Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Bakı “Polonez” və “Lora” ilə ermənilər üçün sürpriz hazırlayıb - Bunları daha Putin də müdafiə edə bilməyəcək

İlin 6 ayı heç bir diplomatik fəallıqla yadda qalmadı; İrəvan müharibəni günbəgün yaxınlaşdırır; rusiyalı politoloq: “Bakı paradı Ermənistana ciddi siqnal olmalıdır...”

2018-ci ilin birinci yarısı artıq arxada qaldı. Qarabağ münaqişəsinin həll perspektivi baxımından bu müddət bəlkə də ən passiv dövr kimi tarixə düşəcək. Doğrudur, ötən 6 ayda postsovet məkanındakı digər etnik-ərazi  konfliktlərinin həllində də hansısa ciddi dönüş, yaxud diplomatik fəallıq müşahidə edilmədi. Lakin nəzərə alsaq ki, Dağlıq Qarabağ konflikti onların arasında məxsusi yer tutur, o zaman itirilən zamana daha çox təəssüf eləmək lazım gəlir.

Məsələ ondadır ki, keçmiş sovet məkanındakı ən “uzunömürlü” konflikt kimi Qarabağ ixtilafı yenidən alovlanarsa, bu dəfə regionda qat-qat böyük miqyas ala və xeyli sayda digər dövlət də ona cəlb oluna bilər. Söhbət öncəliklə Rusiya, Türkiyə, ABŞ, hətta Pakistan və İran kimi dövlətlərdən gedir. Bu isə həm də maraqların toqquşması deməkdir. Qarabağ məsələsi özündə məhz belə bir təhlükəni daşıdığı üçün məntiqlə aparıcı regional və qlobal güclər onun tezliklə nizamlanmasında, yaxud heç olmasa, müharibə ehtimalının sıfırlanmasında maraqlı olmalıdır.

Müharibə ehtimalının gündəmdən çıxması isə ən azı, Dağlıq Qarabağ ətrafında 5 rayonun qeyd-şərtsiz boşaldılması və Azərbaycan, Ermənistan və Türkiyə arasında kommunikasiya əlaqələrinin bərpası, qarşılıqlı etimad atmosferinin minimum səviyyədə bərpasından gedir. Təəssüf ki, böyük güclərin, ilk növbədə də Rusiyanın əlində oyuncaq olan Ermənistan hələ də konstruktiv danışıqlardan qaçır. Hələ də Dağlıq Qarabağın guya nə vaxtsa müstəqil dövlət olacağı və ya Ermənistana birləşdiriləcəyi illüziyası ilə yaşayır. Bu isə heç vaxt reallaşmayacaq bir arzudur.

Xüsusən də işğalçı ölkədə son hakimiyyət dəyişikliyindən sonra İrəvanın daha absurd mövqe tutması Qarabağ məsələsi ətrafında situasiyanı bir az da təhlükəli həddə gətirib, müharibə riski heç vaxt olmadığı qədər artıb. Çünki aydındır ki, Azərbaycan öz torpaqlarının işğalı ilı sonsuzadək barışmayacaq. Bunu iyunun 26-da silahlı qüvvələrimizin yaranmasının 100 illiyi ilə bağlı Bakıda keçirilən möhtəşəm hərbi parad və bu paradda qardaş Türkiyə hərbçilərinin də iştirakı bir daha əyani nümayiş etdirdi. Azərbaycan bununla növbəti dəfə, bəlkə də sonuncu dəfə işğalçı ölkəyə öz ağlını başına yığmağa çağırdı.

*****

Belə görünür, vəziyyətin bu cür qeyri-müəyyən qalacağı təqdirdə düşmən tərəfdə də müharibənin qaçılmaz olduğunu dərk edənlər az deyil. Məsələn, Ermənistanın birinci kəşfiyyat-diversiya dəstəsinin yaradıcısı və komandiri Vova Vardanov deyib ki, bu dəfə hərbi əməliyyatlar 2016-cı ilin aprelindəkindən daha geniş miqyasda olacaq. Bunu o, Bakıda 26 iyunda baş tutan irimiqyaslı hərbi paradı şərh edərkən deyib.

