bir məsələ vəkillərin peşə hazırlığının və ixtisasının artırılması ilə bağlıdır. Bununla bağlı qeyd edilməlidir ki, vətəndaşlara göstərilən hüquqi xidmətin keyfiyyətinin daim artırılması, vəkillərin peşə bacarıqlarının, o cümlədən hüquqi ixtisaslarının lazımi və günün tələblərinə cavab verən səviyyəyə çatdırılması baxımından onların davamlı olaraq tədris kurslarına cəlb olunmaları zəruridir. Belə ki, bu məsələ həm yüksək keyfiyyətli hüquqi yardım almaq hüququna sahib olan ölkə vətəndaşlarının maraqları, həm də ölkədə vəkilliyin nüfüzunun artırılması baxımından olduqca əhəmiyyətlidir.

Bundan əlavə, Azərbaycan Respublikası Prezidenti tərəfindən imzalanmış Sərəncamda Azərbaycan Respublikası Vəkillər Kollegiyasının fəaliyyətində şəffaflığın artırılması və ictimaiyyətlə əlaqələrin daha da genişləndirilməsi, Kollegiyanın və vəkillərin fəaliyyətində müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqini və hüquqi xidmətlərin elektron formada göstərilməsi təcrübəsini genişləndirmək üçün vəkilliyin vahid elektron informasiya sisteminin təşkili və bu sistemin “Elektron məhkəmə” informasiya sisteminə inteqrasiyası istiqamətində tədbirlər görülməsi də Azərbaycan Respublikası Vəkillər Kollegiyasına tövsiyə olunmuşdur. Məlumdur ki, bir neçə ay öncə Vəkillər Kollegiyasının tam yenilənmiş, müasir standartlara, vətəndaşların və vəkillərin tələblərinə cavab verən rəsmi veb-səhifəsi istifadəyə verilmiş, ictimaiyyətlə əlaqələrin genişləndirilməsi məqsədilə kütləvi informasiya vasitələri ilə sıx əməkdaşlıq əlaqələri yaradılmış, habelə sosial şəbəkələrdə vətəndaşların Vəkillər Kollegiyasına dair aktual xəbərlərə çatımlılığının təmin edilməsi üçün tədbirlər görülmüşdür. Görülən işlərin məntiqi davamı olaraq, Vəkillər Kollegiyası bundan sonra da ictimaiyyət və kütləvi informasiya vasitələri ilə əlaqələrin genişləndirilməsi istiqamətində səylərini artıracaqdır.

Eyni zamanda, Kollegiya bütün vəkillərin elektron reyestrinin hazırlanması, bu reyestrin sayəsində vətəndaşların vəkillərin ümumi məlumatlarına çatımlılığının təmin edilməsi məqsədilə vəkillərin zəruri anket məlumatları toplayır və bu məlumatlar Kollegiyanın rəsmi veb-səhifəsində yaradılmış müvafiq bölmədə yerləşdirilir. Bu məlumatlara əsasən, hüquqi yardıma ehtiyacı olan istənilən şəxs öz tələblərinə uyğun vəkili asanlıqla müəyyən edə, onunla rahat şəkildə əlaqə saxlaya bilir.

Onu da qeyd etmək yerinə düşərdi ki, ölkədə aparılan mütərəqqi məhkəmə-hüquq islahatları çərçivəsində yaradılmış elektron məhkəmə sistemindən vəkillərin istifadəsinin asanlaşdırılması və stimullaşdırılması məqsədilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi ilə əldə olunmuş razılığa əsasən vəkillərin Asan İmza ilə təmin olunması istiqamətində də tədbirlər görülməkdədir.

Sonda qeyd etmək yerinə düşər ki, təməli Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş və hal-hazırda möhtərəm cənab Prezident İlham Əliyev tərəfindən uğurla aparılan, gələcəyə hesablanmış, vətəndaşlarımızın hüquqlarının ən yüksək səviyyədə müdafiəsinə yönəlmiş və eyni zamanda ölkəmizdə ədalət mühakiməsinin səmərəliliyinin artırılmasına istiqamətlənmiş mütərəqqi məhkəmə-hüquq islahatlarının sütunlarından birini məhz vəkillik təşkil edir ki, bu təməlin daha da sağlamlaşdırılmasında Azərbaycan Respublikasının Vəkillər Kollegiyası qanunla öz üzərinə düşən öhdəlikləri ən yüksək səviyyədə icra edəcəkdir.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...