Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

İlham Əliyev Xızıda - YENİLƏNİB + FOTO

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev mayın 4-də Xızı rayonuna səfəri çərçivəsində başlanğıcını Giləzi-Xızı yolunun 34-cü kilometrliyindən götürən və əsaslı şəkildə yenidən qurulan Fındığan kəndinədək olan yolun açılışını edib.

Mynews.az xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyətinin sədri Saleh Məmmədov əsaslı şəkildə yenidən qurulan yolun texniki göstəriciləri barədə dövlətimizin başçısına məlumat verib. 

Bu yolun tikintisi prezident İlham Əliyevin 2018-ci ilin fevralında imzaladığı sərəncama əsasən həyata keçirilib. 600 nəfər əhalinin yaşadığı Fındığan kəndini Giləzi-Xızı avtomagistralının 34-cü kilometrliyi ilə birləşdirən yolun ümumi uzunluğu 5 kilometrdir. Yol 4-cü texniki dərəcəyə aiddir. 

Hərəkət hissəsinin eni altı metr olan yol ikizolaqlıdır. Yolun yenidən qurulması zamanı genişmiqyaslı torpaq və asfalt-beton işləri görülüb. Yol boyunca 226 metr müxtəlif diametrli suötürücü borular tikilib, zəruri yerlərdə yol nişanları və göstərici lövhələr quraşdırılıb, cizgi xətləri çəkilib. 

Bu yolun istifadəyə verilməsi Fındığan kənd sakinlərinin Giləzi-Xızı avtomobil yoluna və Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomagistralına çıxışını təmin edir. Bu yolun yenidən qurulması bir daha sübut edir ki, prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən siyasətin mərkəzində Azərbaycan vətəndaşının maraqları dayanır.

Dövlətimizin başçısı yolun rəmzi açılışını bildirən lenti kəsib.

Sonda xatirə şəkli çəkdirilib.

13:49

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev mayın 4-də “Xızı şəhərində və Altıağac qəsəbəsində içməli su təchizatı sistemlərinin yenidən qurulması və kanalizasiya şəbəkəsinin yaradılması” layihəsinin yekunlaşması ilə bağlı keçirilən mərasimdə iştirak edib.

Mynews.az xəbər verir ki, dövlətimizin başçısı əvvəlcə rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.

Sonra “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov dövlətimizin başçısına layihə barədə məlumat verib.

Azərbaycan Hökuməti və Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi tərəfindən birgə maliyyələşdirilən Xızı şəhəri və Altıağac qəsəbəsinin içməli su təchizatı sistemlərinin yenidən qurulması və ilk dəfə olaraq kanalizasiya şəbəkəsinin yaradılması layihəsi 2030-cu ilə qədər perspektiv inkişaf nəzərə alınmaqla Xızı şəhərində 3300, Altıağac qəsəbəsində isə 1500 nəfərin içməli su və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanıb. Rayonun 3 kəndi də daxil olmaqla layihədən cəmi 6,3 min nəfər faydalanacaq. 

Xızı rayonunda yüksək məhsuldarlığa malik su mənbələri olmadığından yaşayış məntəqələrinin su təchizatının müxtəlif mənbələr hesabına təmin olunması layihələndirilib. Layihəyə əsasən Xızı şəhərinin və Altıağac qəsəbəsinin əsas su mənbəyi sayılan Dahardibidə məhsuldarlığı gündə 864 kubmetr, Qarsda məhsuldarlığı gündə 430 kubmetr, Şəfada məhsuldarlığı gündə 240 kubmetr və Yeddibulaqda məhsuldarlığı gündə 40 kubmetr olan sugötürücü qurğular inşa olunub. 

Ümumi tutumu 1400 kubmetr olan 4 anbar tikilib, mənbələrdən götürülən suyun anbar kompleksinə nəqli məqsədilə, ümumilikdə, 18 kilometr magistral su xətti çəkilib. Layihə çərçivəsində Xızı şəhərində və Altıağac qəsəbəsində 52,4 kilometr içməli su və 32,4 kilometr kanalizasiya şəbəkələrinin, həmçinin şəbəkə üzərində 1513 baxış quyusunun inşası başa çatdırılıb, hər bir evin və obyektin kanalizasiya şəbəkəsinə qoşulması təmin edilib.

Layihənin icrası zamanı yeni yaradılmış infrastruktur, mənbədən tutmuş sonuncu istifadəçiyə qədər “Azərsu” ASC-nin Coğrafi İnformasiya Sisteminə işlənilib və bu məlumatlar rəqəmsal xəritədə öz əksini tapıb.

Coğrafi İnformasiya Sisteminin bir elementi olan Bina-kimlik layihəsi isə abonent haqqında bütün məlumatların xəritə üzərindən alınmasına və çeşidli təhlillərin aparılmasına imkan verir. 

Buraya abonentin yaşadığı ünvan, əlaqə vasitələri, istifadə etdiyi suyun həcmi, ödənişləri və təhlil üçün lazım olan digər informasiyalar daxildir. Layihə baş vermiş qəza yerinə vaxtında müdaxilə etmək imkanı yaradır ki, bu da istismar prosesini asanlaşdırmaqla su itkilərinin minimuma endirilməsinə gətirib çıxarır. Eyni zamanda, baş verə biləcək fasilələr barədə abonentləri əvvəlcədən məlumatlandırmaq imkanları yaradır.

