Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Putin Heydər Əliyevin müdrikliyindən danışdı

Siyasi müdrikliyi və böyük təşkilatçılıq istedadı Heydər Əliyevə ölkədə və onun hüdudlarından kənarda nüfuz qazandırıb.

Mynews.az xəbər verir ki, bu sözlər Rusiya Prezidenti Vladimir Putinin “Heydər Əliyev: Şəxsiyyət. Missiya. İrs” adlı Rusiya-Azərbaycan tarixi-sənədli sərgisinin açılış mərasiminin iştirakçılarına müraciətində yer alıb. 

Müraciəti Rusiya prezidentinin xarici ölkələrlə regionlararası və mədəni əlaqələr idarəsinin rəisi Vladimir Çernov oxuyub.

Müraciətdə həmçinin, Heydər Əliyevin ölkənin inkişafı üçün Rusiya ilə konstruktiv tərəfdaşlıq, mehriban qonşuluq münasibətlərinin və qarşılıqlı faydalı əməkdaşlıq qurulmasının əsas şərtlərdən hesab etdiyi vurğulanıb.

“Bu gün bu siyasəti hazırkı prezident İlham Əliyev layiqli şəkildə davam etdirir”, - Rusiya prezidentinin müraciətində qeyd edilib.

Sərginin açılışında həmçinin, Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov tərəfindən prezident İlham Əliyevin müraciəti də oxunub. 

Müraciətdə qeyd olunur ki, Heydər Əliyevin zəngin təcrübəsi və təşkilatçılıq bacarığı ona çətin dövrdə müstəqil Azərbaycana başçılıq etməyə imkan verib. Eyni zamanda, Azərbaycan və Rusiya arasında strateji xarakter daşıyan sıx əməkdaşlığın qurulmasında da Heydər Əliyevin xüsusi əməyi böyükdür.

“Ölkələrimiz arasında qarşılıqlı faydalı əməkdaşlıq qurulub, əminəm ki, sərgi mehriban qonşuluq münasibətlərinin inkişafına töhfə verəcək”, - İlham Əliyevin müraciətində deyilir.

Bu gün Bakıda açılan sərgi Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr edilib. Orada Rusiya və Azərbaycan tarixçiləri və arxivçilərinin Heydər Əliyevin həyat və fəaliyyəti haqqında topladığı materiallar təqdim edilir.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...