Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

BMT: "Azərbaycanda valideynlərin oğul övladına sahib olmaq istəyi çox xoşagəlməz nəticələrə gətirib çıxara bilər"

Azərbaycanda valideynlərin mütləq şəkildə oğul övladına sahib olmaq istəyi gələcəkdə əhalinin ümumi strukturu və dinamikası baxımından çox xoşagəlməz nəticələrə gətirib çıxara bilər.

Mynews.az Trend-ə istinadən xəbər verir ki, bunu "Azərbaycanda gender əsaslı cinsi seçimin (GƏCS) qarşısının alınması və aidiyyəti cavab tədbirlərinin görülməsinə dair Milli Fəaliyyət Planının" layihə sənədinin təqdimatında çıxış edən BMT-nin Əhali Fondunun baş müşaviri Fərid Babayev deyib.

Onun sözlərinə görə, uşaqların cinsinə görə seçimi problemi Fondu çox narahat edir.

F.Babayev əlavə edib ki, əvvəllər yalnız Cənub-Şərqi Asiyada müşahidə edilən bu fenomen artıq ölkəmiz də daxil olmaqla bütün Cənubi Qafqaz və Şərqi Avropanın bir sıra ölkələrində də özünü biruzə verməkdədir: "Mövzu üzrə keçirilmiş tədqiqatlar göstərir ki, ailə vahidinin sosial-iqtisadi vəziyyətindən asılı olmayaraq, mövcud patriarxal münasibətlər sistemi, dölün cinsini təyin etməyə imkan yaradan müasir texnologiyalar valideynləri mütləq şəkildə oğul övladına sahib olmağa vadar edir. Bu fenomenlə bağlı aparılmış ən son araşdırmalar zamanı əldə edilmiş məlumatlar göstərir ki, bu vəziyyət gələcəkdə əhalinin ümumi strukturu və dinamikası baxımından çox xoşagəlməz nəticələrə gətirib çıxara bilər".

F.Babayev qeyd edib ki, kişilərin sayının həddən artıq çoxalması onların ailə qurmaq üçün partnyor tapa bilməməsi, eyni zamanda ölkədə zorakı davranış hallarının geniş yayılması nəticəsində ümumi kriminogen durumun daha da ağırlaşması, gəlinqaçırma, erkən nikah, insan alveri və s. bu kimi bir sıra mənfi hallarla sıx şəkildə əlaqəlidir: "Ümid edirik ki, birgə səylərimiz nəticəsində bu gün müzakirəyə çıxardığımız Milli Fəaliyyət Planının qəbulu və uğurlu icrasına nail ola biləcəyik və beləliklə də ölkəmizi "çatışmayan qızlar" fenomeninin yayıldığı ölkələrin siyahısından çıxararaq Cənubi Koreyadan sonra ikinci "uğur hekayəsi"ni yazmağa müvəffəq olacağıq".

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...