Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

“Dedim ki, silahımı verin özümü vurum, ya da siz vurun, deyərsiniz ki, şəhid oldu...”

Şanlı aprel döyüşlərimiz bir daha ermənilərə göstərdi ki, ordumuz istənilən vaxt işğal altındakı torpaqlarımızı  geri qaytara bilər. Döyüşlərdə Xüsusi Təyinatlı Dəstəmiz çox böyük qəhrəmanlıq nümayiş etdirdi. 

Moderator.az aprel döyüşçüləri ilə bağlı növbəti yazını təqdim edir. Qrup komandiri, kapitan Elşad Bahadır oğlu Haşımov öz döyüş yola haqda bizə danışır:

 

“Qrup komandirinin müavini kimi xidmətə başladım...”

“Mən Haşımov Elşad Bahadır oğlu 1986-cı il may ayının 7-də Abşeron rayon Digah qəsəbəsində anadan olmuşam. 2000-ci ildə Cəmşid Naxçıvanski adına hərbi liseyə qəbul olundum. Liseyi bitirdikdən sonra 2003-cü ildə Heydər Əliyev adına Ali Hərbi məktəbə qəbul olundum. 2007-ci ildə təhsilimi başa vuraraq leytenant rütbəsi alıb silahlı qüvvələrimizin sıralarında xidmətə başladım. 2009-cu ildə Xüsusi Təyinatlı Dəstələr üçün altı aylıq kursda oxudum və qrup komandirinin müavini kimi xidmətə başladım.  2014-cü ildən döyüş tapşırıqlarına iştirak edirəm. Yanvarın 19-dan 20-nə keçən gecə və may ayının 27-dən 28-nə keçən gecə uğurlu döyüş tapşırıqları yerinə yetirmişəm. Cocuq Mərcanlı kəndində uğurlu əməliyyatlarım olub.

“Düşmən elə bilirdi ki, bizi pusquda öldürüb...”

Döyüşlər aprelin 1-də gecə saatlarında başladı. Gecə saat 12-də ermənilərin üç postunu keçdik. Barambat meşəsi tərəfdən saat 04:15-də pusquya düşdük. Onlar elə bildilər ki, bizi öldürəcəklər, amma belə olmadı. Bizim peşəkarlığımız və Allahın nəzərinin üstümüzdə olması bizim ordan sağ çıxmağımıza kömək oldu. Heç birimizə heç nə olmadı. Səhər saat 6:00 radələrində Talış kəndində idik. Düşmən elə bilirdi ki, bizi pusquda öldürüb. 

“Ermənilər o qədər özlərini itirmişdilər ki...”

Saat 06:30-da bütün yüksəklikləri tutduq. Mənim qrupum kəndin çıxış tərəfini tutmuşdu. Gözləyirdik ki, tanklarımız gəlsin, amma ermənilər müqavimət göstərdiyi üçün tanklarımız gələ bilmədi. Biz kənddə olanda hamı qaçıb getmişdi. Ermənilər o qədər özlərini itirmişdilər ki, atəşi yerə atırdılar. Atdıqları güllələr yerə dəyirdi. Əsas kordinatları digər qrup komandirimiz kapitan Əliağa Zeynalov həyata keçirirdi. O, kordinatları verən kimi artilleriyamız həmin nöqtələri məhv etdi. 

“Kamazda olan sürücü və kapitan Qabayanı öldürdük...”

Ermənilər qorxularından hərbi maşınlarını batalyonun ərazisində yox, hərəsin bir kənd evində saxlamışdılar ki, artilleriyamızın zərbələrinə tuş gəlməsinlər. Erməni əsgərləri o qədər özlərini itirmişdilər ki, qaça-qaça üstümüzə gəlirdilər. Ermənilər silahlarını qoyub Madagiz tərəfdən meşəyə girib qaçırdılar.Talış kəndinin çıxışında ermənilərin postlarına silah-sursat gətirən Kamaz markalı yük maşınını pusquya saldıq. Kamazda olan sürücü və kapitan Qabayanı öldürdük. İsətdik ki, silah-sursatla birlikdə maşını partladaq, amma sonradan qərara gəldik ki, silahları saxlayaq lazım olsa burda istifadə edərik.  

“Amma buna da nail olmadılar...”

