Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Prezident fərman imzaladı

Prezident İlham Əliyev “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 12 oktyabr tarixli 1273-VQD nömrəli Qanununun tətbiqi və “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 23 fevral tarixli 66 nömrəli fərmanında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

Mynews.az xəbər verir ki, Nazirlər Kabinetinə Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanuna uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etmək tapşırılıb. 

Həmçinin Nazirlər Kabineti özünün normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Prezidentinə məlumat verməli, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlamalı və bunun icrası barədə beş ay müddətində Azərbaycan Prezidentinə məlumat verməli, həmin qanundan irəli gələn digər məsələləri həll etməlidir. 

Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanuna uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat verəcək.

Dəyişikliyə əsasən, fərmana aşağıdakı məzmunda 4.13-cü bənd əlavə edilir:

“4.13. həmin Qanunun 17.5-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Vergilər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Gömrük Komitəsi, Dövlət Təhlükəsizliyi Xidməti və Dövlət Sərhəd Xidməti həyata keçirirlər.”.

Həmçinin qanunun 1.0.4-cü maddəsində “219-1, 226, 227, 277, 278, 279, 280, 282 və 283-1-ci maddələrində nəzərdə tutulmuş əməllərin şəxs və ya qrup (dəstə, təşkilat) tərəfindən hazırlanmasının, təşkil olunmasının və ya törədilməsinin maliyyələşdirilməsi üçün, yaxud göstərilən cinayətlərin törədilməsi məqsədilə şəxsin və ya həmin məqsədlə yaradılan qrupun (dəstənin, təşkilatın) təmin edilməsi” sözləri “219-1, 219-2, 226, 227, 227-1, 270-1, 277, 278, 279, 280, 282 və 283-1-ci maddələrində nəzərdə tutulmuş əməllərin şəxs və ya qrup (dəstə, təşkilat) tərəfindən hazırlanmasının, təşkil olunmasının və ya törədilməsinin, yaxud terrorçunun və ya terrorçu qrupun (dəstənin, təşkilatın) maliyyələşdirilməsi” sözləri ilə əvəz edilir.

Aşağıdakı məzmunda 4.2-ci maddə əlavə edilir:

“4.2. Cinayətkarlarla əlaqəli olan şəxslər monitorinq iştirakçılarında mühüm iştirak payına sahib və ya belə payın benefisiar mülkiyyətçisi ola, habelə monitorinq iştirakçılarında idarəetmə funksiyalarını yerinə yetirə, o cümlədən idarə heyətində, müşahidə şurasında və ya audit komitəsində vəzifə tuta bilməzlər.”.

Bundan başqa, aşağıdakı məzmunda 6.6-cı maddə əlavə edilir:

“6.6. Nəzarət orqanları tərəfindən monitorinq iştirakçıları və monitorinqdə iştirak edən digər şəxslərə münasibətdə cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması, terrorçuluğun maliyyələşdirilməsi riskləri ildə bir dəfə qiymətləndirilir və nəzarət yoxlamaları müəyyən edilmiş risklərə uyğun olaraq aparılır.”.

Aşağıdakı məzmunda 7.4-1-ci maddə əlavə edilir:

“7.4-1. Monitorinq iştirakçıları və monitorinqdə iştirak edən digər şəxslər bu Qanunun 7.3-cü maddəsində nəzərdə tutulan dövlətlərin (ərazilərin) vətəndaşları ilə, qeydiyyat, yaşayış və ya əsas fəaliyyət yeri həmin dövlətdə (ərazidə) olan şəxslərlə işgüzar münasibətlərə və əməliyyatlara, o cümlədən ilkin çıxış və ya təyinat məntəqəsinin həmin dövlətin (ərazinin) olduğu pul vəsaitlərinin istənilən şəxs tərəfindən qəbul olunması və köçürülməsi ilə bağlı əməliyyatlara xüsusi diqqət yetirməli, bu cür əməliyyatların açıq-aşkar iqtisadi və ya qanuni məqsədi olmadıqda onların təyinatını və mahiyyətini aydınlaşdırmalı və bununla əlaqədar yazılı təhlil hesabatı tərtib etməlidirlər. Tələb olunduğu təqdirdə, hesabat qanunla müəyyən edilmiş qaydada maliyyə monitorinqi orqanına, auditora, cinayət təqibini həyata keçirən orqanlara və ya nəzarət orqanlarına təqdim edilməlidir.”.

17.5-ci maddəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilir:

“Maliyyə monitorinqi orqanı aparılmış təhlil nəticəsində həyata keçirilən əməliyyatlarda digər cinayətlərin əlamətlərini müəyyən etdikdə, müvafiq məlumatları istintaq aidiyyəti üzrə cinayət təqibini həyata keçirən müvafiq icra hakimiyyəti orqanlarına və ya prokurorluq orqanlarına göndərir.”.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...