Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Prezident Türkmənistanın vitse-premyerini qəbul etdi

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev oktyabrın 18-də Türkmənistanın Nazirlər Kabineti sədrinin müavini, xarici işlər naziri Rəşid Meredovu qəbul edib.

Mynews.az xəbər verir ki, dövlətimizin başçısı Azərbaycan ilə Türkmənistan arasında əlaqələrin zəngin tarixə malik olduğunu bildirdi və bu gün ikitərəfli münasibətlərimizin bütün sahələri əhatə edərək uğurla inkişaf etdiyini deyib.

Ölkələrimizin ikitərəfli və çoxtərəfli formatda fəal əməkdaşlıq həyata keçirdiyini vurğulayan prezident İlham Əliyev son illər birgə səylər nəticəsində əlaqələrin yeni səviyyəyə yüksəldiyini qeyd edib. Dövlətimizin başçısı Azərbaycan ilə Türkmənistan arasında siyasi sahədə fəal qarşılıqlı fəaliyyətin mövcud olduğunu deyib, ölkələrimizin digər istiqamətlərdə, o cümlədən nəqliyyat, energetika, mədəniyyət sahələrində də əlaqələrinin uğurla inkişaf etdiyini bildirib.

Prezident İlham Əliyev qeyd etdi ki, bütün bunlar bizim uzun əsrlik qardaşlıq əlaqələrimizə əsaslanır və biz münasibətlərimizin gələcəyinə nikbinliklə baxırıq. Dövlətimizin başçısı Azərbaycan ilə Türkmənistan və eləcə də xalqlarımız arasında əlaqələrin bundan sonra da uğurla inkişaf edəcəyinə əminliyini bildirərək Rəşid Meredovun səfərinin qardaşlıq münasibətlərimizin daha da möhkəmləndirilməsi işinə xidmət edəcəyini deyib.

Xoş sözlərə görə minnətdarlığını bildirən Türkmənistanın Nazirlər Kabineti sədrinin müavini, xarici işlər naziri Rəşid Meredov, ilk növbədə, Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədovun salamlarını və ehtiramını dövlətimizin başçısına çatdırıb.

Xarici işlər naziri Rəşid Meredov bildirib ki, Türkmənistan dövlətinin başçısı Prezident İlham Əliyevi Azərbaycanın Dövlət Müstəqilliyi Günü münasibətilə təbrik etmək barədə tapşırıq verib və o, Qurbanqulu Berdiməhəmmədovun təbrik məktubunu dövlətimizin başçısına təqdim edib.

Göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirən prezident İlham Əliyev onun da salamlarını və ən səmimi arzularını Türkmənistan Prezidentinə çatdırmağı xahiş edib. Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycanın və Türkmənistanın dövlət başçıları arasında mövcud olan dostluq əlaqələri ölkələrimizin münasibətlərinin inkişafında mühüm amildir.

Görüşdə əməkdaşlığımızın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...