Aprelin 2-də günorta saat 12:30-da düşmən Madagiz istiqamətindən 7 tank və 4 topla hücuma keçdi. Həmin vaxtı bizim bir şəhidimiz Dilsuz Qarayev və bir yaralımız var idi. Düşmən artıq bir az özünə gəlmişdi. Onlar pilotsuz helikopterlərini havaya qaldırıb müşahidə apararaq bizi vurmaq istəyirdilər. Amma buna da nail olmadılar. Biz geri çəkilib gözlədik. 

“Yenə dedim ki, silahımı verin, ya da məni burda vurun...”

Sonra bizə yenidən əmr verildi ki, kəndə girin. Biz 12 nəfər şəxsi heyyətlə kəndə qayıtdıq. Saat 16:30-da pusquya düşdük. Qeyri-bərabər döyüş idi. 12 nəfər şəxsi heyyətlə 150 nəfər silahlı erməniyə qarşə döyüşürdük. Burda da Allah bizi saxladı. İki nəfər yaralandı, onlardan biri mən idim, digəri isə başqa hərbçi yoldaşım oldu. Güllə ayağımın sinir sistemindəki damarı zədələndiyindən ayağım qurumuşdu. Özümü çox pis hiss edirdim. Düşünürdüm ki, bu vəziyyətdə uşaqlara yük oluram. Dedim ki, silahımı verin. Hərbçi yoldaşlarım dedi ki, silahını neynirsən? Yenə dedim ki, silahımı verin, ya da məni burda vurun. Gedib deyərsiniz ki, şəhid oldu. Amma hərbçi yoldaşlar bununla razılaşmadılar. Dedilər ki, sən nə danışırsan. Nə olur, olsun səni burda qoymarıq. Mən yoldaşların köməyi ilə ordan çıxarıldım. Məsafədən asılı olaraq mənim təxliyyəm 20 saat çəkdi.

“Ravil gülə-gülə deyib ki, mən şəhid olmağa gedirəm...”

Aprelin 3-də məni hospitala çatdırdılar. Biz geri çəkiləndən sonra başqa qrupumuz gələrək ermənilərin postunu aldılar. Postu 9 nəfər şəxsiyyət almışdı. Orda öndə gedən şəhid gizirimiz Ravil Novruzov olub. Uşaqlar deyir ki, Ravil gülə-gülə deyib ki, mən şəhid olmağa gedirəm. Həmin döyüşdə gizir Elimdar Səfərovu isə düşmən snayperi vurdu. Məni İnci çayın qırağına gətirdilər və orda gördüm ki, Elimdar şəhid olub. Ermənilərin aldığımız postlara etdikəri hücumlar nəticə vermədiyindən məyus olmuşdular. Postu sonra Milli Qəhrəmanımız Murad Mirzəyev və onun tabeçiliyində olan döyüşçülərə təhvil vermişdilər. Onlar da ermənilərin tankdan açdıqları atəşlərə baxmayaraq postu tərk etməyiblər. Onlar xüsusi təyinatlılara yaraşan bir addım ataraq sona qədər döyüşüb şəhid oldular. 

“Ermənilər itkilərini gizlədirlər...”

Döyüşlərdə ermənilərin 500-dən çox canlı qüvvəsi məhv edilib. Amma onlar bu statistikanı gizlədirlər. Ancaq İrəvandan olan hərbçilərin siyahısını təqdim edirlər. Qarabağdan olan erməni hərbçilərin döyüşlərdə necə məhv edildiyini gizlədirlər. 

 “Ermənilər bizim üçün heç kimdir...”

Aprel döyüşləri bizim üçün bir qəhərmanlıq tarixidir. İndi sağ ayağım elə də yaxşı işləmir. Amma bu gün də Ali Baş Komandan əmr verərsə, yenidən döyüşlərə qatılmağa hazıram. Ayağımdakı problemlə bağlı ordudan təxris olunmuşam və ölkə başçısı tərəfindən “Vətən uğrunda” medalı ilə təltif edildim. Bu gün erməni bizim üçün heç kimdir. Sizə dəqiq deyim ki, ermənilər silah ata bilmir. O qədər qorxmuşdular ki, silahı hara gəldi atırdılar”. 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...