Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

"Prezidentin addımı korrupsiyaya qarşı daha ciddi mübarizə aparılacağına bir işarədir” - ÖZƏL-AÇIQLAMA

"Ümumiyyətlə, bu gün hansısa dövlət özündə islahatları aparıb dünya ilə ayaqlaşa bilmirsə, o istər-istəməz məhvə məhkumdur. Azərbaycanda isə bu proses daima getməkdədir, kompleks islahatların yeni mərhələsi isə cənab Prezident İlham Əliyev tərəfindən 2018-ci ilin prezident seçkilərindən sonra başladı. Ölkə başçısı növbəti dəfə Prezident seçildikdən dərhal sonra həm islahatların anonsunu verdi, həm də praktiki addımlarını atdı". Bu fikirləri SİA-ya açıqlamasında "Resurs" Analitik İnformasiya Mərkəzinin rəhbəri, siyasi ekspert Rasim Quliyev deyib.

Mərkəz rəhbərinin sözlərinə görə, kompleks islahatlar həm struktur islahatlarıdır, həm də kadr islahatlarıdır: "Burada əsas məsələ düşüncəni, kadrları və strukturu modernləşdirməkdən gedir. Hazırda dünyada mövcud olan koronovirus (COVİD-19) pandemiyası dövründə də göründü ki, cənab Prezident necə vaxtında həm struktur, həm də kadr islahatlarını həyata keçirdi. Məhz bunun nəticəsində Azərbaycanda Nazirlər Kabineti yanında yaradılmış Operativ Qərargah birbaşa ölkə başçısının tələbi və rəhbərliyi ilə bu gün dünyada baş verən pandemiyaya qarşı mübarizədə çox çevik, operativ proqram həyata keçirdi. Artıq nəticə göz önündədir. Azərbaycan bir çox super dövlətlərdən daha tez bu epidemiyanın qarşısını aldı. Bunun özü bir növ həmin islahatların tərkib hissəsidir.
İkincisi, kadr islahatlarından danışarkən biz görürük ki, bu gün icra sistemi daha çox göz önündədir. Çünki yerli icra strukturları birbaşa vətəndaşlarla, insanlarla ünsiyyətdə olur və fəaliyyət göstərir. Məhz buna görə də icra sistemində səhvlər olduğu halda daha tez üzə çıxır. Maraqlı cəhət odur ki, cənab Prezident son dövrlərdə həm yeni təyin etdiyi kadrlara bu məsələlərlə bağlı xəbərdarlıq edib və töhmət verib, həm də korrupsiya halı varsa uzun müddət fəaliyyət göstərmiş icra başçısına qarşı da əməliyyat həyata keçirilib və cinayət işi açılıb. Bunun özü bir daha göstərir ki, ölkə başçısı tərəfindən necə ki, struktur, kadr islahatlarının həyata keçirilməsində dönməz proses inkişaf edib, eyni zamanda da korrupsiyaya qarşı mübarizədə də elan etdiyi kimi proses qətidir, dönməzdir və əsla geriyə yol yoxdur. Bu addımlar göstərir ki, ölkə başçısının heç kimə güzəştə getmək fikri yoxdur.

Nüansa çıxaraq demək istərdim ki, mənim elmi işimin də mövzusuda budur ki, müasir hüquqi dövlət quruculuğu təkcə ali və ən müasir hümanist qanunların nəzəri cəhətdən yazılışı və qanunların qəbulu ilə deyil, əksinə bu qanunları həyata tətbiq edən, bu qanunlara riayət edən, bu qanunların subyekti olan insanların düşüncəsində, təfəkküründə gərək ali hisslər olsun. Ən müasir qanunlarla bərabər həmçinin o qanunların icraçısı, iştirakçısı olan Azərbaycan vətəndaşları da gərək o qanunlar kimi yüksək şüur, düşüncə, inkişaf baxımından həmin qanunlara cavab verən səviyyədə müasirləşsin. Bir sözlə, inkişaf təkcə qanunlarda deyil, həm də şüurlardadır. Bu iki faktor mütənasib olmalıdır.

Azərbaycan Prezidentinin struktur, kadr islahatları ilə bağlı elan etdiyi kurs dönməz olduğunu sübut edir. Bu günlərdə Azərbaycan Respublikasının Baş Prokuror vəzifəsinə Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəhbərinin təyinatı da həmin kursun dönməz olduğunu bir daha sübut edir və həmçinin korrupsiyaya qarşı mübarizədə daha da yüksək nəticələr əldə olunacağına və mübarizə aparılacağına bir işarədir".

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...