Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Müsəlman dünyasında ilk qadın deputat olan azərbaycanlının NƏVƏSİ - "Nənəm məclisə girəndə kişilər ayağa dururmuş"

1918-ci ildə qurulan Gürcüstan hökumətinin tərkibində təmsil olunan ilk azərbaycanlı qadın Pərixanım Sofiyeva bir çox müsbət xarakterlərinə görə bu gün də yaddaşlarda qalıb. Müstəqil, heç bir partiyada təmsil olunmamaq Pərixanım Sofiyevanın xarakterindən irəli gəlib. Bu səbəbdəndir ki, o, dünyada demokratik yolla deputat seçilmiş ilk müsəlman qadın olub.

Qısa arayış: Pərixanım Sofiyeva Gürcüstanın azərbaycanlılar yaşayan hissəsində yerləşən Qaraçala ( və ya Qaracalar ) kəndində dünyaya gəlib.Çar dövründə çox məşhurluq qazanan Pərixanım Sofiyeva , 1918-ci ildə öz yaşadığı regionda Gürcüstan Sosialist Federalistlər partiyasını məğlub edərək, bitərəf millət vəkili kimi Gürcüstan parlamentinə daxil olub

Gürcüstan bolşeviklər tərəfindən işğal edildikdən sonra, 1921-ci ildə onların bütün mülkləri müsadirə edilib. Pərixanım Sofiyeva bolşeviklərə və Sovet idarəçiliyinə nifrət edib. Ahıl yaşlarına qədər öz qədim alman mauzer silahıyla gəzib. Stalinin "Böyük təmizləmə" kampaniyası zamanı Pərixanımın 8 qardaşından 5-i güllələnilib və kütləvi məzarlıqların birində dəfn edilib. Nəşləri hələ də tapılmayıb. Qardaşlarının öldürülməsindən sonra həyatını yalnız qardaşlarının övladlarını yetişdirib, oxutmaq üçün sərf edib.

Uzun axtarışlardan sonra nəvəsi Əli Sofiyevlə əlaqə yarada bildik. Əli Sofiyev nənəsi Pərixanım Sofiyeva ilə bağlı bir çox məlumatları bizimlə bölüşdü.

"9 qardaş, 3 bacı olublar"

"Pərixanım nənəmi sağlığında görmək mənə nəsib olmayıb. Amma anamdan, atamdan, əmilərimdən onun haqqında çox bilgilər əldə etmişəm. Pərixanım Sofiyeva Qarayazının Qaracalar kəndində doğulub. Onun mənsub olduğu Sofiyevlər (Sofular) nəsli Tiflis quberniyasının məşhur ağa nəsillərindən biri olub. Sofiyevlər, xüsusilə də Sofu bəy Sofiyevin oğulları Allahverdi və Rəhim 1905-ci ildə erməni silahlı dəstələrinin Tiflis şəhərində dinc türk-müsəlman əhaliyə qarşı törətdikləri qırğınlara qarşı Tiflis quberniyasının cənubunda başlamış xalq hərəkatında fəal iştirak ediblər. Bu nəslin nümayəndələrindən olan polkovnik Nuh bəy Sofiyev Azərbaycan Xalq Cümhuriyyəti ordusunun polkovniki, Qusarda qərar tutmuş 1 saylı "Tatar" (Azərbaycan) süvari alayının komandanı olub. Pərixanım Sofiyevanın törəmələri indinin özündə də Tiflisin yaxınlığındakı Qaracalar kəndində yaşayırlar. Ailədə 9 qardaş 3 bacı olublar. Pərixanımın öz övladı olmadığına görə, qardaşı qızı Pompul xanımı övladlığa götürüb. Pompul xanımdan başqa o biri qardaşı qızlarını da böyüdüb və təhsil almalarına şərait yaradıb.

"Qəlyan çəkməklə yanaşı, Quran da oxuyurmuş"

Əli Sofiyev deyir ki, Pərixanım Sofiyeva zahiri görünüşcə orta boylu, gözəl sifətə malik sarışın qadın olub.

"Pərixanım həmişə qəlyan çəkmiş, modern geyimdə gəzirmiş. Əslində, siqaret çəkmək dinimizdə haram buyurulmayıb. Sadəcə, bu da Pərixanımın gürcü cəmiyyətində böyüməsindən irəli gəlib. Pərixanımın təkcə kənddə deyil, bütün Qarayazı zonasında sözü keçib. Ona görə də "kişi Pəri" ləqəbini qazanıb.

