Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

“Deputatların maaşı 8 min yox, 15 min manat olmalıdır” – Media rəhbərlərindən sürpriz təklif

Mynews.az  Bizim Yol-a istinadən bildirir ki, Millət vəkili Qüdrət Həsənquliyev Milli Məclisin bugünkü plenar iclasında çıxışı zaman deputatların 8 min manat maaş almasını təklif edib. Millət vəkilinin bu fikirlərinə media rəhbərləri də biganə qalmayıb.

APA Holdinqin rəhbəri Vüsalə Mahirqızı deputatın təklifini müsbət qarşılayaraq, millət vəkilləri üçün 8 min manat maaşın da az olduğunu bildirib.

“Millət vəkili üçün 8 min manat belə az vəsaitdir. Qanun yaradıcılığı ilə məşğul olan, ölkəni beynəlxalq təşkilatlarda təmsil edən şəxsin normal yaşamaq, geyinmək, həyat şəraitini qurmaq, seçicisi ilə mütəmadi görüşmək imkanı olmalıdır. Bu şəxslərin öz üzərində işləmək üçün başqa işlə məşğul olmaması lazımdır. Hamı bilir ki, heç bir millət vəkili indi aldığı 1800 manatla yaşamır. Özümüzü aldatmaqdan xoşumuz gəlir, deyəsən. Bilirəm, arqument budur ki, onsuz da hardansa tapırlar o pulu. Qüdrət Həsənquliyev də deyir ki, “onsuz da” tapmasınlar, leqal maaşlarını alsınlar, vergilərini ödəsinlər və çoxluğu biznesmenlərdən yox, siyasətçilərdən ibarət parlament formalaşdırmaq istiqamətində addımlar atılsın. Burda qəribə nə var? Ümumiyyətlə, kiminsə maaşının artırılmasından narahatlıq və narazılıq etmək lazım deyil. Çalışmaq lazımdır ki, hamının maaşı artırılsın, “deputatın maaşı niyə artırılır” deyil sual. Sual “Müəllimin maaşı niyə artırılmır?” olmalıdır”, – V.Mahirqızı qeyd edib.

Yeni Müsavat Media Qrupunun rəhbəri Rauf Arifoğlu da Vüsalə Mahirqızı ilə eyni fikirdə olduğunu bildirərək, qardaş ölkə Türkiyədə deputatların 12 min manat aldığını bildirib:

“Millət vəkili yüksək maaş almalıdır. Türkiyədə millət vəkili 25 min lirə (12 min manat) civarında maaş alır”.

Teleqraf Media Qrupunun rəhbəri Aynur Camalqızı da Milli Məclisdə xalqı təmsil edən şəxslərin maaşlarının yüksək olmasının tərəfdarıdır:

“Qüdrət Həsənquliyevin bu təklifi illərdir ki, aktualdır. Bütün inkişaf etmiş ölkələrdə, o cümlədən yaxın qonşularımız olan Rusiya və Türkiyədə millət vəkillərinin vəzifə maaşları, müavinət və yardımları, hətta deputatlıqdan sonrakı dönəmdə aldıqları pensiyanın məbləği çox yüksəkdir. Üstəlik, onların komandaları – köməkçiləri, katibləri, sürücü və sair yardımçıları da say etibarilə yetərincədir. Biz uzun illərdir arzulayırıq ki, Azərbaycanda da məhz belə olsun. Çünki deputatlıq kifayət qədər mötəbər, həmçinin məsuliyyətli statusdur. Bu statusu daşıyan şəxsin maddi qayğıları olmamalıdır. Çünki o şəxslər Azərbaycan xalqını ali qanunverici orqanda və dünyada təmsil edirlər. Qanun yaradıcılığı ilə məşğul olan insanların maddi təminatı dövlət tərəfindən tənzimlənməlidir. Düzdür, deputatların problemlərinə həmişə həssas yanaşılır. Hətta ölkə prezidenti mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə deputatları Bakı şəhərində mənzillə təmin edir. Və bu, hər zaman təqdirlə qarşılanır. Əlbəttə ki, yüksək maaş alan millət vəkili artıq əlavə gəlir mənbəyi – biznes strukturu qurmağa ehtiyac görməyəcək və buna vaxt ayırmayacaq. Bütün intellektlərini, savad və imkanlarını öz sahələrinə ayıracaqlar.

Bu, həm də Milli Məclisin tərkibinin tam siyasi şəxslərdən formalaşması üçün lazımdır. Çünki millət vəkilləri ölkənin təmsilçiləri, qanun yaradıcılarıdır. Millət vəkilləri savadlı, intellektual, siyasi çəkili insanlar olmalıdır, nəinki biznesmenlər, iş adamları və sahibkarlar. Təəssüf ki, Milli Məclisdə biznesmenlərin təmsil olunması qanun yaradıcılığı baxımından ali qanunverici orqana heç nə vermir. Yaxşı olardı ki, onlar elə öz biznesləri ilə məşğul olsunlar, Azərbaycan xalqı isə onları təmsil etmək üçün siyasi meydanlarda bişmiş, yetişmiş, savadlı və intellektual insanlara üstünlük versinlər. Bundan həm Azərbaycan xalqı, həm də Azərbaycan dövləti qazanar. O baxımdan da hesab edirəm ki, Qüdrət Həsənquliyev çox haqlıdır, hətta hesab edirəm ki, deputatların maaşı 8 min yox, 15 min manat olmalıdır. Bir vaxtlar millət vəkillərinə xidməti maşın və sürücü verilməsi gündəmdəydi, amma çox təəssüf ki, bu məsələ reallaşmadı. Milli Məclis üzvlərinə yalnız 1 köməkçi təmin etməklə kifayətləndi. Düşünürəm ki, bu məsələyə mütləq baxılmalıdır. Azərbaycan dövləti öz seçilmiş şəxsləri olan deputatlara layiq olduğu qiyməti verməlidir. Çünki bunlar son nəticədə dövlətçilik ənənələrinin inkişafına xidmət edir”.

Qeyd edək ki, millət vəkili Qüdrət Həsənquliyev Milli Məclisin bugünkü plenar iclasında çıxışı zamanı baş nazirə və spikerə 10 min manat, deputatlara isə 8 min manat maaş verilməsini təklif edib.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...