Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Paşinyan konstruktiv danışıqlara hazır olduğunu göstərməlidir - ŞƏRH

Əgər Ermənistan prezidenti Nikol Paşinyan ona verilən fürsətdən faydalanmasa, ən yaxşı halda hakimiyyətdən gedişi sürətlənəcək.

Ermənilər üçün ən pis variant isə odur ki, 2016-cı ilin aprelindəkindən daha dəhşətli bir reallıqla üzləşəcəklər və nəzərə alsaq ki, indi onların da oğulları Dağlıq Qarabağda hərbi xidmətdədir, ola bilsin, oradan göndərilən “200 saylı yük”lərdən biri də paşinyanların evinə gedəcək.

Mynews.az-ın məlumatına görə, bunu Oxu.Az-a açıqlamasında politoloq, millət vəkili Sahib Alıyev deyib.

Millət vəkili deyib ki, bunların yaşanmaması üçün Paşinyan konstruktiv danışıqlara hazır olduğunu göstərməlidir.

“Ümid edirik ki, Ermənistanın yeni rəhbərliyi Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı konstruktiv mövqe tutacaq, tezliklə bizim torpaqlarımız işğaldan azad olunacaq, Azərbaycanın ərazi bütövlüyü bərpa ediləcək və bölgədə sülh və əməkdaşlıq yaranacaq”.

Bu fikirləri Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) VI Zirvə görüşündə Azərbaycan prezidenti cənab İlham Əliyev səsləndirdi. 

Təbii ki, dövlət başçımız Ermənistanın yeni rəhbərliyinin konstruktiv mövqe tutacağına ümid etdiyini deyərkən heç də bunu Nikol Paşinyan kimi populist və səbatsız bir adama dayanaraq dilə gətirmir.

Fikrimcə, onun bu ümidinin kökündə Ermənistan üzərində böyük və müəyyən qədər təsiri olan iki dövlətin - Rusiya ilə Almaniyanın rəhbərlərinin - Putinlə Merkelin problemin həllində səy göstərəcəkləri haqda vədləri durur.

Düzdür, Soçi görüşündən sonra cənab Putin bu haqda açıqlama verərkən konkretliyə varmadan “Minsk qrupunun həmsədri kimi Rusiya bu münaqişənin sülh yolu ilə nizamlanmasına bütün mümkün köməyi göstərməkdə davam edəcək”, - deməklə kifayətlənmişdi.

Almaniya kansleri isə Bakıda olarkən Dağlıq Qarabağ problemindən danışarkən belə bir açıqlama vermişdi:

“Ermənistanda yeni hökumətin qurulması faktı, bəlkə də, bu sahədə vəziyyətin yaxşılaşdırılmasına, danışıqlara təkan verilməsinə səbəb ola, Almaniya burada iştirak edə bilər”. 

Yəqin ki, bağlı qapılar arxasındakı görüşdə onlar bununla bağlı daha detallı və açıq danışırlar. Azərbaycanın dövlət başçısı məhz həmin danışıqlar zamanı deyilənlərə ümid bəslədiyini vurğulayır.

Və Nikol Paşinyanın özündən çox Angela Merkelə jest edərək, ona öz təbirincə desək, “20 il ərzində Ermənistana rəhbərlik etmiş kriminal rejim”in başında duranlardan fərqli yanaşma sərgiləyə biləcəyini ortaya qoyur.

Ancaq bir şərtlə, yeni hay baş nazir danışıqlara, özü də konstruktiv danışıqlara hazır olduğunu tez bir zamanda göstərsin. Bu isə populistlik yox, məsuliyyətli davranış və fədakarlıq tələb edir. Paşinyan ona verilən bu fürsətdən faydalanmasa, ən yaxşı halda hakimiyyətdən gedişi sürətlənəcək”, - deyə S.Alıyev əlavə edib.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...