Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Bəhruz Quliyev: “Böyük Ermənistan” xülyası bu ölkəni xəritədən silinmək təhlükəsi ilə üz-üzə qoyub

Ermənistanın uzun illərdən bəri işğalçılıq siyasəti aparması bu ölkənin özünü beynəlxalq aləmdən təcrid etməsi ilə nəticələnib.

Mynews.az-ın məlumatına görə, bunu Trend-ə siyasi ekspert Bəhruz Quliyev Yerevanın mərkəzində, "Respublika meydanı" metro stansiyasında Azərbaycan da daxil olmaqla, Türkiyə, İran və Gürcüstan ərazilərini "böyük Ermənistan"ın ərazisi kimi təqdim edən saxta xəritənin yerləşdirilməsinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, bu gün Azərbaycanın ərazi bütövlüyünə təcavüz etmiş Ermənistanın sonradan işğalçılıq siyasətini qonşu ölkələrə qarşı da yürütməsi ehtimalı daim bu ölkənin gündəmində qalmaqdadır:

“Əbəs deyil ki, Türkiyənin Van və digər əraziləri, eləcə də Gürcüstanın Cavaxetiya, o cümlədən, İranın Ermənistanla sərhədyanı əraziləri “böyük Ermənistan” adlı qondarma xəritədə yer alır. Bütün bunlar belə qənaətə gəlməyə zəmin yaradır ki, Ermənistanda kimin hakimiyyətdə olmasına baxmayaraq, torpaq iddiası, etnik təmizləmə, terrorçuluq və s. bu kimi siyasət ümumdövlət strategiyasına çevrilib”.

B.Quliyev xatırladıb ki, hətta Serj Sarkisyan hakimiyyətdə olduğu vaxt gələcək nəsillərin növbəti müharibələrə hazır olmasının vacibliyi barədə sərsəm fikirlər irəli sürməklə demək istəyirdi ki, Ermənistan Azərbaycanın ərazilərini işğal edib və qarşıda Türkiyə, Gürcüstan və İran kimi dövlətlərin də əraziləri dayanır: “Söz yox ki, Sarkisyan həmin ifadələrində “Böyük Ermənistan” xülyasının reallaşdırılması üçün erməni xalqını işğalçılıq siyasətinə dəstək göstərməyi davam etdirməyə səsləyib”.

Siyasi ekspertin sözlərinə görə, bu kimi utopiyalara dalaraq, Ermənistan bir sıra regional və beynəlxalq iqtisadi və s. layihələrdən kənarda qalıb:

“Əgər bu gün hər hansı bir erməni acından ölürsə, yeməyə çörək tapmırsa, bütün bunların əsas səbəbi kimi məhz işğalçılıq siyasəti nəticəsində ölkənin təcrid olunmuş vəziyyətini göstərə bilərik. Eyni zamanda, bu gün Ermənistan digər qonşu ölkələrdən fərqli olaraq, monoetnik dövlətə çevrilib. Bu ölkədə yaşayan yeganə etnik xalq yezidi kürdlərdir ki, son illər onlar da müxtəlif üsullarla sıxışdırılmağa başlanıb. Onlara qarşı kəskin diskriminasiya siyasəti aparılır və bu xalqın nümayəndələrinin əksər hissəsi Rusiyaya və dünyanın digər ölkələrinə köç edirlər. Onu da qeyd etmək istərdim ki, hələ SSRİ-nin "yenidənqurma illəri"ndə işğalçılıq ambisiyaları ilə çıxış edən ermənilərin siyasi başbilənləri “Ermənistan yalnız ermənilərə məxsusdur” xarakterli şüarlar səsləndirirdilər. Əlbəttə, biz indi Ermənistanda həmin şüarların acınacaqlı nəticələrini görməkdəyik”.

B.Quliyev əlavə edib ki, bu dövlətin apardığı yanlış siyasət nəticədə onun süqutu, məhvi ilə başa çatacaq: “Biz hazırda Ermənistanda cərəyan edən prosesləri müşahidə edirik və görürük ki, hətta hansı yolla olursa-olsun baş vermi. hakimiyyət dəyişikliyi xalqın sosial rifahına müsbət təsir göstərmir. Artıq xalq “inqilab” yolu ilə hakimiyyətə gələn Paşinyan hakimiyyətini də tənqid atəşinə tutur. Bütün bunların məntiqi nəticəsi bilavasitə bu ölkənin özünü təcrid etməsi ilə əlaqələndirilməlidir. Əgər Ermənistan bənzər xülyalarından, utopiyalarından əl çəkməyəcəksə, dünyanın ən güclü iqtisadiyyatçısı belə, bu ölkəni düşdüyü ağır vəziyyətdən, böhrandan çıxara bilməyəcək. Ümumiyyətlə, bu gün Ermənistanın iddia etdiyi “Dənizdən-dənizə böyük Ermənistan” xəritəsi sadəcə kağız üzərində qalacaq bir xülyadır. Reallıqda isə bu ölkə xəritədən silinmək təhlükəsi ilə üz-üzədir”.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...