Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Hikmət Babaoğlu: Türkiyə-Azərbaycan əməkdaşlığı regionun gələcəyi üçün olduqca faydalı perspektivlər yaradır

Prezident İlham Əliyevin seçkilərdən sonra ilk səfərini qardaş Türkiyə Cümhuriyyətinə etməsi iki ölkə arasında strateji müttəfiqliyin nə dərəcədə əhəmiyyətli olduğunu bir daha ortaya qoydu. Prezident iki ölkə arasındakı münasibətləri xarakterizə edərkən bildirdi ki, bizi birləşdirən qədim və yeni tarix var. Tərəddüdsüz olaraq qeyd edə bilərik ki, əgər bu tarixin qədim dövrünü əcdadlarımız, müstəqilliyimizin ilk illərində böyük dövlət xadimi Heydər Əliyev qurubsa, ən yeni siyasi tariximizdə Türkiyə-Azərbaycan münasibətlərinin yeni keyfiyyətdə qurucusu məhz İlham Əliyevdir.

Mynews.az-ın məlumatına görə, bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu bildirib.

Hikmət Babaoğlu qeyd edib ki, bu münasibətlər xalqlarımızın milli maraqlarına və ortaq mənafelərinə əsaslanır. O vurğulayıb ki, hazırkı mürəkkəb beynəlxalq münasibətlər sistemində Türkiyə-Azərbaycan əlaqələri regionda sabitləşdirici rol oynayır. Bu əlaqələr işğalçı Ermənistan istisna olmaqla digər bütün region ölkələri üçün mühüm əməkdaşlıq platformasıdır. Türkiyə-Azərbaycan əməkdaşlığı regionun gələcəyi üçün olduqca faydalı perspektivlər yaradır. Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri, Bakı-Tbilisi-Qars dəmir yolu xətti kimi ciddi strateji çəkiyə malik layihələr Türkiyəni mühüm infrastruktur dəhlizinə çevirib. Qardaş ölkə bu mühüm enerji və nəqliyyat layihələrindən bəhrələnməklə həm tranzit məkanına çevrilib, həm də bu layihələrdə pay sahibi olub. Türkiyə 40 milyard dollarlıq “Cənub Qaz Dəhlizi” layihəsinin üçüncü seqmentinin inşasına ev sahibliyi etməklə Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm iştirakçıya çevrilib. Bu da qardaş ölkədə yüksək qiymətləndirilir. Bundan başqa, Azərbaycan Türkiyə iqtisadiyyatına 14 milyard, Türkiyə isə ölkəmizin iqtisadiyyatına 12 milyard dollar həcmində sərmayə qoyub. Əldə edilən bu mühüm nailiyyətlər yeni perspektivlər yaradır. Bütün bu məsələlər daha sıx əməkdaşlığı və daha dərin inteqrasiyanı şərtləndirir. Ona görə də Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının yeddinci iclasında bütün bu məsələlər ətraflı müzakirə edildi, xeyli sayda müqavilə imzalandı. Diqqət etsək, bu müqavilələr sosial-iqtisadi sahədən başlamış elmi–mədəni sahəyə, hətta hərbi-strateji sahəyə qədər olduqca geniş sektorları əhatə edir.

Milli Məclisin deputatı Prezident İlham Əliyevin bir fikrini xatırladaraq bildirib ki, Türkiyə hazırda dünya miqyasında bir gücdür, onun çox inkişaf etmiş müdafiə sənayesi var. Ona görə də iki ölkə arasında hərbi əməkdaşlıq və müdafiə sənayesi məhsullarının əldə edilməsi ilə də bağlı müqavilələr imzalandı və bunlar Azərbaycanın hərbi-siyasi təhlükəsizliyi üçün mühüm əhəmiyyət kəsb edir. Bütün bunlarla yanaşı, Azərbaycan və Türkiyə öz təhlükəsizliklərini təmin etmək üçün terrorizmə qarşı da birgə mübarizə aparırlar. Bu mövzuda danışan Prezident İlham Əliyev bildirdi ki, Türkiyənin uğurla həyata keçirdiyi “Zeytun budağı” antiterror əməliyyatı həm də bizim məsələ idi. Doğurdan da bu əməliyyat nəticəsində çoxsaylı terrorçu zərərsizləşdirilməsəydi bir müddət sonra terrorçu Ermənistan vasitəsilə ölkəmizdə də terror aktlarının həyata keçirilməsi ehtimalları istisna deyildi. Bütün bunlar və buna bənzər çoxsaylı strateji məsələlər iki ölkənin öz təhlükəsizliklərini birlikdə təmin etmələri zərurətini yaradır. Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan da bu istiqamətdə addımlar ataraq XXI əsrdə milli təhlükəsizliyimizin yeni strateji əsaslarını yaradırlar.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...