Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Əkin sahələri yandırılır: Məsuliyyətimizi sonadək başa düşürükmü?

Məlum olduğu kimi, əkin sahələrində, xüsusilə, taxıl və pambıq sahələrində məhsul toplandıqdan sonra tarlalarda qalıqların, əkin yerlərinin yandırılması praktikası geniş yayılıb.

Burada ilk baxışdan qəribə görünə biləcək heç bir hal, məqam yoxdur.

Təbii ki, qalıqlar başqa yerlərdə yox, elə həmin məhsulların əkilib-becərildiyi sahələrdə yandırılmalı, ətrafdakı insanların həm təhlükəsizliyinə, həm ekoloji çirklənməyə yol verilməməlidir. Ancaq məsələnin üzdə olmayan, görünməyən tərəfləri var ki, onlara ciddi diqqət yetirmək tələb olunur.

Çünki ələlxüsus yay aylarında, taxıl yığımından (biçinindən) sonra taxıl əkilib-becərilən sahələrin, tarlaların kütləvi şəkildə yandırılması nəticədə ciddi fəsadlar törədir: yüksək gərginlkli elektrik xətlərində, meşə təsərrüfatlarında yanğınlara səbəb olur.

Qeyd edək ki, bunun Azərbaycanda iki dəfə böyük fəsadları da yaşanıb, hətta dövlət rəhbərliyi, ölkə prezidenti səviyyəsində bu işə qarışılmalı olub.

Birinci dəfə 2002-ci ilin yayında Ağsu ərazisində taxıl sahələrinin yandırılması ilə bağlı gecə 11-12 radələrində ölkənin enerji təminatında böyük problem yaşanmış, bir anın içində paytaxt Bakı da daxil olmaqla, ölkə ərazisi zülmətə qərq olmuşdu.

O zaman dövlət başçısı mərhum Heydər Əliyevin məsələni nəzarətə götürməsi, gecə ilə məsələyə əl qoyması nəticəsində qısa zaman kəsiyində yaranmış problem yoluna qoyulmuş, ölkənin enerji təminatındakı fasilə aradan qaldırılmışdı.

Bəs görəsən, bu cür təhlükəli halların baş verməməsi ilə bağlı hansı addımlar atılmalıdır, əkin sahələrinin kor-koranə, normativ-hüquqi aktlara, qanunvericiliyə riayət olunmadan yandırılması hallarının önlənməsi üçün nələr edilməlidir?

Milli Məclisin (MM) Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimovbildirib ki, bu məsələdə insanlar arasında öncə maarifləndirməyə, təbliğata ciddi ehtiyac var:

“Bilirsiniz, insanlar bəzən məlumatsızlıqdan  və ya qanunlardan bixəbər olduqlarından məsələnin ciddiliyinə bir o qədər də varmırlar. Deyirlər, burada nə var ki?! Əkin sahəsi, torpaq mənimdir, necə istəsəm, o cür də edərəm. İstəyərəm, yandıraram, istəmərəm, yandırmaram...

Yandırsınlar, kim onlara nə deyir ki?! Ancaq son dərəcədə ehtiyatlı və məsuliyyətli olsunlar. Ən azı, nəzərə alsınlar ki, həmin ərazidən yüksək gərginlikli elektrik xətləri keçir və ya keçmir, həmin sahə, ərazi insanların yaşayış məntəqələrinə yaxındır, ya yox, bunun ətrafdakılara ziyanı varmı, yoxmu. Bunlar əvvəlcədən nəzərə alınmalıdır.

Eyni zamanda, ölkənin müharibə vəziyyətində, yağı düşmənlə üz-üzə olması nəzərə alınmalıdır. Kiminsə və kimlərinsə səhlənkarlığı, məsuliyyətsizliyinə görə ölkə bir andaca zülmətə bürünür, bu zaman nələrin yaşana biləcəyi, hansı təxribat əməllərinin baş verəcəyi ehtimalı insanı son dərəcədə rahatsız edir, ciddi şəkildə qayğılandırır. Yəni, bu, həm də dövlət, milli təhlükəsizlik məsələsidir.

Ona görə də insanlarımız, əkin-biçinlə məşğul olan vətəndaşlarımız, iş adamlarımız, fermerlərimiz son dərəcədə həssas, diqqətli və məsuliyyətli olmalıdır. Həm özlərini, həm ətrafdakıları, həm də bütövlükdə ölkənin taleyini düşünməli, vətəndaş mövqeyi sərgiləməlidirlər”. 

Komitə sədri bunun qanunvericiliklə tənzimləndiyini, müəyyən qadağaların, cərimə sanksiyalarının nəzərdə turulduğunu da diqqətə çatdırıb. O, xatırladıb ki,  hələ ötən ilin sonlarında, 2017-ci il dekabrın 15-də parlamentdə torpaq qanunvericiliyinə bəzi dəyişikliklər edilib. Konkret olaraq, “Torpaqların münbitliyi haqqında” qanuna dəyişiklik olunub:

“Həmin qanunun 9-cu maddəsinə edilmiş dəyişikliyə əsasən, əkin yerinin yandırılması qadağan olunur.

