Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Vaşinqtonda Azərbaycan Səfirliyi və Ramsfeld Fondunun birgə tədbiri - FOTO

Azərbaycan Respublikasının ABŞ-dakı Səfirliyində nüfuzlu Donald Ramsfeld Fondunun (Rumsfeld Foundation) Mərkəzi Asiya, Cənubi Qafqaz, Əfqanıstan və Monqolustan ölkələrini əhatə edən proqramı çərçivəsində sözügüdən dövlətlərin nümayəndələrinin iştirakı ilə tədbir təşkil olunub.  

Mynews.az xəbər verir ki, tədbirdə diplomatik korpus, eləcə də, ABŞ Administrasiya rəsmiləri, Vaşinqtonun analitik mərkəzlərinin nümayəndələri, Dövlət Departamentinin Qafqaz və Regional Münaqişələr ofisinin direktoru Alisia Allison, ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Endryu Şofer, ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta, Ramsfeld Fondunun icraçı direktoru Sara Tonuçi və digərləri iştirak edib. 

Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov qonaqları salamlayaraq öz çıxışında Ramsfeld Fondunun proqramında iştirak edən nümayəndələrin səfirliyə gəlişinin ənənəyə çevrildiyini müsbət məqam kimi qeyd edib.

Səfir Azərbaycanın ümummilli lideri Heydər Əliyevin region çərçivəsində əməkdaşlığa xüsusi əhəmiyyət verdiyini bildirib və Azərbaycanın indiki siyasətinin irimiqyaslı layihələr həyata keçirməklə həm özünün, həm də qonşu ölkələrin rifahına töhfə verməkdən ibarət olduğunu diqqətə çatdırıb. 

Ölkəmizin təşəbbüsü ilə Azərbaycan, Gürcüstan, Mərkəzi Asiya, Xəzər dənizi və Qara dəniz regionlarını birləşdirən nəhəng neft-qaz və nəqliyyat layihələrinin regiondaxili əməkdaşlıq və bu ölkələrin rifahının və müstəqilliyinin gücləndirilməsi baxımından vacib olduğu vurğulanıb.

Səfir qeyd edib ki, D.Ramsfeld ABŞ Müdafiə Katibi vəzifəsində işləyərkən regionun strateji əhəmiyyətini anlayıb, regionla sıx əməkdaşlıq edib və Azərbaycanla ABŞ arasında münasibətlərin inkişafına töhfə verib. 

Azərbaycanın 100 il bundan öncə müsəlman dünyasında ilk demokratik respublika yaratması təcrübəsinin bütün region üçün faydalı təcrübə olduğunu qeyd edən səfir xalqlarımızın bir-birimizin təcrübəsindən öyrənilməsinin vacib olduğunu və bu xüsusda, Ramsfeld Fondunun builki regional konfransın məhz Bakıda keçirilməsinin əhəmiyyətli olduğunu vurğulayıb.

ABŞ-ın Azərbaycandakı səfiri R. Sekuta çıxışında qeyd edib ki, bu yaxınlarda Azərbaycanda prezident seçkilərinin keçirilməsi və cənab İlham Əliyevin Azərbaycan Republikasının yenidən prezident seçilməsi sabitlik və inkişaf üçün müsbət bir haldır və ölkəmizlə tərəfdaşlığı irəli aparmaq və əməkdaşlıq üçün yeni imkanlar yaradır.

Səfir Sekuta bu il Azərbaycan Demokratik Respublikasının 100 illiyinin qeyd olunduğunu və  Azərbaycanla ABŞ arasında münasibətlərin keçmiş 26 ili ərzində bir çox işlər görüldüyünü deyib və prezident seçkilərindən sonra yaranmış imkanlardan istifadə edərək əməkdaşlığın yeni mərhələyə çatdırılması və daha da genişləndirilməsinə ümidini bildirib. 

Ramsfeld Fondunun proqramı iştirakçıları adından çıxış edən Azərbaycan nümayəndəsi Sərxan Həşimov Ramsfeld Fonduna və Azərbaycan Səfirliyinə minnətdarlığını bildirərək, regional əməkdaşlığın olduqca vacib olduğunu və Azərbaycanın regionun lideri olaraq dost və tərəfdaş xalqlarla birlikdə gələcəyə ümidlə baxdığını qeyd edib. 

 

 

 

 

 

 

 

 

 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...