Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Bəhruz Quliyev: “Con Boltonun fikirləri ABŞ-Azərbaycan münasibətlərinin inkişafının təzahürüdür”

“Birləşmiş Ştatların Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun Azərbaycana səfəri ilə bağlı "Tvitter" hesabında müsbət fikirlərini bölüşməsi, xüsusilə, Prezident İlham Əliyevlə görüşü əsnasında dövlətimizin başçısına təşəkkürlərini ünvanlaması, ümumiyyətlə, bu səfərin təəssüratları barədə irəli sürdüyü xoş fikirlər ABŞ-ın və Avropanın ölkəmizə münasibəti çərçivəsində qiymətləndirilə bilər”. Mynews.az xəbər verir ki, bunu Trend-ə siyasi analitik, “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev sözügedən mövzuya münasibətini açıqlayarkən deyib.

Onun sözlərinə görə, əbəs deyil ki, ABŞ Prezidentinin müşaviri Azərbaycanla əlaqələri onlar üçün yüksək prioritet olaraq dəyərləndirib və ölkəmizin əsas tərəfdaşı olduğunu vurğulayıb: “Söz yox ki, bu amil Azərbaycanın istər bölgədə, istərsə də beynəlxalq aləmdəki siyasi, iqtisadi və digər sahələri əhatə edən nüfuzunun göstəricisidir. İstər qlobal iqtisadi layihələrin həyata keçirilməsində, istər regionun təhlükəsizliyində, istərsə də digər məsələlərdə ABŞ-Azərbaycan münasibətləri hər zaman prioritetlik təşkil edib. Qarşılıqlı münasibətlər fonunda gerçəkləşdirilən məsləhətləşmələr, müxtəlif faktorlar əsasında diplomatik mübadilələrin həyata keçirilməsi bu fikirləri kifayət qədər sübuta yetirir”.

Siyasi analitikin fikrincə, C.Bolton bütövlükdə Azərbaycanla qurulmuş əlaqələri postsovet məkanında ən münbit münasibət kimi gördüyünü gizlətmir və bu kontekstdən çıxış edərkən, enerji təhlükəsizliyinin təminatı, beynəlxalq terrorizmlə mübarizə kimi məsələlər öz öncüllüyünü qoruyub saxlamış olur: “Əlbəttə, bütün bunlar ölkəmizin regiondakı nüfuzunu daha da artırır, qarşıda dayanan müəyyən məsələlərin həyata keçirilməsinə stimul verir. Bu, bir daha Azərbaycanın dünyadakı reytinqinin nə qədər yüksəkdə olduğunu göstərir. Çünki biz dəfələrlə müxtəlif beynəlxalq təşkilatların keçirdikləri və demək olar ki, bütün sahələri əhatə edən sorğularının statistik nəticələrindən də bu reallıqları görmüşük, bu gün də görməkdə davam edirik”.

“Səs” qəzetinin baş redaktoru digər bir amilə də toxunaraq bildirib ki, C.Boltonun Azərbaycana səfəri öncəsi bir sıra qərəzli və məqsədləri bəlli olan təşkilatlar onun qarşısında “tələb” qoydular ki, Bakıda insan hüquq və azadlıqlarının “pozulması” ətrafında fikirlərlə çıxışlar etsin. Lakin o, bu kimi lazımsız və sübuta yetirilməyən “tələbləri” ümumiyyətlə nəzərə almadı: “Çünki cənab Bolton Azərbaycanda aparılan bütün sahələrdəki islahatları, o cümlədən, demokratikləşmə prosesinin nə qədər yüksək səviyyədə mövcud olduğunu yaxşı bilir. Bu çərçivədən çıxış etsək, biz Con Boltonun ümumiyyətlə, sözdə müxalifət kimi adlandırılan “liderlərlə” görüşmək marağında olmadığını gördük. Belə ki, bu gün ABŞ dövlət rəsmisinin bu addımı Qərbin belə müxalifətə maraq göstərməməsi anlamını daşıyır. Yəni Qərb dırnaqarası müxalifətlə deyil, gerçək işlər aparan Azərbaycan iqtidarı ilə davamlı iş birliyinə marağını nümayiş etdirir”.

B.Quliyev son olaraq bildirib ki, bütövlükdə, C.Boltonun açıqlamaları, bəyanatları, eləcə də sosial şəbəkədə bölüşdüyü fikirlər ABŞ-ın hakim dairələrinin Azərbaycana münasibətdə ölkəmizə demokratiyanı ixrac etmək, bu istiqamətdə tövsiyələr vermək görüntüsünü deyil, əksinə, beynəlxalq əlaqələrin möhkəmləndirilməsinə, qarşılıqlı hörmətə və hüquqa dəyər verməsi gerçəkliyini əks etdirir: "Daha dəqiq desək, bu amillər ABŞ-ın Azərbaycanla münasibətləri fonunda bu ölkənin siyasi baxışlarının daha mütərəqqi əsaslara söykəndiyini bariz şəkildə göstərir. Beləliklə, Con Boltonun fikirləri ABŞ-Azərbaycan münasibətlərinin inkişafının təzahürü olaraq dəyərləndirilə bilər”.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...