Həm də o, kişilərə barmağını silkələməyi bacarırmış. Pərixanım məclislərə daxil olanda kişilər ayağa dururmuş. Bir sözü iki olmazmış. Zabitəli qadın olub. Hətta, Azərbaycan dili ilə yanaşı, gürcü, rus dillərini də mükəmməl bilirmiş. Əsəbiləşəndə sözləri rusca deyirmiş. Pərixanım Quran oxumağı da bilirmiş. Tiflisdə yaşadığı dövrdə kəndə tez-tez faytonla gedib-gəlirmiş".

Nəvəsinin sözlərinə görə, Pərixanımın həyatı çox ağır keçib.

"Pərixanım Sofiyevanın övladı olmayıb. O səbəbdən ki, o, heç vaxt ailə həyatı qurmayıb. Düzdür, imtiyazlarının çox olduğunu deyirsiz. Razıyam. Amma o dövr heç də asan deyildi. 1918-ci ildə yaradılan Gürcüstan hökuməti 1920-ci ildə dağılmalı olur. Daha sonra həm Gürcüstanda, həm də dünyada siyasi proseslər çox gərgin olur. Müharibəyə gedən qardaşlarına, onların uşaqlarına Pərixanım baxmalı olur.

Deyilənlərə görə, Pərixanımın üç qardaşı Rusiyanın Kursk vilayətinə sürgün edilir. Ağa nəslindən olduqları üçün kənddə "Ağalığın uşaqları" adı ilə də tanınan Sofiyevlərin bəziləri təqiblərdən yaxa qurtarmaq üçün soyadlarını dəyişməyə məcbur olurlar. Onların bir hissəsi hazırda Məmmədov soyadını daşıyır.

Yeri gəlmişkən qeyd edim ki, görkəmli coğrafiyaçı-alim, Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov da bu nəsildəndir, daha dəqiq desək, Pərixanımın qardaşı Məcid ağanın nəvələrindəndir. Dövrün keşməkeşli vəziyyətinə görə də ailə həyatı qura bilmir. Amma qardaşlarının qızlarını götürüb saxlayır. Dünənə kimi, həmin qızlar məktəblərdə dərs keçirdilər. Artıq dünyalarını dəyişiblər"

"Gürcüstan hökuməti dedi ki...."

Əli Sofiyev deyir ki, Pərixanım Sofiyevanın məzarı yenidən daha yaxşı düzəldilib.

"Pərixanım Sofiyeva 1951-ci ildə vəfat edib. Onun məzarı çox baxımsız idi. Azərbaycan Cümhuriyyətinin 100 illiyində Azərbaycanın Gürcüstandakı səfirliyi mənimlə görüşdü və Heydər Əliyev Fondunun Pərixanımın məzarını yenidən abadlaşdırmaq fikrində olduqlarını dedilər.

Elə oldu ki, Gürcüstan hökuməti də bu işi öz üzərinə götürmək istədiklərini bildirdi. Təbii, mən məsələni Azərbaycan səfirliyinə çatdırdım. Onlar da bu məsələni normal qarşıladılar. Həmçinin, Gürcüstan hökuməti mənə dedi ki, Pərixanım Sofiyeva Gürcüstan vətəndaşı olub.

"Yaxşı olar ki, bu işi biz görək" dedilər. Təbii, mən də etiraz etmədim. Gürcüstan hökumətinə minnətdarlığımı bildirirəm. Çox sağ olsun Azərbaycan səfirliyi və Heydər Əliyev Fondu ki, bu işə can yandırdılar, mənimlə görüşdülər. İyunun 6-da məzarın açılışı olacaq".

Müsəlman dünyasında ilk qadın deputat olan azərbaycanlının NƏVƏSİ: "Nənəm məclisə girəndə kişilər ayağa dururmuş"Müsəlman dünyasında ilk qadın deputat olan azərbaycanlının NƏVƏSİ: "Nənəm məclisə girəndə kişilər ayağa dururmuş"Müsəlman dünyasında ilk qadın deputat olan azərbaycanlının NƏVƏSİ: "Nənəm məclisə girəndə kişilər ayağa dururmuş"

modern.az

 
Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...