Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

"Biz nəqliyyat infrastrukturumuzla bağlı qarşımızda duran bütün vəzifələri icra etdik"

Biz nəqliyyat infrastrukturumuzla bağlı qarşımızda duran bütün vəzifələri icra etdik.

Mynews.az AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Ələt qəsəbəsində Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin açılışında iştirak edən Prezident İlham Əliyev limanın əməkdaşları və inşaat şirkətlərinin nümayəndələri ilə görüşündə deyib.

İlham Əliyev bildirib ki, limanın inşasında yerli və xarici mütəxəssislər, işçilər iştirak ediblər: "Mən gördükləri işlərə görə onlara minnətdarlığımı bildirmək istəyirəm. Limanın tikintisi ilə bağlı işlərə mən şəxsən nəzarət etmişəm. Şadam ki, bu gün burada ən yüksək standartlar tətbiq olunur, bütün avadanlıq, lazım olan texniki vasitələr, ən müasir kranlar alınıb quraşdırılıb. Beləliklə, biz Azərbaycanda çox güclü nəqliyyat-logistika mərkəzini yaratdıq.

Ələtin seçilməsi də təsadüfi deyildi. Çünki mövcud Bakı Dəniz Limanı bizim tələbatımıza artıq uyğun deyil, şəhərin mərkəzində yerləşir və artan yükləri qəbul etmək imkanları çox məhduddur. Ələt isə coğrafi baxımdan çox əlverişli bir yerdir və həm Qərb, həm Cənub istiqamətinə buradan açılan yollar, o cümlədən avtomobil, dəmir yolları əlbəttə ki, bu yerin seçilməsində əsas rol oynamışdır. Əlbəttə ki, Ələt qəsəbəsinin də inkişafı böyük dərəcədə burada yaradılan logistika və nəqliyyat infrastrukturu ilə bağlı olacaq. Əlavə etsək ki, biz yaxın gələcəkdə Ələt Azad İqtisadi Zonasının yaradılmasına başlayacağıq, deməyə tam əsas var ki, Bakı şəhərinin bu ərazisi gələcəkdə çox sürətlə inkişaf edəcək, çoxsaylı iş yerləri yaradılacaq".

Dövlət başçısı qeyd edib ki, beləliklə, Ələt ölkəmizin iqtisadi nəqliyyat potensialının inkişafında əlbəttə ki, önəmli yer tutacaq:

"Bakı Beynəlxalq Dəniz Ticarət Limanının istifadəyə verilməsi deməyə əsas verir ki, biz nəqliyyat infrastrukturumuzla bağlı qarşımızda duran bütün vəzifələri icra etdik. Bu günə qədər bu istiqamətdə çox böyük işlər görülmüşdür. Xəzərdə bizim ən böyük donanmamız, 260-dan çox gəmimiz var. Mənə verilən məlumata görə, son bir neçə il ərzində əlavə 18 gəmi alınmışdır. Mənim təşəbbüsümlə Bakıda gəmiqayırma zavodu tikilmişdir. Biz bütün növ gəmiləri istehsal edə bilərik, istehsal edirik və beləliklə, xarici tərəfdaşlardan asılılığı aradan qaldırmışıq".

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...