Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Aprel döyüşləri qəhrəmanından şok açıqlama - "Düşmən qaçdığına görə öz 15 əsgərini güllələmişdi" - FOTO

"Biz artıq neçə il idi ki, ötən ilin aprelində olan anı gözləyirdik. Ali Baş Komandanımız, cənab prezident İlham Əliyev uzun illərdir ki, bu problemi sülh yolu ilə həll etməyə, torpaqlarımızı geri qaytarmağa çalışır. Lakin düşmən aprel ayında elə fikirləşdi ki, ordumuz gücsüzdür, biz o tikanlı məftilləri aşa bilmərik. Həmin günlərdə bizə məlumat sızdı ki, düşmən tanklarla və piyadalarla hücuma keçir. Biz bu məlumatı əldə etdik və aprelin 2-nə keçən gecə onların kəşfiyyat-diversiya qruplarının qarşısını aldıq".

Mynews.az xəbər verir ki, bunu 2016-cı ilin aprel hadisələri zamanı Talış-Madagiz istiqamətindəki döyüşlərdə iştirak edərək yaralanmış Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı Eldəniz Sadıqov deyib.

Onun sözlərinə görə, ermənilər Azərbaycan əsgərindən belə döyüş ruhu gözləmirmişlər: "Düşmən durduğu yeri, ön mövqelərini qoyub qaçdı. Biz gözümüzlə onu gördük. Ermənilər bütün silah-sursatını atıb qaçmışdı. Hətta düşmən qaçdığına görə öz 15 əsgərini güllələmişdi. Bundan fərqli olaraq bizim polislər isə rayonda, kəndlərdə durub mülki şəxsləri saxlayırdı ki, camaat, mülki şəxslər bizə köməyə gəlməsin. Çünki ordumuz öz işini kifayət qədər görürdü. Bu əhval-ruhiyyə xalqla ordu arasında birliyi göstərdi. Amma düşməndə bu yox idi, çünki yaxşı anlayır ki, yad torpaqdadır. Onlar yaxşı başa düşürlər ki, Azərbaycan ordusu gec-tez bu torpaqları işğaldan azad edəcək. Ona görə də düşmən indinin özündə də qorxu içində yaşayır. Düşmən cəbhəboyu hər yerdə ön xətdə dura bilmir. Çünki onların şəxsi heyəti o qədər deyil ki, bütün mövqeləri qoruya bilsin.

Mən aprel döyüşlərində əsgərlərimizin, zabitlərimizin döyüş ruhunu gördüm. Bizim əsgərimiz həqiqətən döyüşməyi bacarır. Bizim bir əsgər yaralanmışdı, amma həkimə yalvarıb deyirdi ki, heç bir yaram yoxdur, buraxın gedim döyüşə, məni döyüşə qaytarın".

Polkovnik-leytenantın fikrincə, əgər ermənilər tərəfindən bir daha belə hal təkrar olunarsa, onlar buna tab gətirə bilməyəcəklər: "Bölmələrimiz düşmənin bütün canlı qüvvəsinin, texnikasının, artilleriyasının yerini anında müəyyən edib vaxtında susdurdular. Onların texnikası hamısı gözümüzün qabağındaca partlayıb yanırdı. Həqiqətən də düşmən bundan ciddi qorxuya düşmüşdü. Əgər döyüş dayandırılmasaydı, inanıram ermənilər bizə dözməyəcəkdi. Biz o psixoloji baryeri qırdıq. Onlar elə başa düşürdü ki, bizdə döyüş ruhu, güc yoxdur. Amma ermənilərin generalları da etiraf etdi ki, azərbaycanlılar onlardan güclü idi. Əslində onlar heç kimdir. Təkbətək müharibə olsa, ermənilər bir gün də səngərdə dura bilməzlər. Sadəcə arxasında böyük dövlətlər durub, onları idarə edir. Amma ermənilər də gec-tez bunu başa düşəcək və özləri çıxıb gedəcəklər".

E.Sadıqov necə yaralandığını belə xatırlayır: "Biz düşmənin hücumunu dəf etdik. Ermənilərin kəşfiyyat-diversiya qrupunun qarşısını aldıq. Onların ön mövqeyi var idi. O mövqeyi biz düşmənin əlindən alıb özümüzə qaytardıq. Lakin ora gedən yol minalanmışdı. Elə ərazilər var ki, orada minaları aşkar etmək mümkün deyil. Həmin yerlərdən birinə baxış keçirərkən minaya düşdüm, ayaqlarımdan yaralandım. Amma biz yenə də həyatdayıq və dövlətimizə, vətənimizə xidmətimizi davam etdiririk".

Hərbçinin fikrincə, ordumuzun geri qaytardıqları yüksəkliklər strateji xarakter daşıyır: "Tap-Qaraqoyunlu kəndi daim düşmənin hədəfində idi. Onlar yüksəklikdən böyük bir ərazini nəzarətdə saxlayırdı, əsasən də mülki şəxsləri rahat yaşamağa qoymurdu. Düşmən bizim kimi deyil, onlar dinc əhalini də vururdu, təsərrüfatla məşğul olmağa qoymurdu. Amma biz o yüksəklikləri geri qaytardıq. İndi Madagiz-Talış istiqaməti bizim nəzarətimizdədir. Əgər düşmən çaşıb yenidən hücuma keçmək istəsə, onlara apreldəkindən da pis anlar yaşadarıq. Aldığımız yeri indi bizimkilər mənim adıma "Eldəniz postu" adlandırıblar. Ermənilər bir ay əvvəl orda yenə basqın edib təxribat törətmək istəyiblər, lakin böyük itkilərə məruz qalaraq geri çəkiliblər. Bu da məni çox sevindirir. Ön xətdə duran bütün zabit, gizir, əsgərlərimizə güc və uğurlar diləyirəm. Onlar olmasa, biz heç birimiz burda sakit otura bilmərik".

İndi qazimizin bircə arzusu var: "Arzum budur ki, şəhidlərimizin qanının yerdə qalmaması üçün Şuşanı düşməndən azad edək və bayrağımızı da orada sancaq. Baxmayaraq ki, qaziyik, sağlamlığımızı itirmişik, biz də bu döyüşlərdə iştirak etməyə hazırıq. Biz artıq dövlətin özümüzə qarşı olan qayğısını gördük. İstər Ali Baş komandan olsun, istərsə də cənab nazir olsun, bizi daim nəzərində saxlayırlar. Bu gün bizlə maraqlanmaları, hər bir problemimizin həll olunması digər gənclərdə vətənpərvərlik hissini daha da yüksəldir. Ona görə də bu diqqət və qayğıya görə cənab prezidentə, Ali Baş Komandanımıza və nazirimizə təşəkkür edirəm!"

Aprel döyüşləri qəhrəmanından şok açıqlama -

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...