Eyni zamanda, İnzibati Xətalar Məcəlləsinə yeni əlavə edilmiş 244-1-ci maddədə isə əkin yerlərinin yandırılmasına görə fiziki şəxslərin 400 manatdan 600 manata, vəzifəli şəxslərin 1500 manatdan 2000 manata, hüquqi şəxslərin isə 5000 manat­dan 6000 manatadək məbləğdə cərimə edilməsi nəzərdə tutulur.

Bununla yanaşı, parlamentin 2018-ci il yaz sessiyasında “Torpaqların münbitliyi haqqında” qanunda və İnzibati Xətalar Məcəlləsində edilən dəyişikliklərlə əlaqədar Torpaq Məcəlləsində də müvafiq düzəliş aparılıb.

Belə ki, Məcəllənin 34-cü maddəsinə edilən dəyişikliyə əsasən, əkin yerinin yandırılması qadağandır.

Özünüz də görürüsünüz ki, bu məsələnin ciddiliyi nəzərə alınaraq, parlament səviyyəsində  ona münasibət bildirilib, ölkə prezidenti tərəfindən bu yöndə həm komitəmizə, həm bütövlükdə parlamentə daxil olan qanun layihələrinə baxılaraq, onlara müsbət münasibət ifadə olunub, onlar müzakirələrdən keçirilərək, qəbul edilib və dövlət başçısı tərəfindən imzalandıqdan sonra hüquqi qüvvəsinə minib.

Odur ki, bu məsələdə kor-koranə və saymazyana münasibət sərgiləyən insanlara qanunun sərt üzü göstərilməli, qəbul edilmiş qanunvericilik aktlarının işləkliyi təmin olunmalıdır. Yəni, bu məsələni kiminsə kefinə buraxmaq, kimlərinsə özlərini qanundan yuxarı görməsinə imkan vermək olmaz.

Qanun qəbul olunubsa, aidiyyəti qurumlar da onun işləkləyini təmin etməlidir. Eyni zamanda, insanlar arasında təbliğat, maarifləndirmə işlərinin aparılması gücləndirilməlidir.

Bu vətən, bu dövlət hamımızındır və hər birimiz öz məsuliyyətimizi sonadək dərk etməliyik”.

Millət vəkili Hüseynbala Mirələmov həm maraarifləndirmə, həm inzibati tədbirlərin, qanunların işləkliyinin təmin edilməsinin paralel şəkildə həyata keçirilməsinin vacibliyini bildirib:

“Bunlar paralel, koordinasiyalı şəkildə aparılmalıdır. İzah edilməlidir ki, əkin sahələrini kor-koranə yandırmaq olmaz, olarsa da, o zaman nələr yaşana və onu edənləri nələr gözləyə bilər.

Eyni zamanda, əksəriyyətimiz rayon, kənd uşaqlarıyıq, rayon, kənd mühitində böyümüşük və görmüşük ki, əkin sahələri məhsul yığımından sonra necə təmizlənib, qalıqlar necə yandırılıb, məhv edilib.

Yəni, o zamanlar bütün əkin-biçin sahələri dövlət mülkiyyətində olduğu üçün bu işi dövlət daha çox öz üzərinə götürüb, insanlar da bu prosesdə yaxından iştirak edib və beləliklə də, heç bir ciddi fəsad yaşanmayıb.

Amma son 25-30 ildə, xüsusilə də, müstəqillik illərində, ölkədə MDB məkanında nümunə sayıla biləcək torpaq islahatlarından sonra torpaqların özəlləşdirilməsinə başlanılıb, dövlətlə yanaşı, həm xüsusi mülkiyyət, həm də bələdiyyə mülkiyyəti formalaşıb. Bu, özü də çox təqdirəlayiq haldır.

Əgər biz azad rəqabət mühitində yaşayırıqsa, dünyaya inteqrasiya yolunu tutmuşuqsa, məhz belə də olmalıdır. Amma bu, heç də o demək deyil ki, biz məsuliyyətsiz olaq, qanunlardan yan keçək, ətrafdakıları nəzərə almayaq. Bu, qəbuledilməz və yolverilməzdir.

Ona görə insanlarımız bu məsələyə çox böyük anlayışla və məsuliyyətlə yanaşmalıdır. Əksəriyyət də məhz belə edir, əsl vətəndaş nümunəsi ortaya qoyur, özünü və ətrafdakıları, bütövlükdə vətənini təhlükə altına atmır. Amma bunu, təəssüf ki, hamıya şamil etmək olmaz. Bu məsələdə məsuliyyətsizlik göstərənlər də az deyil. Odur ki, insanlarımızı bu zərərli və təhlükəli vərdişlərdən, addımlardan çəkindirmək lazımdır”.

Millət vəkili hesab edir ki, lazım gələrsə, yaxın zamanlarda, parlamentin qarşıdan gələn payız sessiyasında bu yöndə qanunvericiliyə yenidən baxılmalı, daha sərtləşdirici maddələr əlavə olunmalıdır.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...