Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Prezident Masallıda - YENİLƏNİB + FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 18-də “Masallı - Nemətləri” Məhdud Məsuliyyətli Cəmiyyətin çəltik emalı müəssisəsinin açılışında iştirak edib.

Mynews.az -ın məlumatına görə, Prezident İlham Əliyev müəssisəni işə salıb.

Dövlətimizin başçısı çəltik emalı müəssisəsində yaradılan şəraitlə tanış olub.

Müəssisənin nəzdində hazır məsul anbarı və satış mərkəzi tikilib. Gələcəkdə çəltik saxlanılması üçün xüsusi bunkerlərin tikintisi nəzərdə tutulub. Emal edilən düyünün daxili bazarın tələbatına uyğun olaraq satışı üçün müxtəlif şirkətlərlə danışıqlar aparılıb. Bundan başqa, “Made in Azerbaijan” brendi kimi məhsulun xarici bazarlara çıxışı ilə əlaqədar sənədləşmə işləri davam etdirilir. Burada 15 nəfər daimi işlə təmin edilib. Gələcəkdə müəssisənin gücünün 2 dəfə artırılması və işçilərin sayının 40 nəfərə çatdırılması nəzərdə tutulub.

“Masallı- Nemətləri” MMC-nin çəltik təsərrüfatının ümumi sahəsi isə 60 hektardır. Təsərrüfatda yeni texnologiyaların tətbiqi ilə çəltik əkini sahələrinin hazırlanması bir neçə mərhələdə həyata keçiriləcək. Onların arasında şumun frez və disklə yumşaldılması, ləklərin içinin lazerli qreyderlə hamarlanması, toxumların germetik vannalarda yetişdirilməsi, 48 saat müddətində qapalı yerlərdə saxlanılması, kasetlərə aqreqatla səpilməsi daxildir. Bundan başqa, toxumların xüsusi hazırlanmış şitilxanalarda saxlanılması, şitillərin əkinə hazırlanması və kiçik texnikalar vasitəsilə əkilməsi də həyata keçiriləcək. Burada yeni texnika və metodlardan istifadə etməklə məhsuldarlıq orta hesabla bir hektara 40-50 sentner - əvvəlkindən 2 dəfə çox olacaq. Müəssisə şitiləkən traktorla və digər texnikalarla təchiz edilib.

Ərazidə 400 tonluq anbar da inşa olunub. Cari ildə rayon ərazisində ümumilikdə 301 hektar çəltik sahəsi əkilib. 25 hektar sahə isə Koreya Respublikasından gətirilmiş “Daydon” markalı texnikalar vasitəsilə ən müasir texnologiya əsasında əkilib.

12:07

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev sentyabrın 18-də Masallı Sənaye Məhəlləsinin açılışında iştirak edib.

Mynews.az  xəbər verir ki, iqtisadiyyat naziri Şahin Mustafayev Sənaye Məhəlləsində görülən işlər, həmçinin digər sənaye məhəllələri barədə dövlətimizin başçısına məlumat verib.

Prezident İlham Əliyev Masallı Sənaye Məhəlləsinin rəmzi açılışını bildirən lenti kəsib. Dövlətimizin başçısı Masallı Sənaye Məhəlləsində istehsal korpusları və burada fəaliyyət göstərən müəssisələrlə tanış olub.

Sonra dövlətimizin başçısı Masallı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb. Sonda xatirə şəkli çəkdirilib.

12:07

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev sentyabrın 18-də Masallı rayonuna səfərə gedib.

Mynews.az xəbər verir ki, dövlətimizin başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin Masallı şəhərinin mərkəzindəki abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyub.

Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov abidənin ətrafında və son illərdə rayonda görülən işlər, həyata keçirilən layihələr barədə prezident İlham Əliyevə məlumat verib.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...