Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

ATƏT sədrinin xüsusi nümayəndəsi Bakıda

Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədov ATƏT-in fəaliyyətdə olan sədrinin Cənubi Qafqaz regionu üzrə yeni təyin edilmiş xüsusi nümayəndəsi səfir Rudolf Mihalkanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Mynews.az xəbər verir ki, görüşdə Azərbaycan ilə ATƏT arasında əməkdaşlıq məsələlərinə dair müzakirələr aparılıb. Milli Məclisin sədri Oqtay Əsədov Azərbaycanın nüfuzlu beynəlxalq təşkilatlarla, o cümlədən ATƏT ilə əlaqələrin inkişafına önəm verdiyini qeyd edib. O, ümidvar olduğunu bildirib ki, ATƏT-in fəaliyyətdə olan sədrinin Cənubi Qafqaz regionu üzrə yeni təyin edilmiş xüsusi nümayəndəsi əməkdaşlığın dərinləşməsi üçün səylə çalışacaq.

Görüşdə qeyd edilib ki, dinamik inkişaf edən Azərbaycan bu gün regional və qlobal layihələrin reallaşmasında fəal iştirak edir. Ölkəmizin iştirakçısı olduğu və İpək Yolunun mühüm hissəsini təşkil edən Şərq-Qərb, o cümlədən Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin və nəqliyyat marşrutlarının inkişafı üçün əməli addımlar atılır.

Parlamentin sədri Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə də ətraflı məlumat verib. O deyib: “Təəssüflər olsun ki, münaqişənin həlli üçün danışıqların getdiyi 25 ildən artıq müddətdə ATƏT-in Minsk qrupu ortaya normal bir sənəd çıxara, normal bir yol göstərə bilməyib. Minsk qrupu münaqişənin həlli istiqamətində səylərini artırmalıdır”.

Yeni təyinatından məmnunluğunu bildirən səfir Rudolf Mihalka region, Azərbaycan haqqında, mövcud münaqişələr barədə kifayət qədər məlumatlı olduğunu deyib. “Çalışacağam ki, mövcud münaqişələrin həllində ATƏT öz səylərini artırsın. ATƏT münaqişənin sülh yolu ilə həll olunması prosesini dəstəkləyir”, - deyə o əlavə edib.

Görüşdə Azərbaycanın nüfuzlu beynəlxalq təşkilatlarla, o cümlədən ATƏT ilə əlaqələrinin genişləndirilməsinin əhəmiyyəti vurğulanıb.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...