Hazırda Xızı şəhərində məhsuldarlığı sutkada 1500 kubmetr, Altıağac qəsəbəsində isə məhsuldarlığı sutkada 350 kubmetr olan tullantı sutəmizləyici qurğuların tikintisi üzrə tender prosesi yekunlaşmaq üzrədir. Yeni layihənin icrasına qədər Xızı şəhərində 1985-1991-ci illərdə yaradılmış su təchizatı sistemləri istismar edilirdi.

Şəhərdə mövcud 29 kilometr su şəbəkəsi istismara yararsız vəziyyətə düşdüyündən su təchizatı normal həyata keçirilmirdi. Altıağac qəsəbəsində 1980-ci illərin əvvəllərində yaradılmış içməli su təchizatı sistemi də istismar tələblərinə cavab vermirdi.

Qəsəbə sakinlərinin 60 faizi mərkəzləşdirilmiş qaydada içməli su ilə təchiz edilirdi. Xızı şəhərində və Altıağac qəsəbələrində kanalizasiya sistemləri isə, ümumiyyətlə, mövcud olmayıb.

Sonra Prezident İlham Əliyev Xızı şəhərinə və Altıağac qəsəbəsinə içməli suyun verilməsini bildirən düyməni basıb.

Layihə çərçivəsində Xızı Sukanal İdarəsi üçün müasir tipli inzibati bina inşa olunub. Binanın foyesində Ulu Öndərin büstü qoyulub. Burada müştəri xidmətləri və istehsalat şöbəsi fəaliyyət göstərəcək. Binada, həmçinin texnoloq, mühəndis, mühasibat otaqları, arxiv, anbar da yaradılıb. Binadakı iclas zalında qurumun fəaliyyəti ilə bağlı müxtəlif toplantılar keçirmək mümkündür.

Sonda xatirə şəkli çəkdirilib.

13:35

Prezidenti İlham Əliyev mayın 4-də Xızı rayonuna səfər edib.

Mynews.az məlumatına görə, dövlət başçısı əvvəlcə Xızı şəhərinin mərkəzində Heydər Əliyev Parkında ümummilli liderin abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyub.

Xızı Rayon İcra Hakimiyyətinin başçısı Xəzər Aslanov parkda görülən işlər, həmçinin rayonda həyata keçirilən abadlıq və quruculuq tədbirləri barədə prezidentə məlumat verib.

11:40

Azərbaycan prezidenti İlham Əliyev Xaçmaz-Xudat avtomobil yolunun 24 kilometrlik hissəsinin yenidənqurma və bərpadan sonra açılışında iştirak edib.

Mynews.az-ın məlumatına görə, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyətinin sədri Saleh Məmmədov yeni yolun texniki göstəriciləri barədə dövlət başçısına məlumat verib.

Prezident İlham Əliyev yolun rəmzi açılışını bildirən lenti kəsib.

Sonda xatirə şəkli çəkdirilib.

11:25

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev mayın 4-də Xaçmaz şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin istismara verilməsi mərasimində və “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin Xaçmaz idarəsinin inzibati binasının açılışında iştirak edib.

Mynews.az xəbər verir ki, “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov dövlətimizin başçısına “Xaçmaz şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi barədə məlumat verib.

Sonra prezident İlham Əliyev Xaçmaz şəhərinə içməli suyun verilməsini bildirən düyməni basıb.

Sonda xatirə şəkli çəkdirilib.

11:23

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev mayın 4-də “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Xaçmaz filialının açılışında iştirak edib.

Oxu.Az xəbər verir ki, “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Vidadi Muradov dövlətimizin başçısına müəssisə barədə məlumat verib.

Azərbaycan prezidenti müəssisənin rəmzi açılışını bildirən lenti kəsib.

Prezident İlham Əliyev filialın kollektivi ilə görüşüb.

Müəssisənin işçisi Zahirə Beydullayeva və filialın direktoru Sevda Xəlilova göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.

Sonda xatirə şəkli çəkdirilib.

11:20

Azərbaycan prezidenti İlham Əliyev Xaçmaza səfəri çərçivəsində Çarxı-Qalağan-Hacılar-Xanlıqoba-Sayad-Məmmədxanlı avtomobil yolunun yenidənqurma və bərpadan sonra açılışını edib.

Mynews.az-ın məlumatına görə, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyətinin sədri Saleh Məmmədov yeni yolun texniki göstəriciləri barədə dövlətimizin başçısına məlumat verib.

Prezident İlham Əliyev yolun rəmzi açılışını bildirən lenti kəsib.

Sonda xatirə şəkli çəkdirilib.

11:17

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev mayın 4-də Xaçmaz rayonuna səfərə gedib.

Mynews.az xəbər verir ki, dövlətimizin başçısı əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin Xaçmaz şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət etdi, önünə gül dəstəsi qoyub.

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev prezident İlham Əliyevə rayonda həyata keçirilən layihələr və qarşıda duran vəzifələr barədə məlumat verib.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...