Vardanov hesab edir ki, genişmiqyaslı əməliyyata hazırlaşmaq lazımdır: “Türklər bizə növbəti dəfə dedilər: ermənilər, hazırlaşın!” Onun sözlərinə görə, Bakı hələlik əzələ nümayiş etdirir və yaxın müddətdə əməliyyata başlamayacaq. Bu da onun iddiasına görə, Ermənistanın həm ictimai-psixoloji, həm də hərbi baxımdan hazırlaşması üçün vaxtının olması deməkdir.

Sözsüz ki, Azərbaycan Qarabağda genişmiqyaslı antiterror əməliyyatına başlamazdan öncə bölgə ətrafındakı durumu, Rusiya amilini mütləq ciddiyə alacaq. Bunu ermənilər də bilir. Lakin işğalçıya lokal, preventiv zərbələr endirməyə, torpaqlarımızı “addım-addım” taktikası ilə azad eləməyə Bakıya heç nə mane olmur. Necə ki, ötən ay Naxçıvan istiqamətində növbəti belə əməliyyat həyata keçirildi və 11 min hektar ərazimiz, o cümlədən Günnüt kəndi işğaldan azad edildi. Bunun özü də Ermənistana aydın bir ismarışdır ki, genişmiqyaslı müharibədə onu qat-qat ağır itkilər gözləyir.

*****

hərbi parad 2018 ile ilgili görsel sonucu

“İyunun 26-da Bakıda Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi münasibətilə hərbi parada təkcə simvolik hadisə kimi baxmaq azdır”. Musavat.com-un məlumtına görə, bunu isə rusiyalı ermənipərəst politoloq Sergey Markedonov erməni nəşrinə müsahibəsində deyib.

Politoloqun əminliyinə görə, hərbi parad hər şeydən öncə Azərbaycanın artan hərbi qüdrətinin nümayişidir. “İkincisi, paradda Türkiyə Silahlı Qüvvələrinin xüsusi bölüyü iştirak edib. Belə bir türk həmrəyliyinin məhz Rəcəb Tayyip Ərdoğanın və onun partiyasının son seçkilərdəki qələbəsindən sonra nümayiş olunmasına xüsusi diqqət etməliyik”.

Markedonov Bakı-Ankara bağlantısını Türkiyənin Güney Qafqazdakı xarici siyasi landşaftının ən vacib elementi sayır. 

“Üçüncüsü, Azərbaycan prezidenti öz çıxışında yenə hərbi bəyanlara geniş yer verdi. Bir yandan o, beynəlxalq hüququn effektivliyinə şübhə ilə yanaşdığını göstərdi. Digər yandan isə ”güc faktoru"nun əhəmiyyətindən, “dost ölkələrin köməyi ilə” silahlanmanın genişlənməsinin imkanlarından danışdı. Azərbaycan prezidenti yalnız Türkiyə ilə deyil, Ermənistanın KTMT və Avrasiya İqtisadi İttifaqındakı tərəfdaşları ilə hərbi-texniki əməkdaşlıq istəyini heç gizlətmədi də. Bu isə İrəvan üçün ciddi siqnal sayılmalıdır", - deyə o qeyd edib.

Polonez Baku ile ilgili görsel sonucu

Rusiyalı ekspert ənənəvi “hərb, yoxsa sülh” sualına da cavab verməyə çalışıb: “Bütün bunlar Azərbaycan rəhbərliyinin əldə etdiyi texniki yenilikləri ”elə yerindəcə və dərhal" tətbiq etmək hazırlığını göstərirmi? Bu suala birmənalı cavab vermək çətindir. Çünki prezident İlham Əliyev sərt ritorika ilə rasional praqmatik siyasəti uzlaşdırmaq bacarığını dəfələrlə göstərib".

