Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Yaxın adamının xəyanətinə məruz qalan özünə siyasətçi deyə bilərmi?

Siyasətdə ən önəmli məqam bir siyasətçinin ətrafına ona sadiq olan, sədaqətini əsla sorğulamayacağı, ya da sorğulamağı hətta ağlının yaxınına belə buraxmayacağı insanları toplamaq, toplaya bilməsidir heç şübhəsiz. Lider o şəxsə deyirlər ki, yaxın çevrəsindəki siyasilərin keçmişini, bu gününü və sabahını sorğulamadığı, ya da sorğulamağı ağlının ucundan keçirmədiyi kimi gərək kimsə də onun keçmişini, xüsusən də siyasi keçmişini sorğulamasın, yaxud da sorğulamağı ağlının ucundan keçirməsin.

Bir zamanlar özü lideri hesab etdiyi şəxsə qarşı xəyanət edən, nəzarətində olan media orqanları vasitəsi ilə öz liderini təhqir etdirən, vəfat etdiyi gün haqqında hətta daha da irəli gedərək hərzə və hədyan yazdıran Əli Kərimli düşünürəm ki, sədaqətdən danışmalı və ətrafında sadiq axtarmalı olan sonuncu insandır. Şübhəsiz ki, bu dünyada Ilahi ədalət adlanan bir qavram var və bu qavram bu günlərdə Fuad Qəhrəmanlının yayılan səs yazısı vasitəsi ilə Əli Kərimliyə bir daha sübut olundu.

Sübut olundu ki, necə o, mərhum Əbülfəz Elçibəyə xəyanət edibsə, eləcə də ona rahatlıqla xəyanət edə bilərlər.

Sübut olundu ki, necə o, mərhum Əbülfəz Elçibəyin kürəyindən vurmuşdusa, eləcə də onu ən yaxınları kürəyindən vura bilər.

Sübut olundu ki, necə o, zamanında partiyanın rəhbərliyinə gəlmək məqsədi ilə müəyyən xaricidəki antimilli ünsürlərlə əməkdaşlıq edirdisə, indi də Fuad Qəhrəmanlı eləcə xaricdəki müəyyən antimilli dairələrlə əməkdaşlıq edir və Azərbaycandakı Əli Kərimli dönəmini bitirməyə cəhd göstərir.

Bu İlahi ədalət həm də dünyanın dəmir və taxta qapılardan ibarət olmadığını Əli Kərimliyə xatırlatdı.

Xatırlatdı ki, partiya daxilində yeniləşmənin qarşısını almaq məqsədi ilə illərdir heç etdiyiniz Azərbaycan gəncinin həm özlərinin, həm də analarının ahı yerdə qalası deyil.

Xatırlatdı ki, evini, eşiyini, varını, yoxunu satdırıb xaricə siyasi sığınacaq almaq üçün göndərdiyiniz, kamplarda əsir-yesir, ortada qalan xalqımızın övladları hər gün sizin üçün dua edirlər. Hər halda bu duaların xoş niyyətli olmadığını özünüz də çox yaxşı bilirsiniz, Əli bəy!

Düzdür, Fuad Qəhrəmanlı həmin səs yazısında iqtidara işlədiyini deyir, AXCP sədri Əli Kərimlidən isə sadəcə öz məqsədləri üçün istifadə etməyə çalışdığını vurğulayır, amma fikrimcə, F. Qəhrəmanlının əsl məqsədi siyasi ambissiyalarını realizə etməkdir və o, sizə əksər partiyadaşlarının baxdığı kimi yolunun üstündə dığırlanıb qalmış içi boş kötük kimi baxır.

Çünki Azərbaycan siyasətində artıq sizə yer yoxdur, Əli bəy! Dövr dəyişib, ətrafınıza, dünyaya baxın, zəhmət olmasa! Psixoloji travmalarla dolu bir cəmiyyət istəmir bu ölkə. Tam tərsi bu ölkə Suriya olmadan, Liviya olmadan, Misir olmadan rahat yaşamaq istəyir. Bu ölkə milli maraqları uğrunda iqtidarı ilə müxalifətini bir arada görmək istəyir. Qarşıdurma, xaos və anarxiya görmək istəmir.
Məncə, bir mövcud vəziyyəti dəyərləndirin və düşünün. Yaxın ətrafının xəyanətinə məruz qalan özünə deyə siyasətçi deyə bilərmi sizcə?

Oktay Hacımusalı

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...