Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Bəhruz Quliyev: Bu parad Azərbaycan Ordusunun gücünü bütün dünyaya nümayiş etdirdi

"Ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin qətiyyətli siyasəti nəticəsində Azərbaycan hərbi potensialını xeyli artırıb, ordumuz ən müasir silah-sursat, texnika, avadanlıq ilə təmin olunub. Eyni zamanda, maddi-texniki təchizat və döyüş qabiliyyəti artırılıb". Bu fikirləri "Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyev deyib.

B.Quliyev bildirib ki, Silahlı Qüvvələrimiz Cənubi Qafqazın ən güclü ordusu sırasında yer almaqla yanaşı, dünya orduları sırasında 50-ci yerdə qərarlaşıb. Onun sözlərinə görə, Prezident İlham Əliyev iyunun 26-da keçirilən hərbi paraddakı çıxışında bu və digər əhəmiyyətli nüanslara toxunaraq vurğulayıb ki, Ordumuz müasir maddi-texniki təchizat baxımından dünyanın ən nadir ölkələrindən biridir və Silahlı Qüvvələrimizin döyüş qabiliyyəti yüksək səviyyədədir, hərbi sənayemiz ən müasir qaydalara uyğun olaraq inkişaf edir.

B.Quliyev onu da qeyd edib ki, təkcə 2016-cı ilin aprel döyüşlərində, eləcə də bu ilin mayında Naxçıvanda əldə edilən möhtəşəm hərbi zəfərlərimiz Ordumuzun gücünü və qabiliyyətini nümayiş etdirdi: "İşğal altında olmuş torpaqlarımızın düşmən tapdağından azad edilməsi mərhələsi ölkə rəhbərimizin də qeyd etdiyi kimi davam edəcək və bu parad Azərbaycan Ordusunun gücünü düşmənə və bütün dünyaya nümayiş etdirəcəkdir. Belə ki, cəbhədə əldə edilən qələbələr, xüsusilə aprel döyüşləri Ermənistanın öz ordusu ilə bağlı yaydığı mifi darmadağın etdi. Habelə, Naxçıvan əməliyyatı da göstərdi ki, Azərbaycan Ordusu güclü Ordudur vəistənilən vəzifəni yerinə yetirə bilər. Möhtərəm Ali Baş Komandanımız bu faktora da toxunaraq vurğuladı ki, Ermənistan Azərbaycanla rəqabət apara bilmir və heç vaxt buna nail ola bilməyəcək. O cümlədən, Azərbaycan heç vaxt işğalla barışmayacaq və öz ərazi bütövlüyünü bərpa edəcək. Əlbəttə, biz bu reallıqları öz gözlərimizlə görür və şahidi oluruq ki, Silahlı Qüvvələrimiz hər an torpaqlarımızı işğaldan azad edə bilmək gücündədir.

Baş redaktor deyib ki, işğalçı Ermənistan da artıq bu gerçəkliyi anlayır. Çünki vaxtilə onların tapdağı altında olan ərazilərimizdə müqəddəs üçrəngli bayrağımız dalğalanmaqdadır. «Dövlətimizin  başçısı da bu məsələni önə çəkərək vurğuladı ki, bu gün hərbçilərimiz ermənilərin ərazimizdə qazdıqları səngərlərdə xidmət göstərirlər. Şanlı Ordumuz bunu əməli şəkildə bütün dünyaya sübut etdi. Söz yox ki, cənab Prezidentin də dediyi kimi, gün gələcək, işğaldan azad olunmuş torpaqlarda qaldırılan Azərbaycan bayrağı "Azadlıq" meydanına gətiriləcək və hərbi paradda nümayiş etdiriləcək. Biz, dövlətimizi sevən, onun uğrunda hər an canımızdan keçməyə hazır olan vətəndaşlar olaraq, məhz bu gerçəkliyə inanır, Ali Baş Komandanımızın ətrafında birləşərək, Onun əmrini gözləyirik»-deyə, B.Quliyev vurğulayıb. (yap.org.az)

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...