*****

Praqmatizm isə əlbəttə ki, Dağlıq Qarabağ ətrafındakı siyasi, geosiyasi şərtləri, Rusiya faktorunu ciddiyə almaqdan ibarətdir. Azərbaycan şübhə yox ki, bunu edir və ən əlverişli hücum məqamını gözləmək zorundadır. Lakin Azərbaycan öz ərazisinin bir qarışından belə imtina etmək niyyətində deyil. Bunu da hamıdan yaxşı Rusiyada bilirlər.

Odur ki, konfliktin dinc həlli üçün ən güclü rıçaqa malik Moskvanın da ciddi şəkildə düşünməsi zamanıdır. Əks halda, bir qığılcımla bölgə alovlana, Rusiyanın da regiondakı maraqları təhlükə altına düşə bilər. Status-kvo istənilən an Azərbaycan ordusu tərəfindən dəyişdirilə bilər. Hərbi ekspertlər də bunu xüsusilə Naxçıvan  presedenti fonunda real hesab edirlər. 

“Bəziləri Naxçıvanda işğaldan azad olunan ərazilərin - Günnüt və Qızılqayanın neytral zona olduğunu deyir. Amma onlar bilmir ki, düşmən dövlətlər arasında neytral ərazi olmur. O torpaq ya sənindir, ya da işğal altındadır”.

“Yeni Müsavat”ın məlumatına görə, bu sözləri axar.az-a açıqlamasında ehtiyatda olan polkovnik İlqar Əliyev deyib. O bildirib ki, Azərbaycan öz ordusunun 100 illiyi münasibətilə keçirdiyi paradla həm Ermənistana, həm də onun havadarlarına bir mesaj verib: “Azərbaycan hər an Qarabağda müharibəyə başlaya bilər. Sadəcə, ölkəmiz özünün humanist prinsiplərinə uyğun olaraq, sülh danışıqlarının nəticəsini gözləyir. Amma bu gözləmə çox uzun çəkə bilməz. Nümayiş olunan yeni hərbi silah və texnika Azərbaycan ordusunun döyüş potensialı və zərbə gücünün göstəriciləridir. Azərbaycan gələcəkdə yeni alınmış silahlarla müharibəyə başlamazdan əvvəl Ermənistana elə bir sarsıdıcı zərbə vura bilər ki, Azərbaycan əsgəri boş torpağa ayaq basar. ”Yandırılmış torpaq" taktikasına uyğun şəkildə Azərbaycan müharibəni aparmağa hazırlaşır. Belə ki, əgər biz müharibə etsək, bu, uzunmüddətli yox, qısa, ildırımsürətli müharibə olacaq".

ehtiyatda olan polkovnik İlqar Əliyev ile ilgili görsel sonucu

Hərbi ekspert vurğulayıb ki, Azərbaycanın aldığı yeni silahlar, xüsusilə “Polonez” və “Lora” kompleksləri Ermənistanın bütün əməliyyat ordusunun istənilən hədəfini məhv etməyə qadirdir: “Azərbaycanın artıq qətiyyətli əməliyyatlarının sayı artmaqdadır. Bu əməliyyatlar Ermənistana mesajdır ki, Azərbaycan öz torpaqlarını istənilən vaxt işğaldan azad edə bilər”.

Polkovnik Naxçıvan əməliyyatları nəticəsində işğaldan azad olunmuş torpaqları neytral zona adlandıranlara da münasibət bildirib: “Düşmən olan iki dövlət arasında neytral torpaq anlayışı yoxdur. Bu müddətə qədər həmin ərazilər Ermənistanın işğalı və nəzarəti altında idi. Naxçıvan əməliyyatlarından sonra isə həmin torpaqlar tamamilə Azərbaycanın nəzarətinə keçdi. Bununla Azərbaycan ordusu ermənilərin bir çox strateji obyektlərini, infrastrukturlarını və Qarabağa gedən yollarını öz nəzarətinə keçirdi...”

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...