Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Ermənistanın Azərbaycana güzəştə getməkdən savayı yolu yoxdur - RƏY

Rusiya prezidentinin Azərbaycana səfəri haqda bu səfər başa çatdıqdan sonra, sənədlərə, anlaşmalara və hər iki dövlət başçısının verdiyi açıqlamalara əsaslanaraq danışmaq daha düzgün olardı. Amma hazırda geosiyasi paradiqmanın dəyişdiyi, regionda Rusiya, Türkiyə, İran kimi ənənəvi rəqiblərin müvəqqəti də olsa, müttəfiqlərə çevrilməyə başladıqları bir vaxtda Əliyev-Putin görüşlərinin intensivliyi, təbii ki, elə-belə deyil.

Mynews.az-ın məlumatına görə, bunu Oxu.Az-a açıqlamasında politoloq, millət vəkili Sahib Alıyev deyib.

“Bu, səhv etmirəmsə, son üç ayda dövlət başçıları arasındakı dördüncü görüş olur. Və elə bu intensivliyin özü də bir tərəfdən hər iki ölkə arasında əməkdaşlıq əlaqələrinin səviyyəsindən, digər tərəfdən, ölkəmizin önəmindən xəbər verir”, - deyən millət vəkilinin sözlərinə görə, Azərbaycan Rusiyanın regionda nəinki strateji tərəfdaşı, həm də əsl müttəfiqi ola bilər. 

“Ancaq Moskvada da bilməmiş deyillər ki, bunun yolu Dağlıq Qarabağ probleminin həllindən keçir. Dağlıq Qarabağ məsələsində biz heç kimdən, ilk növbədə, Ermənistandan güzəşt istəmirik.

Bizə güzəşt lazım deyil, Ermənistanın işğalçılıq siyasətinə son qoyması, Minsk qrupuna həmsədrlik edənlərin isə özlərinin müəllifi olduqları beynəlxalq normalara əməl etmələri, ikili standarta yol verməmələri lazımdır”, - deyə millət vəkili əlavə edib.

Millət vəkili Tahir Rzayev bildirib ki, Rusiya prezidentinin Azərbaycana gözlənilən növbəti səfəri olduqca mühüm hadisədir:

“Artıq ölkələrimiz, dövlətlərimiz, xalqlarımız və prezidentlərimiz arasında əsl dostluq, tərəfdaşlıq münasibətləri var və bu münasibətlər gündən-günə yüksələn xətt üzrə inkişaf etməkdədir.

Təbii ki, münasibətlərin, əlaqələrin bu səviyyəyə yüksəlməsi ağrılı problemimiz olan Qarabağ münaqişəsinin ədalətli həllində müsbət rol oynaya bilər. Bu yöndə müəyyən gözləntilərimiz var.

Eyni zamanda, münasibətlərin belə bir səviyyəsi Ermənistanı çıxılmaz vəziyyətlə qarşı-qarşıya qoymaqdadır. Yəni, onların artıq manevr etmək, loru dillə desək, aradan çıxmaq imkanları daralmaqdadır. Ermənistan hər bir sahədə Azərbaycana uduzur, özü də müqayisəolunmaz dərəcədə.

Odur ki, onların Azərbaycanla lap indi olmasa da, yaxın illərdə güzəştə, ədalətli sülhə razılaşmaqdan başqa yolları qalmır. Artıq onlardan hər kəs üz döndərir. Destruktivlik, aqressivlik, inadkarlıq göstərmək isə onların durumunu ağırlaşdırmaqdan başqa bir işə yaramır və yaramayacaq da. Bunu nə qədər tez anlasalar və dərk etsələr, özlərinə xeyri olar”. 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...