Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

XİN rəsmisi: Aktau Kommunükesində açıq qalan məsələlər var

Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi ilə bağlı Xəzəryanı ölkələrin dövlət başçılarının imzaladığı Aktau Konvensiyası tarixi bir addım və razılaşma idi. Çünki hələ ötən əsrin 90-cı illərinin ortalarından etibarən belə bir sənədin imzalanması üzərində iş aparılırdı. Yəni, bu işin alınması, baş tutması üçün bütün dövlət rəhbərləri böyük əmək, zəhmət sərf etmişdi. Burada həm də çoxtərəfli danışıqların, diplomatiyanın bir təntənəsini gördük.

Bunu Mynews.az-a açıqlamasında Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Aktau Konvensiyasından  sonra Xəzərlə bağlı hələ də bəzi razılaşdırılmamış məsələlərin qalmasına, xüsusən, “Trans-Xəzər”in gələcək taleyi, hərbi donanmalarla bağlı məsələnin gələcəkdə gərginliklərə səbəb ola biləcəyi məsələsinə münasibətini bildirərkən deyib.

XİN rəsmisi bildirib ki, Xəzəryanı dövlətlərin başçıları Xəzər məsələsində birgə səylərlə kompromis, konsensus ruhlu və qarşılıqlı anlıaşma şəraitində yekun bir sənədi ərsəyə gətirdilər. H.Hacıyevin qeyd etdiyinə görə, hər hansı bir məsələdə dövlətlər arasında fərqli yanaşmaların, fərqli fikirlərin olması normaldır:

“Hətta ailədə iki qardaş, iki dost arasında da bəzən fərqli mövqelər olur və bu, normal qəbul olunur, olunmalıdır. Burada ən əsası, ən vacibi anlaşılmazlıqların aradan qaldırılması, onların nizamlanmasıdır. Bu baxımdan, Xəzər məsələsində bütün Xəzəryanı dövlətlər nümayiş etdirdilər ki, biz sivil qaydada, qarşılıqlı anlaşma şəraitində, konstruktiv bir formada ciddi bir addıma imza atdıq.

Konvensiyada bir sıra məsələlər qeyd olundu və onların üzərində işlər bundan sonra da davam etdiriləcək. Yəni, Aktau Kommunükesində qeyd olunub ki, bir sıra məsələr var ki, onlar üzərində işlər davam etdirilməlidir. Hesab edirik ki, bunlar da normaldır.

Ən vacibi odur ki, Xəzərdə dostluq, əməkdaşlıq, qarşılıqlı anlaşma və etimad mühitini yarada bilmişik və birgə səylərlə bu mühiti daha da möhkəmləndirməli, qorumalı, inkişaf etdirməliyik.

Açıq qalan məsələlərə gəlincə, kommunükedə qeyd olunub ki, xarici işlər nazirlərinin müavinləri və üzv dövlətlərin Xəzər üzrə xüsusi nümayəndələri səviyyəsində bir məşvərətçi və müntəzəm surətdə fəaliyyət göstərən mexanizm yaradılmalıdır.

Həmçinin, görüşlər keçirilərək, açıq qalan məsələlər üzrə müzakirələr davam etdiriləcək. Belə görüşlərdən biri və ilki Azərbaycanda, Bakı şəhərində keçiriləcək. Bu görüşün payız aylarında baş tutmasl nəzərdə tutulur.

Ona görə də bu Konvensiyanın imzalanmasını tarixi bir hadisə kimi qiymətləndiririk və hesab edirik ki, bu, bütün Xəzər ölkələrinin mənafeyinə cavab verən bir məsələdir. Bu, Xəzər dənizində müəyyənliyin, qarşılıqlı etimad mühitinin yaranmasına xidmət etmiş bir məqamdır. Hərbi quruculuq məsələsində tam etimad mühitinin yaranmasına, formalaşmasına gətirib çıxaracaq bir sənəddir”.

XİN sözçüsü bildirib ki, hərbi quruculuq və hərbi dəniz donanmalarının inkişafı prosesində qarşılıqlı etimad tədbirləri formalaşdırması əsas müddəalardandır.

“Yəni, Xəzəryanı dövlətlər öz birgə səyləri ilə qarşılıqlı etimad tədbirlərini formalaşdıracaqlar ki, şəffaflıq daha da artsın və əməkdaşlıq imkanları daha da möhkəmlənsin. Bu, Xəzəryanı dövlətlərin heç bir kənar müdaxilə, heç bir təsir olmadan öz xoş niyyətləri ilə yaratdıqları hüquqi bir rejimdir.

Nəticə etibarilə, bu rejim əsasında Xəzər dənizində sivil, hüquqi davranış kodeksi formalaşır ki,  bu da dövlətlərarası münasibətlərdə çox vacib əhəmiyyət daşıyan bir normadır”, - deyə H.Hacıyev əlavə edib.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...