Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Azərbaycan prezidentini seçir - YENİLƏNİB + CANLI YAYIM

Azərbaycan Mərkəzi Seçki Komissiyası (MSK) bu gün keçirilən prezident seçkiləri ilə əlaqədar keçirilən səsvermədə saat 15:00-a olan seçici fəallığı barədə məlumatları açıqlayıb.

Mynews.az-ın xəbərinə görə, MSK Katibliyinin Seçkilər İnformasiya Mərkəzinin müdiri Fərid Orucov deyib ki, səsverməyə start verilən andan - saat 08:00-dan saat 15:00-dək ölkə üzrə 5 milyon 314 min 365 seçicidən 3 milyon 227 min 817 nəfəri (ümumi seçicilərin 60.74%-i) səsvermədə iştirak edib.

13:34

Azərbaycanda keçirilən prezident seçkilərində saat 12:00-dək olan seçici fəallığı açıqlanıb.

Mynews.az-ın məlumatına görə, MSK Katibliyinin Seçkilər İnformasiya Mərkəzinin müdiri Fərid Orucov qeyd edib ki, saat 12:00-a qədər 2 milyon 93 min 343 nəfər səs verib.

Onun sözlərinə görə, bu, seçicilərin 39.39 faizi deməkdir.

10:39

Azərbaycanda keçirilən prezident seçkilərində saat 10:00-dək olan seçici fəallığı açıqlanıb.

Mynews.az-ın məlumatına görə, MSK Katibliyinin Seçkilər İnformasiya Mərkəzinin müdiri Fərid Orucov qeyd edib ki, saat 10:00-a qədər 994196 nəfər səs verib.

Onun sözlərinə görə, seçkidə 18,71 faiz seçici öz iradəsini ifadə edib.

08:00

Bu gün Azərbaycanda növbəti prezident seçkiləri keçirilir.

Mynews.az-ın xəbərinə görə, artıq saat 8:00-dan etibarən ölkənin bütün seçki məntəqələrində səsvermə prosesinə start verilib.

Səsvermə prosesi axşam saat 19:00-a kimi davam edəcək. 

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın Seçkilər İnformasiya Mərkəzində keçirdiyi mətbuat konfransında seçkilərə hazırlıq prosesi barədə məlumat verib, hazırlığın yüksək səviyyədə aparıldığını bildirib.

MSK sədri seçki prosesinin Seçki Məcəlləsinə uyğun keçməsi üçün MSK-nın bütün lazımi tədbirləri gördüyünü nəzərə çatdırıb.

00:01

Bu gün - aprelin 11-i Azərbaycanda prezident seçkiləridir.

Mynews.az-ın xəbərinə görə, bu gün Azərbaycan seçiciləri növbəti yeddi il müddətinə ölkə prezidentini seçəcəklər.

Mərkəzi Seçki Komissiyasının (MSK) açıqladığı məlumata görə, Azərbaycanda səsvermə hüququ olan 5 milyon 192 min 42 şəxs var.

Seçkilərlə bağlı səsverməyə gəlincə, proses səhər saat 8:00-da başlayıb, axşam saat 19:00-da başa çatacaq.

Qeyd edək ki, MSK səkkiz nəfərin prezidentliyə namizədliyini qeydə alıb.

Bunlar prezidentliyə namizədliyi hakim Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülən İlham Əliyev, namizədliyi Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası tərəfindən irəli sürülən Qüdrət Həsənquliyev, namizədliyi Azərbaycan Sosial Demokrat Partiyası tərəfindən irəli sürülən Araz Əlizadə, namizədliyi Milli Dirçəliş Hərəkatı Partiyası tərəfindən irəli sürülən Fərəc Quliyev, namizədliyi “Cəbhəçilərin təşəbbüs qrupu” tərəfindən irəli sürülən Razi Nurullayev, namizədliyi Müasir Müsavat Partiyası tərəfindən irəli sürülən Hafiz Hacıyev, öz təşəbbüsü ilə namizədliyini irəli sürən Zahid Oruc  və namizədliyi Azərbaycan Demokrat Partiyası tərəfindən irəli sürülən Sərdar Məmmədovdur (Cəlaloğlu).

Qeyd edək ki, “Els” Müstəqil Araşdırmalar Mərkəzi, “RƏY” Monitorinq Mərkəzi, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası ABŞ-ın “Artur Finkelşteyn və Assosiasiya” şirkəti ilə birlikdə və Vətəndaş Cəmiyyəti uğrunda Müstəqil Məsləhət və Yardım Mərkəzi Fransanın “Opinion Way” təşkilatı ilə birlikdə “exit-poll” keçirəcək.

Seçkiləri ümumilikdə 1000-ə yaxın beynəlxalq, 60 minə yaxın isə yerli müşahidəçi izləyəcək.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...