Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Azay Quliyev: ATƏT mövcud vəziyyətə adekvat yanaşmır - FOTO

ATƏT Parlament Assambleyasının prezidenti Georgi Seretelinin Qarabağ münaqişə ilə bağlı bəzi təklifləri var və çox güman ki, o təklifləri Bişkekdə müzakirə etmək imkanımız olacaq.

Mynews.az xəbər verir ki, bunu millət vəkili, ATƏT Parlament Assambleyasının (PA) vitse-prezidenti Azay Quliyev deyib.

“Təəssüflər olsun ki, münaqişənin həlli ilə bağlı beynəlxalq təşkilatlar özlərinin qəbul etdiyi prinsiplərə və normalara əməl və hörmət etmirlər. Helsinki prinsipləri əsasında yaranan ATƏT bu prinsiplərin bərqərar olunmasını hələ də təmin edə bilmir.

Biz ATƏT Parlament Assambleyasında bu məsələni dəfələrlə qaldırmışıq”, - deyən A.Quliyevin sözlərinə görə,  ATƏT-in bu məsələdə mövqeyi və yanaşması Azərbaycanı qane etmir.

O qeyd edib ki, ATƏT işğalçı ölkə olan Ermənistanla işğala məruz qalan Azərbaycan arasında bərabərlik işarəsi qoyur, işğalçını öz adı ilə çağırmır, beynəlxalq hüququ heçə sayan ölkəyə qarşı hər hansı bir tədbir görmür:

“Cənab prezident İlham Əliyev sentyabrın 21-də Milli Məclisdə Parlamentin 100 illiyinə həsr olunmuş təntənəli iclasda çıxışı zamanı bu barədə çox açıq və qəti fikrini bir daha ifadə edərək bildirdi ki, beynəlxalq təşkilatlar Azərbaycana, münaqişənin həllinə münasibətdə ikili standartlara və haqsızlığa yol verirlər, işğalçı Ermənistana qarşı hər hansı bir sanksiya tətbiq etmirlər.

Bu yaxınlarda prezident İlham Əliyev ATƏT-in baş katibi Tomas Qrimenqerlə görüşündə bir daha vurğuladı ki, ATƏT Ermənistanın qeyri-konstruktiv mövqeyinə açıq şəkildə münasibət bildirməlidir.

Ermənistanın baş naziri Nikol Paşinyanın danışıqların formatını dəyişmək və separatçıları danışıqlar masasına gətrimək istəyi ATƏT-in Minsk qrupunun həmsədr ölkələri tərəfindən birmənalı şəkildə pislənilməlidir.

Bir sözlə, ATƏT-in özünün yaratdığı danışıqlar formatını kiminsə dəyişmək istəməsi yolverilməzdir. ATƏT bu məsələyə sərt mövqe bildirməyincə, Paşinyan kimi adamlar avantürist mövqeyini davam etdirəcək və öz daxili auditoriyasına və hakimiyyətinin qorunmasına hesablanmış  belə sərsəm bəyanatlardan əl çəkməyəcək.

Ona görə də ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin hazırk  mövqeyi bizi qane etmir,  münaqişənin həlli ilə bağlı yeganə mandata sahib olan ATƏT mövcud vəziyyətə adekvat yanaşmır və bu, bizi narahat edir. Biz öz narahatlığımızı ən yüksək səviyyədə bildirmişik”. 

A.Quliyev bununla kifayətlənilmədiyini sözlərinə əlavə edib:

“ATƏT PA-nın bütün iclaslarında Dağlıq Qarabağ məsələsəni qaldırırıq, haqlı mövqeyimizi diqqətə çatdırırıq, Ermənistanın işğalçı mahiyyətini ifşa edirik və bundan sonra da edəcəyik.

Onu da deyim ki, bu ilin oktyabrın 3-dən 6-na kimi Bişkekdə ATƏT PA-nın payız sessiyası keçiriləcək və sessiya çərçivəsində Azərbaycanın mövqeyini və münaqişə ətrafında yaranmış hazırkı vəziyyətlə əlaqədar narahatçılığını bir daha Assambleya üzvlərinin diqqətinə çatdıracağıq.

Son günlər Yerevanda və Bakıda səfərdə olan ATƏT PA-nın prezidenti Georgi Seretelinin münaqişə ilə bağlı bəzi təklifləri də var və çox güman ki, o təklifləri Bişkekdə müzakirə etmək imkanımız olacaq”.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...