Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Bəhruz Quliyev:“Əli qana batmış ABŞ-ın fundamental azadlıqlardan danışmağa mənəvi haqqı yoxdur” - MÖVQE

“ABŞ Konqresində fəaliyyət göstərən Helsinki Komissiyası daim Azərbaycana qarşı münasibətində qərəzli mövqeyini ortaya qoyan bir qurumdur”. Mynews.az xəbər verir ki, bunu SİA-ya açıqlamasında “Səs” qəzetinin Baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev deyib.

Onun sözlərinə görə, Helsinki Komissiyası 45 illik fəaliyyəti dövründə demokratik fəaliyyət yolu tutan müstəqil dövlətlərə, o cümlədən dünyada yeri və rolu möhkəmlənməkdə olan Azərbaycan haqqında qərəzli hesabatlar yayıb, təxribat xarakterli dinləmələr keçirib: “Bu günlərdə komissiyanın “Azərbaycanda seçkilər və fundamental azadlıqlar” mövzusunda təşkil etdiyi dinləmələrdə çıxış edənlər Azərbaycanda guya "insan haqları, söz və fikir azadlıqları pozulub" və guya "insanlar səsvermə hüququndan istifadə edə bilməyib" kimi fikirlər səsləndiriblər. Fakt budur ki, komissiya zaman-zaman bu tip müzakirələri ilə Azərbaycana qarşı açıq qərəzini göstərib. Amma bu, Helsinki Komissiyasının rəhbəri, ermənipərəst Kristofer Smitin mövqeyidir. Hansı ki, bu şəxs dəfələrlə Konqresdə qondarma “erməni soyqırımı”nın tanınması ideyası ilə çıxış edib. Eləcə də 1992-ci ildə Azərbaycana qarşı tətbiq olunan “907-ci düzəlişin” əsas müəlliflərindəndir”.

Siyasi ekspert onu da bildirib ki, hansı ölkədə siyasi sabitlik, demokratik mühit, insan hüquq və azadlıqları yüksək səviyyədə təmin olunursa, ABŞ Helsinki Komissiyası kimi qurumlar vasitəsi ilə bu uğurlara kölgə salmağa cəhdlər göstərilir: “Xüsusilə də, müsəlman ölkələrində fundamental azadlıqların pozulmasına rəvac verən məhz elə birbaşa ABŞ-ın özüdür. Donald Tramp hakimiyyəti dönəmində isə bu tam çılpaqlığı ilə özünü göstərir. Əvvəllər bunu hansısa dövlətlərin və yaxud da başqa qurumların əli ilə həyata keçirirdisə, indi artıq ABŞ birbaşa bu hadisələri özü həm sifarişçisidir, həm də yeri gələndə icraçısıdır. Baxın, Suriyada, İraqda, Liviyada müsəlmanlar əzilir, hüquqları pozulur, öldürülür, yaralanırlar. Qüdsdə ABŞ səfirliyinin açılmasına etiraz olaraq keçirilən aksiyalarının iştirakçıları gülləbaran edilib. Artıq İsrail əsgərləri tərəfindən onlarla fələstinli öldürülüb, minlərlə insan isə yaralanıb. Muxtariyyatın lideri Mahmud Abbas ölkəsinin ərazisində üç günlük mətəm elan edib. Bu gün müsəlman dünyası da matəm içindədir. Qüdsdə insan hüquqları, demokratik dəyərlər, beynəlxalq hüquq pozulur. Beynəlxalq birlik isə susur. Bunları görmək istəməyən ABŞ təzyiq vasitəsi kimi müxtəlif dövlətlərdə incə bir texniki detalı və yaxud da balaca bir problemi mikroskopla böyüdür və orada demokratiya axtarışındadır. Yəni ABŞ və ona bağlı müxtəlif təşkilatlar, qurumlar bu gün dünyada guya nizam yaratmağa cəhd edirlər. Amma təəssüflər olsun ki, nizamsızlığı, xaosu, terroru təşkil edən və həyata keçirən məhz özləridir. Əli qana batmış və hələ də bu siyasətini davam etdirən ABŞ-ın hansısa bir komissiyasının insan hüquq və azadlıqlarından, demokratik seçki mühitindən danışmağa mənəvi haqqı yoxdur”.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...