Prezident başsağlığı verdi
Azərbaycan prezidenti İlham Əliyev, dövlət və hökumət rəsmiləri bəstəkar Xəyyam Mirzəzadənin vəfatı ilə əlaqədar nekroloq imzalayıblar.
Mynews.az-ın məlumatına görə, nekroloqda deyilir:
Azərbaycan mədəniyyətinə ağır itki üz verib. Görkəmli bəstəkar, Dövlət mükafatları laureatı, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Xalq Artisti, professor Xəyyam Hadi oğlu Mirzəzadə 2018-ci il iyulun 30-da ömrünün 83-cü ilində vəfat edib.
Xəyyam Mirzəzadə 1935-ci il oktyabr ayının 5-də Bakı şəhərində anadan olub. O, 1952-ci ildə Azərbaycan Dövlət Konservatoriyası nəzdində 10 illik musiqi məktəbini bitirdikdən sonra həmin il Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasına daxil olub, 1957-ci ildə ali təhsilini dahi bəstəkar Qara Qarayevin sinfində bəstəkarlıq ixtisası üzrə başa vurub.
Əmək fəaliyyətinə 1957-ci ildə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında müəllim kimi başlayan Xəyyam Mirzəzadə burada baş müəllim, dosent və professor vəzifələrində çalışıb, 1971–1983-cü illərdə isə bəstəkarlıq kafedrasının müdiri olub. O, 1983-cü ildən 2005-ci ilədək həmin təhsil müəssisəsinin professoru olaraq gənc musiqiçilər nəslinin yetişdirilməsində və yüksək ixtisaslı peşəkar musiqiçi kadrların hazırlanmasında xüsusi xidmətlər göstərib.
Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli nümayəndəsi Xəyyam Mirzəzadə musiqi mədəniyyətimizin inkişafında əhəmiyyətli rol oynamış sənətkarlardandır. Onun milli musiqi ilə müasir bəstəkarlıq texnikasının üzvi əlaqəsinə əsaslanan və özünəməxsusluğu, ifadəliliyi, dinamizmi ilə səciyyələnən geniş diapazonlu yaradıcılığı Azərbaycanın zəngin musiqi sənəti salnaməsinin parlaq səhifələrindən birini təşkil edir.
Qara Qarayev məktəbinin istedadlı yetirməsi və davamçılarından olan Xəyyam Mirzəzadə dünya musiqi irsinin nailiyyətlərindən uğurla bəhrələnərək müxtəlif janrlarda qiymətli əsərlər meydana gətirib. Ayrı-ayrı illərdə bəstələdiyi instrumental, vokal, simfonik, xor və kamera əsərləri sənətkara şöhrət qazandırıb. Azərbaycan kinematoqrafiyasının qızıl fondunu təşkil edən bir sıra filmlərə, eləcə də çox sayda dram tamaşalarına onun yazdığı musiqilər öz ifadə vasitələrinin rəngarəngliyi və məzmun dolğunluğu ilə dinləyicilərin zövqünün formalaşdırılmasına xidmət edib, musiqi mədəniyyətimizin təqdirəlayiq nümunələri olaraq yüksək dəyərləndirilib. Ölkənin musiqi ictimaiyyəti Xəyyam Mirzəzadəni eyni zamanda gözəl nəğmələrin müəllifi kimi tanıyırdı. Onun bəstələdiyi mahnılar uzun illər Azərbaycanın görkəmli ifaçılarının repertuarını zənginləşdirib.
Xəyyam Mirzəzadənin respublikamızın hüdudlarından uzaqlarda və dünyanın mötəbər salonlarında, böyük orkestrlərdə və musiqi festivallarında müvəffəqiyyətlə səslənən əsərləri Azərbaycan musiqisinin təbliği işinə mühüm töhfə olub.
Bəstəkarın Azərbaycan musiqi mədəniyyətinin inkişafı və təbliği sahəsindəki uzunmüddətli səmərəli fəaliyyəti lazımınca qiymətləndirilib. O, bir çox fəxri adlara layiq görülüb, Azərbaycan Respublikasının ali mükafatlarından olan “Şöhrət” və “Şərəf” ordenləri və “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif olunub.
Görkəmli bəstəkar, mahir pedaqoq və səmimi insan Xəyyam Hadi oğlu Mirzəzadənin xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaq.
Allah rəhmət eləsin!
İlham Əliyev
Mehriban Əliyeva
Novruz Məmmədov
Oqtay Əsədov
Ramiz Mehdiyev
Əli Əhmədov
Fərəh Əliyeva
Əbülfəs Qarayev
Ceyhun Bayramov
Firəngiz Əlizadə
Fərhad Bədəlbəyli
Arif Məlikov
Fidan Qasımova
Tofiq Bakıxanov
Rauf Abdullayev
Siyasət
- Fransa Azərbaycandakı səfirini geri çağırıb
- İlham Əliyev 92,12 faiz səslə seçkilərdə liderdir
- "Biz haqq yolunda hər zaman bir-birimizin yanındayıq və yanında olacağıq"
- İlham Əliyev 2022-ci il dövlət büdcəsinin icrası ilə bağlı qanunu təsdiqlədi
- Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə liderinə məktub ünvanlayıb
- Türkiyədə seçki qutularının 97 faizi açılıb - Ərdoğan liderdir - YENİLƏNİR
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu 971 dəfə oxunub
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm" 938 dəfə oxunub
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı 929 dəfə oxunub